İran xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən bu radikal-ekstremist, sağ təmayüllü terror qruplaşmasının əsas məqsədi vətəndaşlarımızı öz təsir dairəsinə salaraq, Azərbaycanda mövcud sivil, dünyəvi dövlətin dayaqlarını laxlatmaq imiş.
Tehran rejiminin alovlu müdafiəçisi rolunda çıxış edən “Hüseynçilər” illərdən bəri din pərdəsi altında Azərbaycan cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olublar. İran xüsusi xidmət orqanlarına bağlı bu radikal-ekstremist, məzhəbçi terror qruplaşmasının məqsədi vətəndaşlarımıza zərərli ideyaları aşılamaqla, onları dövlətə qarşı körükləmək, mövcud quruluşu devirməyə çağırışlar etmək idi. Təlimatlarını Tehrandan alan dini fanatizmin əsirləri zombilər kimi verilən bütün əmrləri sorğu-sualsız icra etməyə hazır olublar.
Ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilb ki, 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək, beynəlxalq axtarışa verilmiş İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kamran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) hazırda İranda gizlənirlər. Aşkar edilib ki, İran xüsusi xidmət orqanları, SEPAH-la yaxından əməkdaşlıq edən bu şəxslər Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaq istiqamətində də ideoloji təxribatla məşğul olublar.
• ARAYIŞ: 2016-cı ilin əvvəlində Tohid İbrahimbəyli adlı radikal terrorçu İranın Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 azərbaycanlı tələbədən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı qruplaşmanı təsis edib. Tələbələrin hamısı hərbi təlim keçib və Suriya ərazisində İŞİD-lə mübarizə aparmaq və Suriya ərəb ordusunu dəstəkləmək üçün Dəməşqə göndərilib.
Hələ ötən əsrin 80-ci illərindən etibarən beynəlxalq təşkilatların hesabatlarında İİR-in adı terrorizmi dəstəkləyən dövlətlər sırasında çəkilir. Tehran bu “imicini” bu gün də qoruyub saxlamaqdadır. ABŞ Dövlət Departamentinin 2019-ci ildə tərtib etdiyi “Terrorla bağlı ölkələrin Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil İrana həsr edilib. Molla rejiminin dəstəklədiyi “Hüseyniyyun” isə son illər İranla Azərbaycan arasında müşahidə edilən qarşıdurmada radikal üsyançı qrup kimi özünü göstərdi. Özünün təhlükəsizlik maraqlarını prioritet sayan rəsmi Bakının Türkiyə, Pakistan və İsraillə hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirməsi Tehran rejimində əməlli-başlı qıcıq yaradır.
“Hüseyniyyun” buna uyğun olaraq, ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı daha radikal mövqe sərgiləməyə başlayıb. İran illər boyu “Hüseynçilər” Hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı, “Şəhriyar” Mədəniyyət Mərkəzi kimi təşkilatların fəaliyyətini stimullaşdıraraq, Azərbaycanın mövcud demokratik quruluşuna qarşı çıxıb. Adı çəkilən təşkilatların hamısı ölkəmizdə ayətullah Xomeyninin “İslam inqilabı doktrinası”nın yayılması, teokratik rejimin tələblərinə uyğun siyasi sistemin yaradılması üçün çalışıblar.
Əslində, bu proses hələ də davam edir. Təsadüfi deyil ki, “Hüseynçilər”in lideri Tohid İbrahimbəyli əqidədaşlarını təkcə İŞİD-lə mübarizəyə deyil, eyni zamanda Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduğunu açıq şəkildə bildirir. Aprelin 3-də Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyanınm təşkilatçısı “Hüseyniyyun” idi. Buraya toplaşan təbrizli “Hüseynçilər”, Azərbaycandakı “sionist rejimə” qarşı aksiyada Bakının İsrail dövləti ilə əlaqəsini qınayıb, Azərbaycanın rəsmi mediasında Xameneinin “təhqir edilməsini qətiyyətlə pisləyiblər”. 2022-ci ilin avqustunda Azərbaycanın Londondakı səfirliyinin binasında düzənlənən tamaşanın “rejissorunun” da bu məzhəbçi terror qruplaşması olduğu təkzib olunmamış versiyalardan biridir.
• ARAYIŞ: İİR-in Ali dini rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi il yarım bundan əvvəl DTX-nın həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində qapadılıb.
* * *
Son bir neçə onillikdə molla rejiminin İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) himayə etdiyi “Livan Hizbullahı”, Yəmən husiləri və İraqın milisləri kimi “Hüseyniyyun” da İranın həm regionda, həm də dünyada yürütdüyü “hərbi-dini strategiyasının” vacib atributuna çevrilib. Bu radikal dini təşkilat qısa müddət ərzində Azərbaycanda fəallaşmağa başladı. Məhz həmin dövrdə ölkəmizdə xarakterinə və icra üslubuna görə o vaxta qədər görünməmiş qanlı hadisələr törədildi. 2018-ci il iyulun 3-də Azərbaycanın ikinci böyük şəhəri Gəncənin İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə binanın qarşısında sui-qəsd edildi. Hüquq-mühafizə orqanları dini radikalların bu cinayəti ilə bağlı dəlillər topladı, əsas şübhəli şəxs Yunis Səfərov həbs edildi. Onun “Hüseyniyyun” qruplaşmasında olduğu, Qumda təlim aldığı və Suriyada döyüşdüyü üzə çıxdı. Yunis Səfərovun həbsindən sonra göstəriş alan “Hüseynçilər” soyuq silahla polisə hücum çəkdi. Bu zaman iki polis əməkdaşı öldürüldü, üçüncüsü isə yaralandı. Həqiqətən də, buna qədər Azərbaycanda bu tip cinayətlər törədilməmişdi. Gəncədəki qanlı olaylara görə məsuliyyəti “Hüseyniyyun”un boynuna götürməsi faktının özü çox mətləblərdən xəbər verir.
İki qonşu ölkə və xalq arasında Tehranın dindən uzaq İslam rejiminin səpdiyi ədavət toxumlarının təmizlənməsi, şübhəsiz, müəyyən vaxt aparacaq. Şübhə doğurmayan proqnoz isə ondan ibarətdir ki, şovinist fars iqtidarı dünyəvi Azərbaycana qarşı hər türlü təxribatlar həyata keçirmək üçün daim münbit zəmin və fürsət axtarışında olacaq.
Yeganə HACIYEVA, politoloq:
– Beynəlxalq hesabatlarda qeyd edilir ki, 1979-cu ildə islamçıların hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturları tərəfindən dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər, terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsini əhatə edib. ABŞ Maliyyə Nazirliyi 2016-cı ildə İranda yaşayan Əl-Qaidənin 3 agentini müəyyənləşdirib və onlara qarşı sanksiyalar tətbiq edib. İndi İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsdiqlənib.
BMT ekspertlər qrupunun 2018-ci il hesabatında göstərilir ki, İran rejimi ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də onlara öz ərazisində sığınacaqlar yaradıb. “Əl-Qaidə” liderlərinin İİR ərazisində “daha aydın göründüyü” bildirilir. İran bu təşkilatın ölkədə qalmasına, maliyyə əməliyyatları aparmasına icazə verib, üzvlərinin Cənubi Asiya və Suriyaya daşınmalarına şərait yaradıb.
Bütün bunlar din pərdəsi altında gerçəkləşdirilən riyakar siyasətdir. Proses dini-ideoloji müstəvidə təqdim edilsə də, mahiyyətcə İran dövlətinin siyasi maraqlarına xidmət edir. SEPAH-ın formalaşdırdığı və maliyyələşdirdiyi “Hüseyniyyun” terror təşkilatı Azərbaycanın Təbrizdəki baş konsulluğunun qarşısında yeni aksiyalar keçirib. Aksiyada azərbaycanlı diplomatlardan İranı tərk etmələri tələb olunub. “Hüseyniyyun” terror təşkilatı İran mediasına verdiyi müsahibədə 2018-ci ildə Gəncə hadisələrinə görə məsuliyyəti öz üzərinə götürüb. Müsahibədən o da aydın olur ki, bu təşkilat Azərbaycanda daha geniş terror aktlarına hazırlaşır.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”