Qarabağın bərpa layihələri xaricdə böyük maraq doğurub

post-img

500-dən artıq əcnəbi şirkət bölgəyə gəlmək istəyir

 

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən dərhal sonra vətəndaşlarımızın doğma yurdlarına qayıdıb təhlükəsiz yaşamaları üçün geniş bərpa-quruculuq işlərinə başlanıldı. Ötən müddətdə Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində Qarabağ və Şərqi Zəngəzurda saysız-hesabsız layihələr həyata keçirilib. 

Ölkə Prezidenti İlham Əliyev işğal­dan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrast­ruktur obyektlərinin təməlini qoyur. Bir sözlə, mənfur düşmənin vaxtilə viran qoyduğu torpaqlarımızda həyat canla­nır, qədim və əzəli yurd yerlərimiz ta­mamilə yenidən qurulur.

Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçi­rilən bərpa-quruculuq işlərindən məm­nunluğunu ifadə edən dövlətimin baş­çısı İlham Əliyev deyib: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Qara­bağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”.

Qarabağ və Şərqi Zəngəzurda bər­pa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərc­lənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizdən çoxu xərclənib. Bü­tövlükdə isə, nəzərdə tutulmuş investi­siya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard mana­ta qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulma­sı ilə bağlı işlərin sürətlə həyata keçiril­məsinə dəlalət edir. 

Hazırda işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində məqsəd­yönlü işlər reallaşdırılır. Artıq bu əra­zilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqinə başlanılıb. Yeri gəlmişkən, hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye park­larında sahibkarlar dövlət hesabına zəruri infrastrukturla təmin edilir. Belə ki, buradakı rezidentlər 10 il ərzində mənfəət, əmlak, torpaq və sadələşdi­rilmiş vergidən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilib. 

Geniş bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi yurd yerlərimizin iqtisadi potensialını tam hərəkətə gətir­mək üçün aqrar sahənin dirçəldilməsi istiqamətində də genişmiqyaslı tədbir­lər reallaşdırılır. Bu baxımdan regionda yeni aqropakların yaradılması diqqət çəkir. Xatırladaq ki, bu qəbildən olan ilk layihənin təməli iki il öncə Azərbay­can və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda yerli və türk investorların tərəfindən həyata keçirilən “Dost Aqropark”ında işlər da­vam etdirilir. Bütövlükdə isə, işğaldan azad olunmuş ərazilərdə tikinti-quru­culuq işləri ilə yanaşı, kənd təsərrüfatı, toxuculuq sənayesi, heyvandarlıq və arıçılığın inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. 

Bütün bunların nəticəsidir ki, Qa­rabağ və Şərqi Zəngəzurda iş gör­mək, bu ərazilərə investisiya qoymaq istəyən yerli və əcnəbi şirkətlərin sayı getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarımızda 2 min 157 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Bu­nun da hesabına 797 yeni iş yeri açılıb. Ötən il Qarabağ və Şərqi Zəngəzurda 101 yeni müəssisə və təşkilat fəaliy­yətə başlayıb. 

Bütövlükdə isə, indiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 1500-dən çox şirkət müraciət edib. Bunun da 500-dən çoxu xarici şirkətlərdir. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamət­li iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. Bu­nun nəticəsidir ki, ötən müddətdə Tür­kiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qazaxıstan, Özbə­kistan, Macarıstan, Slovakiya və digər ölkələrdən olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymaq istəklərini ifadə ediblər. 

Azərbaycanın işğaldan azad edil­miş ərazilərinin bərpaolunan enerji potensialı da olduqca yüksək qiy­mətləndirilir. Mütəxəssislər regionun “yaşıl enerji” potensialını, təxminən, 4 min 500 meqavat həcmində qiymət­ləndirirlər. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Artıq bu istiqamətdə konkret razılaşmalar əldə edilib, ortada real la­yihələr var. Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətlərinin regionun “yaşıl” potensialı­nın hərəkətə gətirilməsi ilə bağlı ölkə­mizlə fəal əməkdaşlığı bu baxımdan diqqət çəkir. 

Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan bərpa-qu­ruculuq işlərində İsrail şirkətlərinin də fəal iştirakı gözlənilir. Xatırladaq ki, bu ölkənin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad edilmiş bölgələrə səfər­ləri zamanı İsrail–Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyində Qaraba­ğın xüsusi yeri olduğunu bildirib. 

Bu yaxınlarda isə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsrail Knessetində Azər­baycan–İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşündə bu ölkənin şirkətlərinin işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edil­məsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini deyib ki, geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlı­ğının inkişafı üçün birgə işlər davam et­diriləcək. Azərbaycanla İsrailin müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərdiklərini vurğulayan E.Əliyev yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin münasibətlərin in­kişafında önəmli rol oynadığın bildirib. Qeyd olunub ki, Azərbaycan–İsrail Bir­gə Hökumətlərarası Komissiyanın bu ilin aprelində Bakıda keçirilmiş 3-cü ic­lası tərəfdaşlığın inkişafı üçün mühüm platformadır. 

İsrail Knessetində Azərbaycan–İs­rail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbay­canla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən la­yihələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərinin bərpasında iştira­ka marağını ifadə edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb. 

Yeri gəlmişkən, Azərbaycanla İsrail arasında iqtisadi-ticarət əməkdaşlığı getdikcə genişlənir. Ötən il İsraillə ti­carət dövriyyəsi 85 faizdən çox artıb. Hazırda İsrail şirkətləri ilə birgə inves­tisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat