“Haber Global” telekanalı: Yekaterinburqda baş verənlər təsadüfdür, yoxsa Rusiyanın şovinizm siyasətinin tərkib hissəsidir?

post-img

Yekaterinburqda iki azərbaycanlının qətlə yetirilməsi, bir neçə nəfərin isə yaralanması ilə nəticələnən zorakılıq faktı bəşəriyyətə qarşı açıq cinayətdir. Rusiyanın Sverdlovsk vilayətində baş verənlər, şübhəsiz ki, adi bir insident deyil və buna hüquqi qiymət verilməlidir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin reaksiyasında da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin “Haber Global” kanalının aparıcısı Dilara Sayan səsləndirib.

O, telekanalın milyonlarla tamaşaçı auditoriyasına Rusiyada əcnəbilərin, o cümlədən azərbaycanlı və digər diaspor üzvlərinin kütləvi saxlanılması, onlara qarşı təzyiq və diskriminasiya faktlarını xatırladıb.

“Rusiyada sistematik xarakter alan təzyiqlər və qanunsuz hərəkətlər nəticədə Azərbaycan xalqının səbir kasasını daşırdı”, – deyə aparıcı vurğulayıb və 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin təyyarəsinin atəşə tutulmasına Rusiya hakimiyyətinin reaksiyasını da xatırladıb.

Baş verənlərlə bağlı telekanalın aparıcısı sual verib: “Azərbaycanlılara qarşı təzyiqlərin və hücumların səbəbi nədir? Baş verənlər sadəcə təsadüfdürmü, yoxsa Rusiyada vahid dövlət şovinizm siyasətinin bir hissəsidir?”

Telekanal narahatlığını bildirib ki, Yekaterinburqda Səfərovlar ailəsinin üzləşdiyi qəddarlıq Rusiyanın digər bölgələrində də təkrarlana bilər.

Siyasət