“Bakı – Xəbər” Azərbaycanın Bakıdan yayılan səsidir

post-img

Müsahibimiz “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir

– Aydın müəllim, ilk nömrəsinin çapdan çıxmasının 20  illiyi münasibətilə sizi və “Bakı-Xəbər”in bütün kollektivini təbrik edirik. Bilirik ki, bu nəşr demokratik və hüqiqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunu dərinləşdirmək əzmi ilə meydana çıxmış mətbuat orqanıdır. Siz “Bakı-Xəbər”in təsisçisi və baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi, keçilən yola nəzər salanda, ilk növbədə, diqqəti nəyə cəlb edərdiniz?  

– Çox sağ olun. Əslində, 20 il qəzet üçün böyük bir müddət olmasa da, müstəqil Azərbaycanın tarixini götürsək, fikir söyləmək üçün yetərli bir zaman kəsiyidir.   Deməzdim ki, bu 20 il bir göz qırpımında gəlib keçdi. Çünki müstəqil qəzeti yaratmaq inkişaf etdirmək, mərhələdən-mərhələyə, formadan-formaya keçirmək, müasir inkişaf çağırışlarına, tələblərinə uyğun olaraq müasir elektronikanı, texnologiyanın ən mühüm nailiyyətlərini onun fəaliyyətinə tətbiq eləmək, əlbəttə, elə də asan deyil. Bunun arxasında böyük zəhmət dayanır. “Bakı-Xəbər” qəzetinin bir ideya, layihə olaraq meydana gəlməsi elə bir dövrə təsadüf elədi ki, Azərbaycanın çox mürəkkəb, gərgin ictimai-siyasi bir dövrü idi. 

O zaman Azərbaycanda mətbuat bazarı demək olar dolu idi. Yeni bir qəzet yaratmaq, həm də onu qısa bir müddətdə populyarlaşdırmaq iddiasında olmağın özü çox çətin idi. Amma əvvəla, yaradıcı kollektivin müəyyən qəzetçilik təcrübəsinə malik olması, 2-cisi, gələcəyə və öz gücünə inamı, 3-cü də ki, qəzetin yaranmasını zəruri edən amillər bizim uğur qazanmağımızın əsas səbəblərinə çevrildi və çox qısa müddətdə “Bakı-Xəbər”, həqiqətən də, öz dəsti-xəttilə Azərbaycan çap mediası müstəvisində layiqli yerini tuta bildi. Deməzdim ki, 1-ci olduq, ən populyar və ən güclü olduq, amma artıq 2003-cü ilə qədər azı 10 illik təcrübəyə malik olan bir sıra media orqanları ilə müqayisədə biz müəyyən uğur yolu keçdik. 

– Qəzetin əsas məramnaməsi nə idi? 

– “Məramımız cəmiyyətə tərəfsiz və qərəzsiz informasiyalar çatdırmaq idi. Biz ilk gündən qəzet üçün belə bir şüarı seçmişdik: “Demokratiya, güclü iqtisadiyyat Dağlıq Qarabağın açarıdır”. Buna sadiq qalaraq, heç zaman dövlətçilik mövqelərindən çəkilməmişik və bizim üçün Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azad olunması, torpaqlarımızdan erməni işğalçılarının çıxarılması, yəni ölkənin 1991-ci ildə qəbul etdiyi Müstəqillik Aktında göstərildiyi kimi, ərazisi bütöv, süveren bir Azərbaycan dövləti bizim üçün həmişə imperativ olub. Bunu kompromissiz bir vəzifə sayıb, ölkənin, dövlətin bütövlüyünün təmin olunmasına mətbu dəstəyi vermək  bizim üçün hər şeydən öndə idi.  

İllər uzunu, dəqiq desəm, 2020-ci ilə qədər qəzet bu şüarla çap olundu. Həmin ilin noyabr ayında Prezident İlham Əliyevin ağıllı və düşünülmüş siyasəti, diplomatiyası, təşkilatçılığı ilə Qarabağ torpaqları işğalçılardan təmizləndi və onda     biz hesab elədik ki, qəzetin 20 ildən çox müddətdə üstün tutduğu şüarın məzmununda dəyişiklik etmək lazımdır. Cüzi düzəlişlə belə yazdıq: “Demokratiya, güclü iqtisadiyyat da Dağlıq Qarabağın açarıdır”. 

Nəzərə aldıq ki, Qarabağ münaqişəsi artıq həll olunub, bu gün qarşıda dayanan vəzifə azad olunmuş torpaqların bərpası və orada əbədi təhlükəsizlik mexanizmlərinin qurulmasından ibarədir. İndi də o mövqedəyik ki, demokratiyanın olduğu yerdə, demokratik inkişaf kursunun götürüldüyü yerdə Azərbaycan cəmiyyəti ilə, hakimiyyətin və dövlətin arasında heç vaxt problem olmayacaq. Birgə səylərlə iqtisadiyyatımızı da gücləndirəcək, azad olunmuş bölgələri də uğurla bərpa edəcəyik. Eyni zamanda,   o bölgələrin etibarlı, möhkəm müdafiəsini təmin edən ordumuzun da qüdrəti getdikcə gücləndiriləcək. 

– Bütün bunları reallaşdırmaq üçün güclü qələmi olan jurnalist komandası lazımdır. “Bakı-Xəbər”in çətirinin altından, necə deyərlər, şinelindən onlarla jurnalist çıxıb. 

– Bəli, qəzetin əsasını qoyanda artıq bizim peşəkar bir qrupumuz var idi. Kiçik qrup idi, hardasa 12-15 nəfər. Amma hər kəs çiynində siyasi-mətbu və dövlətçilik yükü daşıya bilmək üçün zəruri intellektual bazaya malik idi. Mən əvvəlcədən görürdüm ki, bu, “Bakı – Xəbər”in redaksiyasında bir məktəb formalaşırsa, deməli, bu məktəbin məzunları da olacaq. Yəni, bu məktəbi bitirib getmək istəyənlər, yeni ocaq qurmaq istəyənlər olacaq. Mən bunu öncədən gözə almışdım. Ən azı 20-22 nəfər şəxs var ki, özləri artıq yeni media orqanları təsis ediblər, həmçinin media orqanlarında birinci şəxs olaraq çalışırlar. Sevinirəm ki, hamısı da yüksək peşəkarlardır.      

– Həmkar kimi, bir sual verim: Sizin üçün qəzetinizdə ən sevimli rubrika hansıdır?

– Rubrikaların olması qəzet üçün, mətbuat üçün ənənənəvi formadır. Bu,   informasiyaların çeşidlənməsi baxımından da  gərəklidir. Axı, tutaq ki, iqtisadiyyat və mədəniyyət xəbərini eyni səhifədə yanaşı qoymaq düzgün deyil. Oxucu qəzeti açanda dərhal xəbərə fokuslanır və mədəniyyətə aid xəbəri oxuyur, yanında siyasi xəbəri görəndə sanki proyeksiya pozulur. Rubrikaların hamısı gərəklidir, amma mən vaxtilə siyasətlə daha çox məşğul olduğuma görə, siyasi və ona yaxın olan rubrikaları doğma və cəlbedici sayıram. Yenə də bunlara bir kompleksin elementləri kimi baxıram.  

– Aydın müəllim, cəmiyyət arasında belə fikir də var ki, artıq qəzetlər dəbdən düşüb, oxunmur. İnternetə, sosial şəbəkələrə daha çox üz tutulur, hətta televiziya kanallarına da çox baxılmır.

– Çox təəssüf ki, Azərbaycanda ictimai fikirdə də, mütəxəssis rəyində də bu cür yanaşmalar var. Yəni guya çap mediası artıq köhnəlib, hətta bəziləri ifrata vararaq çap mediasının artıq lüzumsuzluğu kimi bir  fikir də söyləyirlər. Bu, ifrat mövqedir. 

Baxın, qəzetdən, radiodan qabaq teleqraf vardı, sonra televiziya meydana gəldi. Amma bu tərəqqi dalğası həmin vasitələrin hansınısa kənara atmadı. Hamısı bir-birinə bağlıdır və hər biri alternativ media sahəsidir. Gündəlik həyatın arxivləşdirilməsi, ictimai müzakirəyə çıxarılan mövzuların, xəbərlərin mötəbərliyinin daha dərindən araşdırılması, yazı vərdişlərinin formalaşması, ölkənin ədəbi dilinin, danışıq dilinin əsaslarının qorunub saxlanılması baxımından   çap mediasının böyük üstünlükləri var. 

Qəzetin onlayn variantının və onun üzərində internet televiziyasının olması – bunlar formadan-formaya, keyfiyyətdən-keyfiyyətə keçərək qəzetin, mətbu orqanın inkişafını göstərir. Hamısı gücümüzü artıran seqmentlərdir. Bu gün biz internet tv-nin və saytın yayılma coğrafiyası baxımından, demək olar ki, dünyanın hər guşəsinə əl uzada bilirik. Bunu televiziyanın verilişlərinə interaktiv reaksiyalardan görmək mümkündür. Xüsusilə də rus dilində yaymlarımıza, deyim ki, dünyanın bütün qitələrində baxırlar. Yəni rusdilli kütlə harada varsa, orada baxırlar. Hətta Afrikada, Amerikada. Kanadada,  lap elə Ermənistanda, Xankəndidə də audutoriyamız var. Nəyi pisdir ki? Bu imkandan istifadə edərək, Qarabağda sülh məsələsini, Azərbaycanın mövqeyini,     əsl həqiqətləri göstəririk.     

– Aydın müəllim, əhatəli cavablarınıza görə təşəkkür edirik. Bir daha, “Bakı-Xəbər” komandasını təbrik edir və redaksiyanıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Müsahibəni apardı: 
Əli NƏCƏFXANLI 
XQ

 

Müsahibə