Mədəniyyət xəbərləri

post-img

Qazax çölünün yaradıcılıq ruhu

Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova Qazaxıstanda keçirilmiş “Botay – Böyük səhranın mədəniyyəti” II Beynəlxalq Simpoziumda iştirak edib.

Simpoziuma dünyanın 9 ölkəsindən 20 rəssam qatılıb. Onlar regionun tarixi və mədəni irsi ilə tanış olub, yeniyetmələr üçün ustad dərsləri keçib, eləcə də “Botay” Respublika Dövlət Muzey–Qoruğunun və Ayırtau rayonunun Şalkar-İmantau kurort zonasının ərazisində plenerdə iştirak ediblər.

Əsmər Nərimanbəyova simpozium çərçivəsində yüzdən çox rəsm əsərinin yaradıldığını deyib: “Sərginin çox gözəl açılış mərasimi keçirildi, yaradıcılığımız tamaşaçılara geniş təqdim olundu. Bu cür simpoziumların təçkili çox gözəl təşəbbüsdür, çünki dünyanın müxtəlif ölkələrindən olan rəssamlar bir məkanda görüşə, təcrübə mübadiləsi apara bilərlər. Bundan əvvəl mən Serbiyada olmuş, orada da forumda iştirak etmişəm. Bu, hər zaman çox maraqlıdır”. 

Aktyorlarımız Rusiya ­serialında oynayırlar

Azərbaycanlı aktyorlar – Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova və Rüstəm Cəbrayılov “Domaşniy” telekanaklının sifarişi ilə “GP Cinema” şirkətinin çəkdiyi“Ərik acısı” adlı Rusiya serialında uğurla çıxış edir.

Çəkilişlər Moskvada və Belorusda aparılır. Filmdə  digər  həmyerlimiz –  rejissor Fuad Şabanov da iştirak edirlər. Əsas süjet xətti bundan ibarətdir ki, çətin doğuş əməliyyatından sonra Annaya ürəkköçürmə əməliyyatı aparılmalıdır və bu, türk xəstəxanasında olmalıdır. Donor isə qəzada həlak olmuş qadındır. Onun dul əri Camal xeyirxahlığı sayəsində həyatı xilas edilən Anna ilə tanış olur...

Filmin rejissoru Aleksandr Moxovdur.

Serbiyada “Sehrli lampa” Qarabağ faciəsinə işıq saldı

Belqrad şəhərində serbiyalı rejissor Aleksandra Manasiyeviçin rəhbərlik etdiyi “Sehrli lampa” Assosiasiyası müharibə, işğal və hərbi təcavüzlər nəticəsində zərər çəkmiş, qaçqın və məcburi köçkünə çevrilmiş insanlara, xüsusilə də uşaqlara cəmiyyətin diqqətini cəlb etmək məqsədilə tamaşa hazırlayıb. 

Tamaşada çıxış edən azyaşlı aktyorlar müharibəyə məruz qalmış bir sıra ölkələri (Azərbaycan, Serbiya, İraq, Fələstin, Suriya) təmsil ediblər. Azərbaycanı təmsil edən uşaq, öz növbəsində xalqımızın Qarabağın işğalından çox əziyyət çəkdiyini, müharibədə 60-dan artıq azyaşlının qətlə yetirildiyini diqqətə çatdırıb.

İctimaiyyət üçün ödənişsiz həyata keçirilən tamaşadan sonra iştirakçılar arasında qaçqın və məcburi köçkünlərin həyatı, üzləşdikləri çətinliklər mövzusunda müzakirələr aparılıb, faşizm təzahürləri pislənib. 

Haaqada “Səfirliklər festivalı”     

Bu ənənəvi festival Niderland  Krallığında akkreditə olunmuş səfirliklərin birgə təşkilatçılığı ilə reallaşıb.  

Müxtəlif ölkələrin təqdim edildiyi  mədəniyyət bayramında Azərbaycanın Niderlanddakı səfirliyi də təmsil olunub. Festivalda iştirakçı dövlətlər öz mədəniyyətlərini, mətbəxlərini, musiqilərini təqdim ediblər.

Festivalda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirlərindən danışılıb, ulu öndərin ölkəmizin tarixindəki böyük rolundan danışılıb. Həmçinin Azərbaycan pavilyonunda ölkəmizin tarixi və mədəniyyətinə dair kitablar nümayiş olunub və milli mətbəxin ləziz təamları təqdim edilib.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumatlandırılıb, onlara broşürlər paylanılıb. Festival çərçivəsində Azərbaycan səfirliyində “Açıq qapı” keçirilib və yerli ictimaiyyətin nümayəndələri qruplar şəklində səfirliyin binası ilə yaxından tanış olublar. Ziyarətçilərə dövlət rəmzlərimiz, xarici siyasətimiz, tariximiz, mədəniyyətimiz və musiqimiz haqqında məlumat verilib. Milli rəqs qrupumuzun çıxışı festivala xüsusi rəng qatıb. Rəngarəng rəqslər təqdim edən qrupun təqdimatı alqışlarla qarşılanıb.

Soydaşımız Fransada musiqi məktəbi yaradıb    

Fransanın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha Musique School” musiqi məktəbinin açılış mərasimi keçirilib.

Yeni məktəbdə piano və vokal musiqi dərsləri, xarici və yerli bəstəkarların əsərləri tədris olunacaq. Açılış mərasimində Fransada “Yamaha” musiqi məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti Kristyan Ros və digər şəxslər iştirak ediblər. Qonaqlar məktəbin fəaliyyətə başlaması münasibətilə azərbaycanlı musiqçini təbrik edib və xoş arzularını çatdırıblar.

Xatırladaq ki, Bakıda anadan olmuş İlahə Ahui burada fortepiano sinfində təhsil alıb və kiçik yaşlarından xor solisti olub. O, 12 yaşında Bakı haqqında ilk mahnısını bəstələyib. Qərb Universitetinin Menecment fakültəsini bitirib.    1999-cu ildə Fransaya köçüb. Kolmar şəhər Milli Konservatoriyasının   dirijorluq və vokal sinfinə daxil olub. Hazırda həmin konservatoriyanın müəllimi olan İlahə Ahui Fransadakı Azərbaycan icmasının fəal üzvlərindəndir. Milli mədəniyyətimizi də təbliğ edir.

Holland yazıçı-publisistin ­Xocalı harayı     

Təhsil işçisi olan, dünyanı öz avtomobili ilə dolaşan səyyah və yazıçı-publisist Henri Van Rens Xocalı soyqırımı haqqında kitabın müəllifidir. Ölkəsindəki Haaqa Ədalət Sarayının önündə keçirdiyi dinc aksiyada Azərbaycanın haqq işinə tərəfdar olduğunu bildirib. 

Ermənistanın Qarabağı 30 il ərzində işğal altında saxlamasını pisləyən Henri Van Rens Azərbaycanın tərəfdarı olduğunu və bunu gizlətmədiyini söyləyib. O,  Niderlandın bəzi kütləvi informasiya vasitələrinin və jurnalistlərinin açıq-aşkar ermənipərəst mövqe tutmalarını, Azərbaycan–Ermənistan sərhədində baş verənləri birtərəfli və qərəzli şəkildə işıqlandırmalarını tənqid edib. 

Xocalı soyqırımı haqqında kitabında Qarabağ həqiqətlərini qələmə aldığını xatırladan yazıçı bildirib ki, Azərbaycan dövlətinin regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərin müsbət nəticə verəcəyinə inanır. O, 2009-cu ildən etibarən hər il  ölkəmizə səfər edir və bütün bölgələrimizi qarış-qarış gəzir. 2020-ci ildəki parlaq zəfərimizdən sonra işğaldan azad edilmiş Ağdamı ziyarət edib və Ermənistanın işğal illərində Azərbaycanın qədim torpaqlarında törətdiyi vəhşiliklərin canlı şahidi olub. 

Niderlandlı yazıçı Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan diasporunun Vyananın məşhur Heldenplatz meydanında “Xocalıya ədalət!” tələbi ilə keçirdiyi Ümumavropa Qarabağ mitinqində də çıxış edərək, dünya ictimaiyyətini “Əsrin faciəsi”ni tanımağa çağırıb və bu qanlı qırğını törədən erməni canilərinin məsuliyyətə cəlb olunmasını tələb edib.

Hazırladı:  
Ə.DOSTƏLİ 
XQ

 











Mədəniyyət