İttifaq MİRZƏBƏYLİ
[email protected]
Məlum deyil, zaman bu insanları beynəlxalq aləmdə üzüqara elədi, yoxsa onlar zamanın zayını çıxarırlar. Hər halda faktdır. Fransa kimi zəngin idarəçilik tarixi və müasir siyasi-diplomatik, elmi-texniki nailiyyətləri olan dövlətin başçısı öz xalqını qınaq ünvanına çevirib. Qətiyyətlə deyə bilərəm ki, fransız xalqı belə urvatsız, heç kəsin inanmadığı, hamının gülüş obyektinə çevrilən, dövri olaraq, “yumurta atəşinə” tutulan liderə layiq deyil. Bu xalqın çox dəyərli simaları olub. Emmanuel Makron dönəmi isə Fransanın da, fransız xalqının da geriyə addımladığı illər kimi yaddaşlarda qalacaq.
Nə demək istəyirik? Məqsədimiz Emmanuel Makronun o boyda vəzifə sahibinə yaraşmayan riyakarlığını, yalançılığını və saxtakarlığını xatırlatmaqdır. Cəmi beş gün əvvəl – avqustun 29-da Azərbaycan Prezidentinə zəng edən Makron dedi ki, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransa da öz tərəfindən töhfə verməyə hazırdır. Hətta, təklif etdi ki, Fransa və Azərbaycanın aidiyyəti qurumlarının təmasları davam etdirilsin. Onun İrandakı həmfikirləri, ermənilərin isə “ögey bacıları” demişkən “xub!” Amma...
Ertəsi günü xəbər gəldi ki, Paris şəhərinin meri Ann İdalqonun başçılıq etdiyi təxribatçı dəstə Laçın rayonu ərazisində dövlət sərhədimizə gəlib... Yəni Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi edilib. Əgər Makronun fikirlərində səmimiyyət var idisə, onda mer nə üçün Azərbaycana “səlib yürüşü” təşkil edirdi? Yaxud, bu qadın öz başının dəstəsi ilə müstəqil dövlətin rəhbərliyinə və ordusuna təzyiq etməyə gələcəkdisə, onda Makron nə üçün “gopa basırdı”? Yeri gəlmişkən, Fransanın bəzi şəhərləri Qarabağ şəhərləri ilə “qardaşlaşanda” da Yelisey sarayından demişdilər ki, həmin addımların bizim dövlət siyasətimizə dəxli yoxdur. Yəqin ki, indi Ann İdalqonun hoqqasını da elə qiymətləndirəcəklər.
Xatırladaq ki, Fransanın bir neçə bələdiyyə başçısının Xankəndi və ya Qarabağın digər şəhərləri ilə “qardaşlaşması” Azərbaycan diplomatiyasının ifşaedici hücumlarına məruz qalmış, həmin bələdiyyə rəhbərləri qələt elədiklərini başa düşərək, öz qərarlarını birtərəfli şəkildə ləğv etmişdilər. Təbii ki, Ann İdalqoya da regionun və Avrasiyanın ən qüdrətli dövlətlərindən birinin daxili işlərinə müdaxilə cəhdinə görə nə boyda səhv etdiyi anladılacaq və o da əməllərinə görə cavab verməli olacaq.
Ekspertlər yazırlar ki, Makronun Bakıya zəng etməsindən dərhal sonra İdalqonun Laçına gəlməsi onun Azərbaycan xalqının xanıma, qadına hörmət və ehtiramla yanaşdığını bilməsindən irəli gəlirdi. O düşünürdü ki, qrupun rəhbəri qadındır – deyə, azərbaycanlılar bu təxribatçı dəstəyə “yaşıl işıq” yandırıb ölkəyə buraxacaqlar... Başqa bir ekspert isə yazır ki, insan, bu məqamda mer özünə qarşı nə qədər hörmətsiz olmalıdır ki, bir sürü separatçının dalına düşüb bu hoqqalardan çıxsın?
Hələ, bu az imiş kimi, Xankəndidə səs yayılmışdı ki, İdalqo Vaqif Xaçatryanı Azərbaycandan almaq üçün Qarabağa gəlir. Aldımı? Mən bilən, yox! Qarabağda “aclıqdan qırılanlara” humanitar yardımı təqdim etdimi? Yox. Laçın sərhəd nəzarət – buraxılış məntəqəsini açdırdımı? Yox! Fransanın Cənubi Qafqazda söz sahibi olması üçün hansısa uğurlu addım ata bildimi? Təbii ki, yox! Çünki onun Azərbaycan ərazisinə müdaxilə etməyə mandatı da yox idi, başqa dövlətin ərazizisində fəaliyyət göstərməyə vizası da. Üstəlik, beynəlxalq hüququn təməl prinsiplərini də anlamırmış.
Bu məqamda xatırlatmaq istədiyimiz başqa bir fakt da var. Belə ki, İkinci Qarabağ müharibəsindən təxminən bir il sonra – 2021-ci il sentyabrın 28-də “France 24” televiziya kanalına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var: “Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi... Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır”.
Biz, şəxsən mən elə güman edirdim ki, Azərbaycan Prezidenti məhz Fransa telekanalına müsahibə zamanı belə açıq danışırsa, faktları olduğu kimi dilə gətirirsə, onda rəsmi Paris müəyyən nəticə çıxarar. Çünki Azərbaycan rəhbərliyi Fransanın qeyri-səmimi, hətta, riyakarlıqla dolu münasibətini dəfələrlə ifşa eləmişdi. Ancaq Emmanuel Makron nəinki nəticə çıxarmadı, hətta, gözlənilənlərin əksinə olaraq, anti-Azərbaycan mövqeyini daha da sərtləşdirdi, riyakarlığının dozasını gündən-günə artırdı.
Yadımdadır. Bu il mayın 27-də Azərbaycan Prezidentinə Respublika Günü münasibətilə təbrik göndərən Fransa Prezidenti yazırdı:
“Cənab Prezident, əziz İlham!
Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq”.
Ancaq çox təəssüf ki, cənab Makron Praqada olduğu kimi Kişineuda da riyakarlıq, ikiüzlülük edərək, Azərbaycan ərazilərinin 20 faizini viranəyə çevirmiş, yüzlərlə yaşayış məntəqəmizi yer üzündən silmiş, otuz il bütün təbii sərvətlərimizi talan etmiş işğalçı, terrorçu və təxribatçı Ermənistana haqq qazandırmağa çalışdı. Prezident İlham Əliyevin qətiyyəti, siyasi-diplomatik məntiqi və arqumentləri qarşısında tab gətirməyəndə bir çox məqamlarla razılaşsa da, iki gün sonra bütün dediklərinin əksini söylədi. Yəni Paris meri Ann İdalqonun avqustun sonunda Laçında törətdiyi həyasızlığı Fransa prezidentinin iyunun əvvəlindəki riyakarlığının yanında toya getməlidir.
Bütün bunlar sübut edir ki, Emmanuel Makronun dövründə Fransanın ipinin üstünə odun yığmaq olmaz. Çünki onun zəngi nə qədər “səmimidirsə”, danışdığı yalanların rəngi də bir o qədər ağdır.
Bir də ki, biz Makrondan niyə inciyirik? O, haqlı olaraq etiraz mitinqlərinə çıxan öz xalqını təpik altına salmağı, atlı polislərlə tapdalatmağı, təlim görmüş itlərin cənginə verməyi, dünyanın əksər ölkələrində qadağan edilmiş qazlarla cəzalandırmağı məqbul sayırsa, biz ondan hansı insani hissləri gözləməliyik ki?

