Rusiyadan Paşinyana cavab – “Meqafon diplomatiyası” və 44 qat minnət

post-img

Nikolun söylədikləri Moskvanın siyasi dairələrində hiddətlə qarşılanır

 

Bir gün biz ayılıb görəcəyik ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda yoxdur. Bu fikri Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirmişdi. Nikol Rusiya ilə bağlı başqa düşüncələrə də dalmışdı. Belə görünür, onların hamısına cavab var. TASS-a diplomatik mənbədən daxil olmuş məlumatın təhlili onu deməyə əsas verir ki, Moskva Cənubi Qafqazdan getmək niyyətində deyil. Bu, öz yerində. Eyni zamanda, Kreml hesab edir ki, Paşinyan düz danışmır, mövqeyində yanlışdır. İlk növbədə, ona görə ki, Nikol ayılmaqdan danışır, amma belə deyil, o, hələ də yuxudadır. Özü də dərin yuxuda...

Ancaq Nikolun timsalında Ermə­nistanı qəflət yuxusundan ilk ayıltmaq istəyən Dimtri Peskovdur - Rusiya Pre­zidentinin mətbuat katibi. Peskov bildi­rib ki, Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir. Lakin baş nazir N.Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğur­suzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkünsüzdür: “Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç bir yeri tərk edə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”.

Peskov daha bir maraqlı məqama da diqqət yetirib. O deyib ki, Rusiyada Ermənistanın özündən daha çox ermə­ni yaşayır və rəsmi İrəvan bunu unut­mamalıdır. Nikol onu da unutmamalıdır ki, “onların əksəriyyəti Rusiya Federa­siyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verir­lər”.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibinin söylədiklərini subli­minal mesaj kimi də qiymətləndirmək mümkündür. İrəvan Qarabağda 120 min erməninin (əslində, bu rəqəm dəfələrlə azdır -red.), guya, təəssübü­nü çəkirsə, Rusiyada yaşayan və sayı Ermənistandakı əhalinin sayından çox olan ermənini də düşünməlidir. Deyə bilmərik ki, Peskov öz ölkəsindəki vətənpərvər ermənilər hesabına Ermə­nistanda yeni Ermənistan qurula bilmə­sinin mesajını verir, ya yox, hər halda, söylədikləri danılmaz reallıqdır. 

*** 

Hər halda, yuxulu adam Ermənis­tanın təhlükəsizlik sahəsində Rusiya­dan tam asılılığını səhv adlandıra bilər. Deyəsən, hər şey bir yana, Qarabağ­dakı rus sülhməramlılarının bölgədəki separatçılıq niyyətiləri gerçəkləşmə­si naminə bu günlərədək aktual olan xidmətlərini unudur. Əslində, məsələ unudub-unutmamaqda, səhvlikdə və ya düzlükdə də deyil. Söhbət Nikolun reallığı ifadə etməsindəki siyasi jestu­kulyasiyalardan, söz seçimindən gedir. Bu məqama qatı ermənipərəst, Rusiya Dövlət Dumasının deputatı Konstan­tin Zatulin də diqqət yetirib: “Paşinyan Rusiya haqqında getdikcə daha çox, daha açıq və daha riyakarcasına da­nışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı dostcasına davran­mır”.

...Erməni baş nazirin bildirdiyinə görə, hazırda Rusiyanın özünün silaha ehtiyacı var və istəsə də Ermənistanın ehtiyaclarını ödəyə bilməyəcək. Ma­raqlıdır, İrəvana nə qədər silah lazımdır ki, onu Moskva verə bilməsin? Digər tərəfdən, Nikol haradan bilir ki, Rusiya­nın Ermənistana çatdıra biləcək silahı yoxdur? Bəs, silah-sursat baxımın­dan Rusiyadan asılı olan Hindistanın belə bir imkanı varmı ki, İrəvan onunla mövcud sahədə əməkdaşlığa girişib? Bəlkə, bu imkan İranda var? Söhbət sınıq-salxaq, vaxtı keçmiş dəmir par­çalarından getmir... Yoxsa, Paşinyan Fransanın silah yardımına ümid bəs­ləyir? Təsəvvür edin, NATO üzvü olan Fransa KTMT üzvü Ermənistana silah göndərir. Hər halda, ikincinin rəsmi da­irələri İrəvanın üzünə onun Moskvanın hakim rol oynadığı qurumda təmsilçili­yini vurub və bu səbəbdən ona hərbi dəstəyin mümkünsüzlüyünü diqqətə çatdırıblar...

***

Əlqərəz, Nikol başqa nə demişdi? O demişdi ki, Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən geri çəkilir. Ona görə ki, Azərbaycana Laçın yolunda de-fakto nəzarət imkanı verib. “İki səbəb ola bilər: ya Rusiya Federa­siyası Laçın dəhlizinə nəzarəti saxla­ya bilmir, ya da saxlamaq istəmir. Hər ikisi, fikrimizcə, problemlidir”, – deyən Paşinyan ardınca, belə demək müm­künsə, siyasi qara-qışqırıq salaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatı müstəvisindəki ittihamlara start verib. O, ölkəsinin KTMT-yə üzvlüyünü formal adlandırıb. Fikrinə aydınlıq gə­tirmək üçün deyib ki, İrəvan qurumun alətlərindən istifadə edə bilmir. 

Ermənistan ictimaiyyətinin KT­MT-nin fəaliyyətindən dərin məyusluq yaşadığını və yaşamaqda davam etdi­yini vurğulayan N.Paşinyan bu təşkilat daxilində böhranın yaşandığını iddia edərək əndazəni aşıb. Onun sözlərin­dən belə çıxıb ki, KTMT ümumən qey­ri-funksional təşkilatdır və mövcud du­rum yalnız Ermənistana münasibətdə nəzərə çarpmır. 

Göründüyü kimi, Nikol yalnız KTMT ilə ölkəsinin probleminə fokuslanmır, bütövlükdə Rusiyanın hakim rol oyna­dığı təşkilatı gözdən salmaq yolunu tutur. Digər tərəfdən, ölkəsində KTMT ilə bağlı dərin məyusluğun olduğunu deyən baş nazir Ermənistan cəmiyyə­tinin bu duruma görə əsasən onu gü­nahlandırdığını, apardığı siyasəti sərt tənqidə məruz qoyduğunu “unudur”. 

Yeri gəlmişkən, deyək ki, Ermənis­tan-KTMT ziddiyyətlərinin kulminasiya anı 2022-ci ilin payızında qurumun İrəvanda keçirilmiş sammiti zamanı qeydə alınmışdı. Həmin vaxt Paşin­yan çox çalışmışdı ki, qurum ölkəsi­nin Azərbaycanla yaşadığı sentyabr eskalasiyasına siyasi qiymət verərək, Bakını günahlandırsın, ona qarşı hərbi addımlara əl atsın. Lakin istəyi baş tut­mamışdı. Həmin vaxt sammitdə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko isə kifayət qədər açıq teks­tlə Nikolu KTMT üzvlərini uşaq yerinə qoymamağa çağırmışdı. Yəni, Belarus lideri demək istəmişdi ki, Ermənista­nın Azərbaycanla problemi, heç bir halda, bu təşkilat üçün prioritet deyil. Mövcud mənada Qazaxıstan Prezi­denti Kasım-Jomort Tokayevin daha əvvəllər bildirdiyi bir fikir də var – Azər­baycanla Ermənistan arasında sərhəd xətti müəyyənləşmədiyindən, ikincinin sərhəd toxunulmazlığının pozulmasını bildirmək doğru deyil. Sərhəd pozul­mayıbsa, deməli, KTMT dövriyyəyə girə bilməz. 

***

İndi isə gələk Paşinyanın ayılıb Ru­siyanı Cənubi Qafqazda görməmək məntiqinə. Heç şübhəsiz, bu, Qər­bpərəst Nikolun yuxusudur və istəyir ki, ayılanda onu çin çıxmış görsün. TASS-ın əvvəldə haqqında söz açdığımız diplomatik mənbəsi də bunu nəzərə alır. O, fikrini yalnız KTMT–Ermənis­tan siyasi qarşıdurması müstəvisində açıqlamır, ümumən, Rusiya-Ermənis­tan münasibətlərinə, daha doğrusu, ikincinin anti-Rusiya ritorikasına cava­ba köklənir. 

Diplomatik mənbənin bildirdiklərin­dən məlum olur ki, Moskva Paşinyanın İtaliya nəşrinə açıqladıqları məsələlər­dən narazıdır. “Moskvada Ermənistan rəhbərliyinin son bəyanatlarından, o cümlədən, baş nazirin İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində söylədiyi fikirlərdən və Ermənistan XİN-in avqustun 31-də verdiyi şərhlər­dən son dərəcə narazıdırlar, onların öz nöqsanları və səhvlərini Rusiyanın üzərinə atmaq məqsədilə verdikləri bu bəyanatları tərzi və məzmunu etibarilə qəbuledilməz hesab edirlər”.

Mənbə onu da qeyd edib ki, Ru­siyanı süni şəkildə Cənubi Qafqaz­dan sıxışdırıb çıxarmaq istəyirlər, bu məqsədin reallaşması naminə İrəvan­dan yararlanırlar: “Ermənistanın yaxın qonşusu və dostu olan Rusiya regionu tərk etmək niyyətində deyil. Lakin bu, “ikitərəfli hərəkəti olan küçə olmalıdır”: Ermənistan da Rusiyanın sıxışdırılma­sı üzrə Qərbin əlində alət olmamalıdır”.

***

Göründüyü kimi, diplomatik mənbə xeyli dərəcədə açıq mesajlar vermək­dədir. Mesajda yer almış “Ermənista­nın yaxın qonşusu və dostu” ifadəsinə xüsusi diqqət yetirək. Bu ifadədən iki nəticə çıxarmaq mümkündür. Birinci­si, “səni sevəcəyəm, sən sevməsən də” məntiqi duyulur. İkincisi, Ermə­nistan Paşinyan demək deyil. Yəni, Rusiya üçün onunla dostluq şəxslərə bağlılıqdan uzaqdır. Bu isə o demək­dir ki, dostluq həm də strateji məsələ­dir. Üçüncüsü, mövcud stratejilik amili İrəvana münasibəti formalaşdırır. Bu onu düşünməyə əsas verir ki, maraq daha üst səviyyəyə qalxsa, Paşinya­nın yerinə bir başqası da hakimiyyətə gələ bilər. “İkitərəfli hərəkəti olan küçə” məntiqinə gəlincə isə Moskva İrəvana Qərbin “peşka”sı olmağı deyil, eyni küçəni bölüşməyi təklif edir. Hər halda, bu, həm də Ermənistanın yenidən Ru­siyanın orbitinə qayıtmasına dair çağı­rış kimi də səslənə bilər. 

***

TASS-a Paşinyanın müsahibəsi ilə bağlı mövqeyini bölüşən Rusiya­nın diplomatik mənbəsi, belə demək mümkünsə, əsl bombanı Ermənistan–Azərbaycan münasibətləri kontekstin­də “partladıb”. Mənbə bu mövzuda­kı həqiqətləri çılpaqlığı ilə açıqlayıb. Faktiki olaraq, İrəvanı işğalçılıqda gü­nahlandırıb. İlk növbədə bildirib ki, Pa­şinyanın və digər erməni rəsmilərinin dövriyyəyə salmaq istədiyi “Qarabağ münaqişəsinin heç vaxt Ermənistan ilə Azərbaycan arasından ərazi müba­hisəsi olmadığı”na dair tezis yanlışdır. Agentliyin müsahibi deyib: “Qarşıdur­manın kökü Azərbaycan SSR-in keç­miş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsidir, eyni zamanda, İrəvan uzun müddət Azərbaycan əra­zilərinin bir hissəsini öz nəzarəti altında saxlayıb”.

Kiçik haşiyə çıxaq ki, N.Paşinyan “La Repubblica”ya müsahibəsində Qarabağda “seçilmiş hakimiyyətin” ol­duğunu bəyan etmişdi. O, elə görüntü yaratmışdı ki, sanki bölgədəki gərgin durum Azərbaycan hakimiyyəti ilə se­paratçı rejim arasındakı danışıqlar yolu ilə aradan qalxmalıdır. Belə bir mövqe isə nəinki Rusiyanın tənzimləmə missi­yasına, bütövlükdə, Azərbaycan-Ermə­nistan münasibətlərinin nizamlanması üzrə Qərb xəttinə da tamamilə ziddir. 

Diplomatik mənbənin dediklərin­dən gəlinən qənaət onu da deməyə əsas verir ki, ona danışmaq göstərişi verənlərin məqsədi yalnız həqiqətləri Paşinyanın üzünə çırpmaq deyil. Yəni Rusiya, faktiki olaraq, deyir ki, Ermə­nistanın işğalı sonsuza qədər davam etdirmək şansı var idi. Lakin Paşinyan hər şeyi korladı. Təxminən belə: 2020-ci ildə baş vermiş hərbi qarşıdurma bir çox hallarda erməni rəhbərliyinin düşü­nülməmiş və təxribatçı addımlarının, o cümlədən, “Qarabağ Ermənistandır” bəyanatının və erməni rəhbərliyinin “Dağlıq Qarabağ”ın “prezidenti”nin Şu­şada keçirilən inauqurasiyasında iştira­kının nəticəsi idi və bütün bunlar ATƏT-in Minsk qrupunun xətti ilə tərəflərin əldə etdikləri razılaşmalara əhəmiyyətli dərəcədə kölgə saldı. 

Əlbəttə, 2020-ci ilin 44 günlük mü­haribəsinə görə, Rusiyadan Ermənis­tana minnət seli gəlməsəydi, təəccüb­lənərdik. Ölkənin ictimai-siyasi dairələri İrəvana bu seli “işə salmağı” xoşlayır və yaxşı bacarırlar. Nə vaxt ki, Paşin­yan anti-Rusiya ritorikasını işə salır, dərhal Şimalın minnət məntiqi işə dü­şür və düşməsi normaldır. Çünki ermə­ni varlığı unutqandır, nankordur, olan­ları tez-tez həm yadına salmaq, həm də başına-gözünə döymək lazımdır. Başqa yolu yoxdur. “Əgər Rusiyanın və şəxsən Prezident Vladimir Putinin müdaxiləsi olmasaydı, hərbi əməliy­yatların nəticəsi daha acınacaqlı ola bilərdi. Bununla yanaşı, müharibənin başlamasından üç həftə sonra RF Pre­zidenti Ermənistanın baş nazirini atəşi dayandırmağa çağırdı. Bu, daha çox qurbanların qarşısını ala, Qarabağın ərazisində sülh və sakitliyi təmin edə bilərdi”, – deyə Rusiyanın diplomatik mənbəsi vurğulayıb.

Ermənistan ilə Azərbaycan arasın­da ziddiyyətlərin nizama salınmasının başlıca mexanizminin üçtərəfli razı­laşmalar olduğuna diqqəti yönəldən diplomatik mənbə onu da bildirib ki, Ermənistanın özünü kənara çəkməsi Qarabağ ətrafında humanitar vəziyyə­tin nizama salınmasına kömək etmir: “Meqafon diplomatiyası Bakı-Xankən­di-İrəvan üçbucağında praktik işləri əvəz etməyə qadir deyil”.

Sonda “Meqafon diplomatiyası” ifa­dəsi üzərində də dayanaq. Məlumdur ki, bu ifadənin işlədilməsi Paşinyanı ələ salmaqdan başqa bir şey deyil. Diplomatik mənbə belə fikir bildirmək­lə, iki məqama diqqət yetirir. Birincisi, Nikolun hakimiyyətə gəlməzdən əv­vəlki müxalifətçi obrazını canlandırır. Axı, həmin vaxt Paşinyanın əlindən meqafon düşmürdü. Həmçinin, Rusiya demək istəyir ki, hazırda Ermənistanın baş naziri yenə də əlinə sevimli alətini alıb. Ancaq, o, Qarabağda humanitar böhran şousu qurmaqla, haray-həşir qaldırmaqla heç nəyə nail ola bilməyə­cək. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət