ABŞ Konqresində məkrli dinləmələr

post-img

Müzakirəyə Azərbaycandan heç kimin dəvət edilməməsi və bədnam Okamponun əsas məruzəçi olması belə deməyə əsas verir

Ermənistan, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan əhalini girovluqda saxlayan separatçı rejimin “rəhbərliyi” və dünya ermənilərinin radikal, revanşist kəsimi Qarabağ iqtisadi rayonundakı mülki əhalinin ölkəmizə reinteqrasiyası prosesinin qarşısını hər vəchlə almağa çalışır. 

Bu qaragüruhun Qarabağda “huma­nitar böhran” yaşanmasına dair böhtan və ittihamlarının dəfələrlə yalana çıxarıl­masına, hətta BMT Təhlükəsizlik Şura­sında səfir Yaşar Əliyev tərəfindən ifşa olunmasına baxmayaraq, onlar Azər­baycanı demonlaşdırmaq siyasətindən əl çəkmirlər.

Yeri gəlmişkən qeyd edək ki, bu ter­min fərdlərin, siyasi qrupların və ya döv­lətlərin fitnə-fəsadçı, zalım, şər işlərin timsalı kimi səciyyələndirilməsini nəzər­də tutur. Demonlaşdırma zamanı hansı­sa siyasi lider və ya siyasi qrup, ideo­logiya, bəzən bütöv dövlət hədəfə alınır. Onun fəaliyyətində olan neqativ cəhət­lər xüsusi olaraq şişirdilir, üstünə beşi də qoyulur, müsbət cəhətlər gözdən və dəyərdən salınır, olmayan təqsirlər uy­durulur və süni ajiotajla təbliğ olunur. Bu baxımdan birmənalı şəkildə demək olar ki, Azərbaycana qənim kəsilən həmin qüvvələr ölkəmizin demonlaşdırılma­sına çalışırlar. Təəssüf doğuran hal bu siyasətin həyata keçirilməsi zamanı bü­tün mənəvi dəyərlərin tapdalanmasıdır. Hayların sözügedən kəsimi məqsədə çatmaq üçün bütün vasitələrdən isti­fadəni məqbul sayırlar. Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın su­verenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı, məsuliyyətsiz və mənəvi ölçülərə sığ­mayan siyasi kampaniyadır.

Erməni lobbisinin Azərbaycana böhtan atmaq istiqamətində son addı­mı sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiya­sında Qarabağın “blokadası” məsələ­si ilə bağlı dinləmələrin keçirilməsinə nail olmasıdır. Komissiyanın saytında yerləşdirilən məlumatda qeyd olunur ki, dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin 2003-2012-ci illərdə prokuroru olmuş bədnam Luis More­no Okampo da iştirak edəcək. O, Qa­rabağdakı “böhranlı vəziyyətlə” bağlı ekspert rəyini təqdim edəcək. Həmçi­nin Corctaun Universitetinin professoru Devid Fillips də çıxış edəcək. Yayılan məlumatda onun Azərbaycan hökumə­tinin Qarabağdakı vəziyyətlə bağlı niy­yətlərinə dair (?) faktlar təqdim edəcəyi nəzərdə tutulur.

Dinləmələr Konqresin üzvləri və əməkdaşları, maraqlanan ictimaiyyət nümayəndələri və mətbuat üçün açıq olacaq. Müzakirələr Vaşinqton vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq və komissiyanın saytında canlı yayımlanacaq.

***

Tarixçilərin yazdıqlarına görə, Ma­kedoniyalı İsgəndər bəzən məhkəmə iclaslarında özü şəxsən iştirak edirmiş. Bu zaman, o, əli ilə qulaqlarından birini örtərmiş. Bunun səbəbini soruşduqda hökmdar deyirmiş ki, örtdüyüm qulağı­mı ittiham olunan şəxsi dinləmək üçün saxlamışam, görək o nə deyir, onun mövqeyi nədir. Bu olayı xatırlamağı­mız təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasının yaydığı məlu­matda müzakirələrdə Azərbaycandan kiminsə iştirak edəcəyi qeyd olunma­yıb. Özünü demokrat adlandıranlar, haqdan-ədalətdən dəm vuranlar Azər­baycanın mövqeyinin nədən ibarət ol­duğunu görməzdən gəlməyi üstün tu­tublar. Bu, müzakirələrin qərəzli, onun təşkilində məqsədin Azərbaycanı göz­dən salmaq olduğunu deməyə əsas verir. Əgər təşkilatçılar, həqiqətən də, Qarabağda əhalinin həyat tərzindən nigaran olsaydılar, baş verənlərdən əndişələnsəydilər, Ermənistanla Azər­baycan arasında, beləliklə bütövlükdə regionda sülhün yaranmasını istəsəy­dilər, ölkəmizin nümayəndəsinin də orada iştirakını təmin edərdilər. Ancaq onların istəyi bu deyil. Erməni lobbisi­nin maraqlarına xidmət edən bu şəxs­lər bölgədə, necə deyərlər, suların heç zaman durulmamasında maraqlıdır­lar. Çünki bu vəziyyət onlara sərf edir. Məsələn, Luis Okampo kimi argentinalı hüquqşünas ermənilərdən pul alaraq onların xeyrinə 28 səhifəlik “ekspert rəyi” hazırlayır. O, avqustun 7-də dərc etdirdiyi “ekspert rəyi”ndə Soyqırımı haqqında Beynəlxalq Konvensiyanın II maddəsinin “c” bəndinə istinad edərək yazıb ki, ərzaq, dərman və digər ilkin tələbat mallarının tədarükünü əngəl­ləmək (?) kütləvi fiziki qırğın üçün qəs­dən yaradılmış şəraitdir və soyqırımı hesab olunur.

Məgər Okampo Azərbaycanın belə bir niyyətinin olmadığını bilmir? Sosi­al şəbəkələr Qarabağ ermənilərinin yeyib-içmək məclisləri, müxtəlif yubi­leyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən videolarla aşıb-daşır. Bölgədə “aclığın, səfalətin hökm sürdüyü” iddiası ilə bu videoların tərs mütənasib olduğunu başa düşən separatçı rejimin tör-töküntüləri son­radan yanlışlığa yol verdiklərini başa düşdülər və əhaliyə bu videoları və fo­toları sosial şəbəkə hesablarında yer­ləşdirməməyi tövsiyə etdilər. Separatçı başbilənlər qeyd etdilər ki, bu videolar Azərbaycan tərəfindən istifadə olunur. Buna isə imkan vermək olmaz.

Ermənistanın tələbi ilə avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağdakı humanitar vəziyyətin müzakirə edildiyi sessiyasında da BMT-dəki daimi nümayəndəmiz Ya­şar Əliyev qeyd etmişdi ki, bu videolar onların orada aclıq və humanitar böh­randan əziyyət çəkmələri barədə de­yilənləri qəti şəkildə təkzib edir. “Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam. Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur çox dadlı tort və sair. Bu məlumatı mənim sağım­da oturan həmkarımla bölüşməkdən məmnunam”, – deyə daimi nümayən­də materialları sağında əyləşmiş şəxsə təqdim etmişdi.

Qarabağ ermənilərinin humani­tar böhrandan əziyyət çəkməməsinin daha bir örnəyi bugünlərdə yaşanıb. Sentyabrın 1-də Xankəndi məktəblə­rində bilik günü böyük coşğu ilə qeyd olunub. Bilik günü tədbirlərinin təntənə ilə qeyd olunması böhran iddialarının yalan olduğunu bir daha üzə çıxa­rıb. Hətta jurnalist həmkarlardan biri Xankəndidən bilik günü videosunu sosial şəbəkə hesabında paylaşaraq rişxəndlə “uşaqlara lap yazığım gəldi, acından necə yerə yıxılırlar” – yazmış­dı.

Bundan əlavə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşa­yan erməni sakinlərə yardım üçün 40 ton un yüklənmiş iki maşını Bakıdan Xankəndiyə yola salıb. Yüklər artıq 9-cu gündür ki, Ağdam-Xankəndi yo­lunda, Əsgəran rayonunun girişində mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.

***

Dünən Macarıstan Milli Assamb­leyasının sədri Laslo Köver ilə görüş zamanı Xarici işlər naziri Ceyhun Bay­ramov da deyib ki, Azərbaycanın Qara­bağ bölgəsində məskunlaşmış erməni sakinləri tərəfindən cəmiyyətimizə rein­teqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün Ağdam-Xankəndi yolunun açılması və buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifi rədd olunub. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunması Laçın yolu ətrafında ha­zırki vəziyyətin heç də Ermənistanın id­dia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərir.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bil­dirib ki, Moskva Ağdam-Xankəndi mar­şrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəf­darıdır. Onun sözlərinə görə, məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvana səfərində ətraflı müzakirə olu­nub: “O, bugünlərdə Bakıdadır. Xova­yevin azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırı­lıb. Biz Rusiya, Azərbaycan və Ermə­nistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Biz humanitar yardımın maneəsiz ola­raq həm Laçın, həm də Ağdam marş­rutu ilə regiona çatdırılmasının tərəf­darıyıq və məlum məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”.

Göründüyü kimi, erməni diaspor və lobbisinin tarixən güclü olduğu hət­ta Rusiya tərəfi də bölgədə vəziyyətin normallaşması üçün konstruktiv yanaş­ma nümayiş etdirir. Belə olan təqdirdə ermənilərin radikal kəsiminin Qarabağ əhalisinin reinteqrasiyasına qarşı çıx­ması, bu çərçivədə Ağdam-Xankəndi yolunun açılmasına imkan verməməsi və ABŞ Konqresinin Tom Lantos İn­san Haqları Komissiyasında vəziyyə­ti daha da mürəkkəbləşdirmək üçün dinləmələr təşkil etməsi heç bir ölçü­yə sığmır. Üstəlik, onlar müzakirələrə elə şəxsləri dəvət ediblər ki, onlar an­laşmanın olmaması üçün əllərindən gələni əsirgəmirlər. Okampo, Fillips kimi odun üstünə benzin tökmək, aranı qarışdırıb öz mənafeyini güdmək, bu yolla var-dövlət toplamaq da ayrı bir “istedaddır”...

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında ke­çiriləcək dinləmələr birtərəfli qay­dada təşkil olunmuş müzakirələr­dir. Orada iştirak edəcək şəxslərin siyahısına baxdıqda da buna əmin olmaq mümkündür. Bunlardan biri Luis Moreno Okampodur. O, sax­ta bir hesabat hazırlayıb və orada qeyd edib ki, guya, Azərbaycan Qarabağda “etnik təmizləmə” həyata keçirir. Halbuki, bunun izi-tozu da yoxdur. Digəri Corc­taun Universitetində açıq-aşkar Azərbaycana qarşı işləyən Devid Filipsdir. O, həm də, Kolumbiya Universitetinin “Qarabağ vəhşilik­ləri” layihəsinin direktorudur. Yəni belə bir layihəyə rəhbərlik edən şəxsdən nə gözləmək olar? Təbii ki, bu səbəblərdən mən məlum müzakirədən müsbət heç nə göz­ləmirəm.

Müzakirələr balanslı olmalı, orada Azərbaycanın da mövqeyi eşidilməli idi. Ölkəmizdən kimisə dəvət edə bilərdilər. Dəvət edilə­cək şəxs ölkəmizin mövqeyini səsləndirərdi. İndi isə bu yoxdur. Sadəcə, təbliğat xarakteri daşıyan lobbi tədbiridir. Onun proseslərə hər hansı təsirinin olacağını da proqnozlaşdırmıram.

 

Səxavət HƏMİD
XQ





Siyasət