Ermənistan bu dəfə NATO-nun çətiri altına sığınmaq istəyir

post-img

2020-ci ilin payızında Azərbaycanın igid əsgər və zabitləri qeyrət, hünər və şücaət nümayiş etdirərək, erməniləri torpaqlarımızdan qovdular və bununla da Qarabağda tarixi zəfər dastanı yazdılar. Dünya bu gün də Şuşanın fatehlərinin qeyri-adi qəhrəmanlığı qarşısında heyrət və ehtiramını gizlətmir. 

Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökuməti və onların havadarları bundan şoka düşdülər. Ermənilər belə biabırçı məğlubiyyəti gözləmirdilər. Vəziyyətin ağır və çıxılmaz olduğunu görüb təcili surətdə özlərinə arxa, həyan axtarmağa başladılar. 

Həmin çətin dönəmdə ermənilərin yadına düşdü ki, bu ölkə bir neçə il əvvəl Rusiyanın rəhbəri və aparıcı qüvvəsi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu hərbi qurum onu haqqın, ədalətin divanından bəlkə də qoruya bilər. 

N.Paşinyan vaxt itirmədən KTMT-nin üzvlərinə bir-bir zəng edib onlardan “hərtərəfli dəstək və hərbi yardım” dilədi. Bu təşkilat üzvləri isə baş nazirə qurumun nizamnaməsinə istinad edərək bildirdilər ki, KTMT Ermənistanı yalnız xaricdən müdaxilə baş verdiyi halda müdafiə edə bilər. 

Ermənistanın ərazisinə isə kənardan müdaxilə olmamışdı, əksinə, təcavüzkar ölkə qonşu, suveren dövlətin torpaqlarını işğal edərək, burada dəhşətli vandalizm aktları törətmişdi. Şübhəsiz, bütün bu bəd əməllərinə görə erməni caniləri gec-tez layiqli cəzalarını alacaqlar. 

Bəli, Azərbaycan 44 günlük şanlı savaş ərzində öz əzəli və hüquqi ərazilərini işğalçılardan təmizlədi və bununla da bir daha həm düşmənlərə, həm də dostlara bir daha sübut etdi ki, heç bir təcavüzkar xalqımızın və dövlətimizin haqqını əlindən ala bilməz və belə cəhdlərdə bulunanlar heç vaxt cəzasız qalmayacaqlar. 

Ermənistanın siyasi və hərbi isteblişmenti çox vaxt bunu üzə çıxarmağa cəsarət etməsə də, o vaxtdan KTMT rəhbərliyinə qarşı dərin bir kin və qəzəb bəsləyir və ara-sıra bu qurumun ünvanına böhtan xarakterli kəskin tənqidi fikirlər səsləndirir. Bu günlərdə baş nazir N.Paşinyan İtaliyanın “La Republica” qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın milli təhlükəsizliyində yaşanan problemlər Rusiya Federasiyası ilə birbaşa əlaqədardır və guya Moskva erməni xalqı qarşısında öz öhdəliklərinə əməl etməyib. 

Paşinyan qəzetin müxbirinə həmçinin deyib ki, “bizim balaca respublikamız hazırda özünün silah və sursatının 99,9 faizini Rusiyadan alır (əslində hədiyyə olunur-müəllif ) və bu gün Kreml özünün təhlükəsizliyini müdafiə etməkdə çətinlik çəkdiyi üçün Ermənistan onun yadına belə düşmür. 

“Forpost”u tərəfindən səsləndirilən belə məsuliyyətsiz bəyanatlar Moskvada hər dəfə dərin hiddət və qəzəb doğurur və dərhal “şıltaq uşağ”ın qulağını bururlar ki, bir də kiminlə və nə barədə danışdıqlarının fərqinə varsınlar. 

Məlum olduğu kimi, hazırda Ermənistanda “beşinci kolon” kifayət qədər güclü rıçaqlara malikdir. Dərhal hökuməti sağdan-soldan vurmağa başlayırlar ki, Rusiyaya qarşı başından yekə danışmasın. Ermənistan rəsmiləri vəziyyətin kritik olduğunu anlayan kimi, böyük qələt elədiklərini başa düşür və təcili olaraq səhvlərini düzəltməyə cəhd edirlər. 

Amma, son vaxtlar Paşinyan və komandası bu ölkənin milli təhlükəsizliyi ilə bağlı elə mübahisəli və sensasiyalı bəyanatlar verirlər ki, sağlam düşüncəli insanlar onların psixi və fiziki durumlarının normal vəziyyətdə olduğuna şübhə etməli olur. 

Bu günlərdə Şimali ­Atlantika Alyansının, yəni ­NATO-nun genişlənməsi üzrə Avropa Komitəsinin ­rəhbəri Hünter Felinger heç kimin gözləmədiyi halda deyib ki, Ermənistan alyansa üzv olsa, ağıllı iş görmüş olar və o, bu səbəbdən hökuməti belə bir addım atmağa səsləyir. 

Aydın məsələdir ki, bu yersiz və əsaslandırılmamış təşəbbüs heç də şəxsən Felingerin özündən gəlməyib. Ermənistan rəsmiləri dəfələrlə NATO-ya üzv olmaq niyyətində olduqlarını dilə gətiriblər və mediaya sızan məlumatlara görə səhnəarxası bu məsələ ilə bağlı NATO rəhbərliyinə ağız da açıblar. 

NATO-ya qeyri-mümkün üzvlük məsələsi gündəmə gələndə Ermənistandakı bəzi ciddi siyasi qüvvələr dərhal narahatlıqlarını bildiriblər. Məsələn, “Ermənistan” alyansının lideri, parlamentin keçmiş deputatı Andranik Tevanyan deyib  ki, baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı münaqişənin mərkəzində qoyub. Bu, o deməkdir ki,  ölkəmiz parçalanacaq.

A.Tevanyan düz deyir. Artıq 18 aydır ki, Ukraynaya qarşı müharibə aparan Rusiya faktiki olaraq NATO ilə üzbəüz qalıb. Belə çıxır ki, KTMT-dən əlini üzən Paşinyan bu dəfə NATO-nun qapılarını döymək niyyətindədir. 

“Ermənistan” alyansının rəhbəri hazırkı hökumətin xalqın gözündən düşdüyünü vurğulayaraq, xalqın siyasi iradəsilə hakimiyyəti tamamilə dəyişməyi təklif edib. Qeyd edib ki, alyansın üzvləri ev-ev, həyət-həyət gəzərək həyəcan təbili çalırlar. Tevanyanın sözlərinə görə, Ermənistanın milli mövcudluğu təhlükə altındadır.

Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov bildirdi ki, Ermənistan NATO-ya üzv olmaq şansı hazırda sıfıra bərabərdir. Belə ki, Ermənistan hökuməti alyansın ikinci ən böyük ordusuna sahib olan Türkiyəyə qarşı hələ də nə əsassız  torpaq iddialarından, nə də saxta genosid ittihamlarından əl çəkibdir. 

Türkiyə isə NATO-nun əsas qurucularından biridir və bu quruma üzvlük yalnız konsensus yolu ilə mümkün olur. Xatırladaq ki, Rusya–Ukrayna müharibəsi başlanandan qısa müddət sonra Finlandiya və İsveçə hərbi bloka  üzv olmaq üçün müraciət ediblər və Ankaranın prinsipial mövqeyi səbəbindən Stokholm hələ də NATO-ya üzv ola bilmir. 

Qeyd etmək lazımdır ki, Ermənistanın NATO-ya üzv olmaq niyyəti əslində Rusiya ilə Qərb arasında nifaqın böyüməsinə xidmət edir. Bunu Moskvada, eləcə də Qərbdə yaxşı başa düşürlər. O biri tərəfdən, alyans üzvü olmaq hələ milli təhlükəsizliyin tam təmin olunması demək deyil. 

Bu məqamı qeyd etmək yerinə düşər. Bir müddət əvvəl Belarusun qırıcı təyyarələri qonşu Polşanın hava məkanını pozmuşdu. Lakin NATO rəhbərliyi gözlənildiyindən fərqli olaraq, Polşanı müdafiə edəcəyinə söz vermədi. Sözümün canı budur ki, qoy rəsmi İrəvanda boş xəyallara düşməsinlər. Nə NATO, nə də KTMT onların avantürist siyasətini müdafiə etməyəcək. 

Əslində, Ermənistan təcavüzkar ölkə olmasaydı, qonşularının torpaqlarına göz dikməsəydi, onun hər hansı bir hərbi bloka üzv olmasına ehtiyacı qalmazdı. Qonşuları ilə normal əlaqələr qurar, hərtərəfli əməkdaşlıq edərək, ölkəsinin inkişaf və tərəqqisini, əhalisinin rifahını təmin edərdi. 

Təəssüf ki, İrəvanda başqa cür düşünürlər. Orada yenidən revanşistlər baş qaldırmağa başlayıblar. Səhv edir və böyük yalnışlığa yol verirlər. Azərbaycan dövləti ilə zor yolu ilə danışmaq olmaz. Necə deyərlər, “Dəmir yumruq” yerindədir! 

Azərbaycan sühsevər, humanist dövlətdir. Biz qanunlarımızı tanıyan və onlara hörmət göstərən hər bir vətəndaşın, eləcə də erməni millətindən olan insanların hüquqlarını qorumağa və müdafiə etməyə hazırıq. 

Cənubi Qafqazda rifah və tərəqqi sülh və əməkdaşlıqdan keçir. Qatı millətçilik və düşmənçilik heç kəsə fayda verməyib. Bu həqiqəti ermənilər nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır. 

Məsaim ABDULLAYEV 
XQ

 

Siyasət