Qaziyə ev tikdilər...

post-img

Vətən müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə  ayağından yaralanıb, 3-cü qrup əlillik alan Nurlan Abbasov artıq neçə gündür ki, el-obadan çıxan xeyriyyəçilərin köməyi ilə tikilmiş yeni evində yaşayır. 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Nurlan Həsənalı oğlu Abbasov “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Onun cəbhədən doğma ünvanına – Masallı rayonunun Çaxırlı kəndinə qayıtdığı gün burada əsl bayrama çevrilmişdi. İlk olaraq kənd qəbiristanına gedən Nurlan orada uyuyan şəhidlərin məzarlarını bir-bir ziyarət edib ruhlarına dualar oxuyandan sonra evə getmişdi. Qapıya gözaydınlığına gələnlərin sayı-hesabı yox idi. Elə həmin gün də xeyirxah insanlar Nurlan üçün ayrıca, rahat bir ev tikməyi qərara almışdılar.

Çox keçmədən ev hazır oldu və təqdimat mərasimi keçirildi. Hamı igid qaziyə və ailəsinə xeyir-dua verdi. Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev də, digər çıxışçılar da qazinin şərəfli döyüş yolunu fəxrlə xatırlayaraq, ölkəmizdə şəhid ailələrinə və Qarabağ qazilərinə diqqətin, qayğının bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir, eyni zamanda qədirbilən xalqımız, xeyriyyəçilər də bu savab işdən kənarda qalmır, bacardıqları qədər onlara  dəstək olurlar. Bunun gözəl nümunələrindən biri də Nurlan üçün ayrıca evin tikilməsidir.   

Onu da deyək ki, istər Nurlan, istərsə də digər qazilər tez-tez yad edilir, onların yanına gələn ziyarətçilər Vətən fədailərini hər zaman urvatda tuturlar. Elə bu yaxınlarda “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi “Vətənpərvərlik klubu” çərçivəsində Vətən müharibəsi Nurlan Abbasova növbəti dəfə baş çəkib. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşüb.

Abbasov Nurlan ­Həsənalı oğlu 2 iyul 1990-cı ildə rayonun Çaxırlı ərazi vahidinin Sarıcəfərli kəndində anadan olub. 2007-ci ildə orta məktəbi bitirib və çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Vətənə layiqincə qulluq edib. II Qarabağ müharibəsi başlanan kimi yenidən hərbi libasını geyinib və silahlanaraq Vətənin müdafiəsinə yollanıb. Torpaqlarımızın düşməndən təmizlənməsi üçün canını, qanını belə əsirgəməyib. Elə buna görədir ki, el-oba içində alnı açıq, üzü ağ gəzir. 

Nurlan 2 övlad atasıdır. Ailəsi, sevimli balaları ilə təzə, geniş və rahat evdə şad-xürrəm yaşayır. Sentyabrın 15-də uşaqlar bu evdən dərsə gedəcəklər. Onların biri 3-cü sinifdə, digəri isə 1-ci sinifdə oxuyacaq. Şagird yoldaşlarına qürurla deyəcəklər ki, ataları Vətən üçün vuruşub.

Ə.ƏLİYEV 
XQ

 

Sosial həyat