Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media proqramı həyata keçirilib

post-img

Azərbaycanın Audiovizual Şurası, Serbiyanın Elektronik Media üzrə Tənzimləyici Qurumu (REM) və Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) arasında üçtərəfli əməkdaşlıq çərçivəsində ilk təcrübə mübadiləsi proqramı həyata keçirilib.

Bu barədə XQ-ə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, iyunun 23-27-də Serbiyanın paytaxtı Belqrad şəhərində reallaşdırılan proqramın əsas məqsədi audiovizual medianın tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və qarşılıqlı öyrənmə mühitinin təşviq olunmasıdır.

Təcrübə proqramı çərçivəsində iştirakçılar audiovizual medianın monitorinqi, məzmunun təhlili, müvafiq qanunvericilik və hüquqi mexanizmlər, tənzimləyici prinsiplər və media siyasəti sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.

Azərbaycandan və Türkiyədən olan nümayəndələr REM-in gündəlik fəaliyyəti ilə yanaşı, Serbiyanın bir neçə televiziya və radio kanallarının, ictimai yayımçının iş prosesi və Milli Teleqüllə kompleksi ilə yaxından tanış olublar.

Bu təcrübə proqramı üçtərəfli əməkdaşlığın və üçtərəfli təcrübə mübadiləsi proqramının ilk mərhələsini təşkil edir. Tərəflər qarşıdakı dövrdə analoji təcrübə mübadilələrinin davam etdirilməsini planlaşdırırlar.

Sosial həyat