Avtomobillər təmiz enerji ilə işləyir

post-img

Bakı Dövlət Universitetinin ərazisində BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə tərəfdaşlığı ilə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən “EkoEnerji” məntəqəsi istifadəyə verilib. 

BDU-nun rektoru Elçin Babayev açılış mərasimində çıxış edərək bildirib ki, Azərbaycanda “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat məsələlərinə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu ali təhsil ocağı da yeni yanaşma ilə sözügedən məsələdə öz töhfəsini verir. Belə bir layihə həm günəş, həm külək enerjisindən istifadə etməklə BDU əməkdaşları və tələbələri üçün təmiz ekoenerjidən istifadə imkanı yaradır. 

Rektor diqqətə çatdırıb ki, “Clean-Charge” AC enerji doldurma stansiyası” adlı layihə KOBİA tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 5-ci qrant müsabiqəsinin qalibi olub. Bu, BDU-nun KOBİA ilə elm, təhsil, innovasiya sahəsində səmərəli əməkdaşlığının nümunəsi olmaqla yanaşı, universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əməl edilməsi istiqamətində atdığı addımlardan biridir. “EkoEnerji” məntəqəsi “yaşıl enerji”dən istifadə etməklə fəaliyyət göstərəcək, tədris prosesində də bu məntəqədən istifadə olunacaq. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurum üçün innovasiya yönümlü layihələrin dəstəklənməsinin prioritet olduğunu bildirib. O, eyni zamanda, KOBİA ilə BDU arasında imzalanan əməkdaşlıq memorandumu uğurla icra olunduğunu, “Clean-Charge” AC enerji doldurma stansiyasının yaradılması layihəsi üçün KOBİA tərəfindən 20 min manata yaxın qrant ayrıldığını vurğulayıb. 

Layihə rəhbəri, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyib ki, məqsəd elektrik enerjisinin bərpa olunan enerji qaynaqlarından alınması ilə karbon emissiyasının azaldılmasına xidmət etməkdir. Stansiyanın ümumi gücü 22 kv saatdır. Layihənin məqsədi elektromobillərin sürətli və ekoloji təmiz elektrik enerjisi ilə doldurulması nəticəsində sıfır karbon emissiyası ilə təbiəti qorumaq və Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etməkdir.

 

İqtisadiyyat