İstanbulun nüfuzlu Bahçeşehir Universiteti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın milli musiqi aləti olan tarın tədrisinə başlayır. Bu məqsədlə universitetdə tar bölməsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, layihə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Bahçeşehir Universiteti arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Universitetin tar bölməsində Azərbaycan milli musiqisi, musiqi tariximiz, Azərbaycan xalq musiqisinin əsasları, instrumental muğam ifaçılığı, Azərbaycan musiqisinin müxtəlif simli və nəfəs alətlərində ifa texnikasının tədrisi planlaşdırılır. Tar dərsləri Ankara Qazi Universitetinin doktorantı, Türkiyədə fəaliyyət göstərən “Azərbaycan rüzgarı” muğam üçlüyünün üzvü, peşəkar tar ifaçısı Pərviz Musayev tərəfindən keçiriləcək.
Sözügedən bölmənin Azərbaycanın aidiyyatı tədris ocaqları ilə əlaqələr qurması, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə il ərzində tar sahəsi üzrə tanınmış mütəxəsislərin iştirakı ilə ustad dərslərinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl Bahçeşehir Universiteti Konservatoriyasının Pera səhnəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Azərbaycan rüzgarı” qrupu tərəfindən milli musiqi alətimizin olan tarın təqdimatı keçilirib.