“Nyu-York Tayms”ın qərəzi

post-img

“Tərəfsizliyi” ilə öyünən nəşr niyə tərəf saxlayır?

1997-ci ildə ABŞ-da Maraqlı Jurnalistlər Komitəsi (MJK) jurnalistikanın əsasını təşkil edən prinsipləri müəyyən etmək və aydınlaşdırmaq məqsədi ilə vətəndaşlar və jurnalistlər arasında milli dialoqa başlamışdı. 

Dördillik araşdırmadan, o cümlədən ölkə üzrə 20 ictimai forumdan və jurnalistlərin milli sorğusundan sonra komitə 9 prinsipin müəyyən olunduğu Ümumi Məqsəd Bəyannaməsini dərc etmişdi. 

Həmin prinsiplər MJK-nın direktoru Tom Rozenstil və təşkilatın baş məsləhətçisi Bill Kovaç tərəfindən yazılmış “Jurnalistikanın elementləri” kitabında öz əksini tapmışdı. Onlarla tanış olduqda bir daha belə qənaətə gəlmək olur ki, bu gün ABŞ-ın bir sıra nüfuzlu mətbuat orqanları, sanki, “paralel dünya”da fəaliyyət göstərirlər və bu prinsipləri şəxsi maraqlara qurban verirlər.

“Nyu-York Tayms”da Nikolas Kristofun Laçın yolu ətrafında ermənilərin yaratdıqları siyasi şouya dair qələmə aldığı material məhz belə düşünməyə əsas verir. Doğrusu, adamın inanmağı gəlmir ki, bu qədər sanballı təhsili olan, həm də siyasi şərhçilik edən birisinin beynəlxalq hüquq, dövlətin suveren haqları kimi normalardan xəbəri olmasın. Necə ola bilər ki, iki Pulitzer mükafatı laureatı, CNN-in daimi müəllifi və “Nyu-York Tayms”ın köşə yazarı olan etnik polyak Laçın yolunun Azərbaycanın daxili işi olduğunu bilməsin. Okeanın o tayında oturub, bəlkə də, xəritədə tapa bilmədiyi Qarabağda, guya humanitar fəlakətin olduğunu yazır. Yazısında həyasızcasına uydurur ki, Qarabağda “etnik təmizləmə baş verə bilər”.  

Ümumi Məqsəd Bəyannaməsində deyilir ki, “Jurnalistikanın əsas məqsədi vətəndaşları azad cəmiyyətdə fəaliyyət göstərmələri üçün lazım olan dəqiq və etibarlı informasiya ilə təmin etməkdir. Buraya ümumi dil və ümumi bilik yaratmaqla, cəmiyyətin məqsədlərini, qəhrəmanlarını və yaramazlarını müəyyən etməklə birliyin müəyyənləşdirilməsinə kömək edən bir çox rollar daxildir. Bu məqsədə əyləncəli olmaq, demokratiyanın gözətçisi kimi xidmət etmək, səssizlərə səs vermək kimi digər media tələbləri də daxildir”. Zaman keçdikcə ABŞ-dakı jurnalistika təşkilatları təsvir olunan problemləri həll etmək üçün doqquz əsas prinsip hazırlamışdılar. 

Onları qısaca olaraq belə sadalamaq olar: Jurnalistlər həqiqəti deməlidirlər, inancından fərqli insanlara, fikirlərə dözümlü olmalıdırlar. Bundan başqa, məlumatı diqqətlə yoxlamalıdırlar və mümkün qədər müstəqilliklərini qorumalıdılar. Eyni zamanda, hakimiyyət orqanlarının hərəkətlərinə nəzarət etməli və onları ədalətli qiymətləndirməlidirlər. Bununla yanaşı, problemlərə və onların həllinə marağı artıraraq, vacib məlumatları maraqlı şəkildə təqdim etməlidirlər. Bütün vacib mövzuların düzgün nisbətini qorumalı, bəzi problemlərə şişirdilmiş dərəcədə diqqət yetirməməli və digərlərini diqqətdən kənarda qoymamalıdırlar. Ən əsası, hər bir jurnalist şəxsi məsuliyyət hiss etməli, düzgün etik normalar formalaşdırmalıdırlar.

Təbii ki, bu əsas prinsiplər bu və ya digər formada təkcə ABŞ-da deyil, bütün dünya ölkələrinin KİV nizamnamələrində və etik kodekslərdə öz əksini tapmışdır. Amma nədənsə mətbuat sahəsində başqa ölkələrə qərəzsizlik və tərəfsizlik tövsiyələri verən ABŞ-da lazım gələndə bu prinsiplər “unudulur”. Məsələn, “Nyu-York Tayms” və “Vaşinqton Post” kimi qəzetlərdə düşünürlər ki, jurnalistika standartları yaratmışlar və səhifələrində dərc edilən hər bir məlumat etik kodeks çərçivəsindədir. Halbuki hər iki qəzetin bir sıra mühüm məsələlərə münasibətində ciddi qüsurlar aşkarlamaq ciddi əziyyət tələb etmir. Məsələn, mütəxəssislər “Nyu-York Tayms” qəzetinin Ukrayna və Yəmən müharibələrində həlak olanlar haqqında məlumatında qərəzli olduğunu üzə çıxarmışdılar. 

Vaşinqtondakı Amerika Universitetinin beynəlxalq xidmət məktəbi iddia edir ki, ABŞ mediası cəmiyyəti hərbi münaqişələr barədə məlumatlandırmaqda qeyri-obyektiv ola bilər. Bu nəticə Ukrayna və Yəməndəki döyüş əməliyyatları ilə bağlı “Nyu-York Tayms” qəzetinin məqalələri ilə bağlı aparılan bir araşdırmada ortaya çıxmışdı. Redaktorların bu qaynar nöqtələrdəki hadisələri həm bütövlükdə, həm də ətraflı şəkildə işıqlandırmağa fərqli yanaşdığını göstərmişdi. Qeyd olunmuşdu ki, informasiyanın verilməsinə hərbi əməliyyatların real humanitar nəticələri deyil, ABŞ hakimiyyətinin mövqeyi daha çox təsir edir. 

Qeyd etmək yerinə düşər ki, adını çəkdiyimiz bu məktəb ABŞ Xarici Xidməti və ABŞ Qanunvericilik orqanının aparıcı kadr təminatçılarından biri hesab olunur. Məktəbin araşdırmasının nəticələri ABŞ-ın nüfuzlu jurnalistika xeyriyyə və tədqiqat təşkilatı olan Nieman Fondunun saytında dərc olunmuşdu. Müqayisə üçün qeyd edək ki, tədqiqatçılar Amerikanın “Nyu-York Tayms”da iki münaqişənin – Yəmən və Ukraynada baş verən hadisələrin işıqlandırılmasını əsas götürmüşdülər. Ekspertlər Jeff Bekmann və Ester Brito Ruis qəzetin seçilməsini onun populyarlığı, “beynəlxalq xəbərlərin doğru və təsirli mənbəyi” kimi reputasiyası və dünyada geniş müxbirlər şəbəkəsinə malik olması ilə izah etmişdilər. Qəzetin 130-dan çox Pulitzer mükafatı alması da mühüm meyar kimi diqqətə alınmışdı. Bir sözlə, tədqiqatçılar müəyyən etmişdilər ki, Ukraynadakı münaqişə media tərəfindən Yəməndəki münaqişədən daha çox işıqlandırılır. 

Məsələn, qəzet 2015-ci ilin mart ayının ortalarından 2020-ci ilin noyabr ayının sonuna qədər Yəməndəki münaqişənin humanitar aspektləri ilə bağlı 546 məqalə dərc etmişdi. Ukraynadakı münaqişə ilə bağlı xəbər sayı bu baryeri üç ay ərzində keçmişdi və sonra bu mövzuda yazılan materialların sayı iki dəfə artmışdı. Tədqiqatçılar bunu onunla izah etmişdilər ki, “Bu ikili standart real hadisələrlə daha az əlaqəli ola bilər və CBS xəbər müxbirinin dediyi kimi, qurbanların “ağdərili və nisbətən avropalı” olması ilə daha çox əlaqəli ola bilər”. 

Sonda ekspertlər bildirmişdilər ki, onların təhlili medianın hakimiyyət mövqeyinə “hörmətli” münasibətindən xəbər verə bilər: “Fərq ondadır ki, ABŞ mülki şəxslərə ən çox zərər vuran tərəflərlə işləmək baxımından bu münaqişələrdə mahiyyətcə əks tərəfdədir. Vaşinqton rəsmiləri Yəməndəki bu cür hərəkətləri müşahidə etməkdən və pisləməkdən yayınaraq, Ukraynadakı vəhşiliklər haqqında açıq və birbaşa bəyanatlar verirlər. Araşdırmalarımız göstərir ki, bu cür mülahizələri xəbər mediası da dəstəkləyə bilər”. 

Bütün bunlardan sonra belə qənaətə gəlmək olur ki, tərəfsizlik və obyektivlik, o cümlədən bu və ya digər tərəfə üstünlük verməmək prinsipləri ABŞ media sahəsində konyuktur tələb edən zaman bir kənara atılır. Təəssüf ki, Qərb mediasında dərc olunan materiallardan belə qənaətə gəlmək olur ki, demoraktiya və insan haqları pərdəsi altında xristian həmrəyliyi və tərəfkeşliyi gizlənir. Hansısa uydurma və saxtakarlıqla dolu üzdəniraq araşdırma hazırlayan da xristian, onu yazılarında oxucularına sırıyan da. Nə qədər siyasi korektliyi qorumağa çalışsaq da, faktlar göz önündədir. Əlahəzrət fakt deyir ki, Qarabağda hər hansı bir etnik təmizləmədən və ya humanitar fəlakətdən söhbət gedə bilməz. 

Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlara seçim hüququ verir: ya inteqrasiya olunmalı, ya da bölgəni tərk etməlidirlər. Amma N.Kristof kimi köşə yazarlarını başqa “arqumentlər” maraqlandırır. O da nəyin bahasına olursa-olsun, Qarabağda “boz zona” yaradılması istəyidir. Yəni erməni lobbisinin əlində oyuncağa çevrilmiş qələm tutanları uydurma soyqırımı bəhanəsi altında müsəlman Azərbaycanda “erməni anklavı”nın qalmasına çalışırlar. Bu iddiaların və uydurmaların da “Nyu-York Tayms”ın səhifələrində dərc olunması qəzetin obyektivliyinə kölgə salır.

Məsələnin maraqlı tərəfi N.Kristofun Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş baş prokuroru, vəkil Luis Moreno Okamponun uydurmalarına söykənməsidir. Nəyə görəsə N.Kristof yazısında dəfələrlə qalmaqalların mərkəzində olmuş və manipulyasiyada və hüquq normalarının pozulmasında şübhəli bilinən argentinalı vəkilin hesabatına yer ayırır, ancaq beynəlxalq hüquq üzrə ekspert Rodni Diksonun dediklərini diqqətə almır. Budur tərəfsizlik? 

Belə birtərəfli yanaşmalarla N.Kristof kimi jurnalistlər ancaq regionda sülhün bərqərar olmasına mane olmağa can atırlar. Ancaq faydası yoxdur, ermənipərəstlər və kontukturislər nə qədər canfəşanlıq göstərsələr də, Azərbaycan ərazisində “boz zona”nın olmasına imkan verməyəcək. Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir və erməni havasına oynayanların istəsələr də, istəməsələr də, rəsmi Bakı İkinci Qarabağ müharibəsinin nəticələrini dəyişdirməyə imkan verməyəcək.

S.ELAY 
XQ

 

Siyasət