Rubl ucuzlaşmaqda davam edəcək

post-img

Sentyabrın 5-də keçirilən hərracların açılışında dolların məzənnəsi avqustun 16-dan bəri ilk dəfə olaraq səhər saatlarında 97 rubl həddini keçib. ABŞ valyutası əvvəlki günün bağlanışından 0,41 faiz artaraq 97,265 rubl olub. Avronun məzənnəsi 0,35 faiz artaraq 105,05 rubl səviyyəsinə yüksəlib.

Rublun məzənnəsinin sabitləşməsinə yönəlmiş səlahiyyətli orqanlar tərəfindən görülən tədbirlərə baxmayaraq onun ucuzlaşması davam edir. Çox güman ki, ixracatçıların əlavə valyuta satışları rublu daha sürətli ucuzlaşmadan saxlayır.  Rusiyalı ekspert Dmitri Babin valyuta bazarındakı vəziyyəti şərh edərkən deyib: “Ölkədə ixracın azalması, xarici valyutaya tələbin təklifi üstələməsi, büdcə xərclərinin artması və kapitalın çıxarılması kimi faktorlar qalırsa, milli valyutanın ucuzlaşması davam edəcək”.

“Sankt-Peterburq” bankının analitikləri xəbərdarlıq ediblər ki, rublun zəifləməsi  qısamüddətli spekulyativ tələblə deyil, fundamental amillərlə bağlıdır: “Biz hesab edirik ki, uçot dərəcəsinin indiki 12 faiz səviyyəsi, nə də onun sonra artırılması rubla ciddi dəstək verməyəcək”. 

Amma valyuta gəlirlərinin bir hissəsinin məcburi satışı və idxal rüsumlarının tətbiqi rublun ucuzlaşmasını ləngidə və məzənnəni bir müddət dollar üçün 90 rubl, hətta 85 rubl səviyyəsinə qaytara bilər. 

Rusiyanın keçmiş maliyyə naziri Mixail Zadornov bu barədə deyib: “Axırıncı dəfə bir dolların 85 rubla dəyişdirilməsi Moskva birjasında iyunun 26-da qeydə alınıb. Rublun məzənnəsini bu səviyyəyə qaytarmaq üçün bir sıra, o cümlədən inzibati tədbirlər görülməlidir. İlk növbədə ixracatçıların valyuta gəlirlərinin satışına və onun xaricə çıxarılmasına nəzarət gücləndirilməlidir. İdxal tələbatını və buna uyğun olaraq valyutaya tələbatını artıran büdcə və monetar stimullaşdırılması ixtisar edilməlidir”. 

 Mütəxəssislərə görə, bu tədbirlərin özü də qısamüddətli effektlidir, rublun zəifləməsi istiqamətində uzunmüddətli tendensiyanın qarşısını almır.

Valyuta satışına tədbiq olunan məhdudiyyətlər isə təsirsiz ötüşmür. Sentyabrın 4-də vətəndaşların xarici valyuta alışının nə qədər azaldığı məlum olub. Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, Rusiya rezidentləri tərəfindən xarici valyuta alışlarının həcmi birinci rübdəki 256 milyard rubl ilə müqayisədə 62 milyard rubl təşkil edib.

Avqustun sonunda rusların MDB ölkələrinə valyuta köçürmə imkanları da məhdudlaşıb. Məsələn, “Unistream” ödəniş sistemi Tacikistana pul köçürmələrini dayandırıb. Bundan əvvəl rusiyalıların əmanətlərini dollarda saxlamaqdan imtina etdiyi də məlum olub.

Rublun ucuzlaşması Azərbaycana da təsir edir. Rusiya Azərbaycanın qeyri-neft  ixracatında ən böyük ticarət tərəfdaşıdır. Təsirlər də məhz bu istiqamətdə ola bilər. Bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Nəticədə Azərbaycan məhsulları Rusiya bazarında bahalaşa bilər. Bu, Azərbaycandan mal idxalını azalda, Rusiya mallarının Azərbaycana ixracını cəlbedici edər. 

Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürmələrinə də müəyyən təsir göstərir. Rusiyada yaşayan soydaşlarımız qazanclarını rublla əldə edirlər. Ancaq Azərbaycana, ailələrinə pulu dollar və ya avro ilə köçürürlər. Dollar və avro bahalaşdıqca, onlar qazandıqları rublla daha az valyuta ala bilirlər.

Vüqar BAYRAMOV, 
iqtisadçı

Rublun ucuzlaşmasının milli vayutanın məzənnəsinə ciddi təsiri olmayacaq. Hazırda Mərkəzi Bank milli valyutamızın məzənnəsi ilə bağlı hər hansı bir risk görmür. Əlbəttə, növbəti dövrlərdə də manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma bunun üçün də ölkəyə daxil olan valyuta həcminin əvvəlki illərdə olduğu kimi mütəmadi olaraq artması olduqca vacibdir.

Rublun ucuzlaşması fonunda dollara tələb artmaqda davam edir. Avqustun son ongünlüyündə təşkil edilən 3 hərracda rekord dollar satışı qeydə alınıb: 180 milyon 130 min dollar tələb. Əgər avqustun ­22-də tələb 59,9 milyon dollar, ­24-də 61,33 milyon dollar idisə, avqustun 29-da isə Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb  58,9 milyon dollar təşkil edib.

Dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır. Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollara tələbin artması daha çox korporativ faktorlar ilə bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir.

Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər manata psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşdirilməkdə davam etməkdədir.

Pünhan ƏFƏNDİYEV
XQ

 

Dünya