Ermənistan konstitusiya məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş öhdəliklərin konstitusiyaya uyğunluğu barədə martın sonunda verdiyi qərarla bağlı müzakirələr aparılmaqdadır. Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana daxil olacağı təqdirdə həbs edilməsinin mümkünlüyünün təsdiqləndiyi bu qərar ölkə parlamenti tərəfindən ratifikasiya ediləcəyi təqdirdə qüvvəyə minəcəkdir. Ratifikasiya müddəti isə üç aydır. Yəni, üç ayın tamamında ya Ermənistanın ali qanunverici orqanı Roma Statutuna müsbət yanaşmalı, ya da onu rədd etməlidir.
O da məlumdur ki, məlum sənəd onsuz da gərgin olan Ermənistan–Rusiya münasibətlərinə yeni gərginlik çalarları gətirməkdədir. Heç şübhəsiz, duruma rəng qatan, məhz, V.Putinin həbsi ilə bağlı məsələdir. İrəvan rəsmiləri hazırda elə görüntü yaradırlar ki, sanki, Roma Statutunun məğzində dayanan məqam bu deyil. Rusiyadan gələn təpkilər isə mövzuya birbaşa yanaşmanın göstəricisidir. Açıq şəkildə bildirilir ki, Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, ikitərəfli münasibətlər baxımından son dərəcə arzuolunmaz vəziyyət yaranacaqdır. İndiyədək İrəvanın anti-Rusiya davranışlarına təmkinlə yanaşan Moskva dairələri, belə görünür, güzəştə getməməyi üstün tuturlar. Ona görə də, Ermənistana münasibətdə açıq təhdidlər səslənməkdədir.
Belə bir durumda Ermənistan nə etməyi düşünür? Əlbəttə, ilk baxışdan elə təəssürat yaranır ki, sanki, ölkə parlamenti konstitusiya məhkəməsinin çıxardığı qərarı, ümumiyyətlə, ratifikasiya etməyəcəkdir. Ancaq etməyəcəkdirsə, onun müzakirəsi nəyə görə uzanır? Niyə qərar baxılması üçün hökumətə təqdim olunmur? Cavab budur ki, Ermənistan hökuməti yekun qərarını verməyib.
Görünür, həm də ona görə qərar verməyə tələsmir ki, bir növ, ikitərəfli oyun oynayır. Ermənistan həm Qərbə göstərmək istəyir ki, məsələ gündəmdədir, həm də öz aləmində Moskvanı gərginlikdə saxlayır. Hazırkı situasiyada İrəvan üçün Rusiyanın onun xeyrinə nə isə etməsi lazımdır ki, geri çəkilsin və Qərbdəki tərəfdaşlarına da göstərsin ki, Kreml onun mənafeyi baxımdan addım atdığı üçün Putinin həbsini nəzərdə tutan ssenariyə qol qoymaq istəmir. Bəs, Moskvanın İrəvanın mənafeyi baxımından atmalı olduğu addım nə ola bilər?
***
Mövcud istiqamətdə xüsusi düşünməyə ehtiyac yoxdur. Ağla ilk gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Ermənistan qurumun Moskva üçün əhəmiyyəti üzərinə oynamaq yolunu tutur. Ölkə iqtidarı yaxşı anlayır ki, Rusiya KTMT-nin missiyasının Ermənistanda yerləşdirilməsi üçün dəridən-qabıqdan çıxır və hazırkı məqamda bu missiyanı Avropa İttifaqının Azərbaycan–Ermənistan sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki missiyasına alternativ kimi təsəvvürə gətirir. Faktiki olaraq, Kremldə belə düşünürlər ki, Aİ-nin missiyası Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq cəhdidirsə, KTMT-nin mümkün missiyası buna qarşı ciddi müqavimətdir. İrəvanda Moskvanın bu baxışından xəbərdardırlar. Ona görə Roma Statutu ilə əlaqədar müzakirələrin getdiyi hazırkı şəraitdə Ermənistan–KTMT münasibətlərini gündəmə gətirirlər.
Diqqət edək, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan bildirir ki, Ermənistan heç vaxt ölkədə KTMT-nin müşahidə missiyasını yerləşdirməkdən imtina etməyib, hazırda missiyanın yerləşdirilməsini nəzərdə tutan sənədə əlavələr olunmaqdadır. “Ermənistan KTMT-nin müşahidə missiyasını heç vaxt tərk etməyib, sadəcə olaraq, belə bir missiyanın mövcudluğu ilə bağlı sənəd hələ də yenilənmə mərhələsindədir. Bzim üçün vacibdir ki, Ermənistan Respublikasının suveren ərazisi ilə bağlı faktiki baş verənlər obyektiv təqdim olunsun. Təbii ki, bu məqamları qəbul etmədən, vəziyyəti ətraflı qiymətləndirmədən, missiyanın necə olacağı və onun hansı regionda həyata keçirilməsini təsəvvürə gətirmək çətindir”, – deyən parlamentari vurğulayıb ki, İrəvan özünün mövqelərini və istəklərini qane edən layihənin təqdim edildiyini görəndə, o zaman KTMT missiyasının yerləşdirilməsindən danışmaq mümkünə çevriləcəkdir.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu il martın 20-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirmişdi ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur və layihə üzərində iş davam edir. Erməni nazir onu da bildirmişdi ki, “İrəvan öz tərəfdaşlarından Azərbaycanın sentyabr (2022-ci il sentyabrın 12-14-də sərhəddə baş vermiş hərbi toqquşma nəzərdə tutulur – red.) təcavüzünə siyasi qiymət verməsini gözləyir”. Daha doğrusu, İrəvanın gözlədiyi Azərbaycanı işğalçı kimi, KTMT tərəfindən rəsmən tanınmasıdır.
Göründüyü kimi, Ermənistan Rusiyadan Azərbaycana qarşı sərt və prinsipal addım atmağı gözləyir. Roma Statutu ilə bağlı durumun gündəmə gəldiyi hazırkı şəraitdə KTMT məsələsinin qabardılması, heç şübhəsiz, İrəvanın Moskvaya ünvanladığı mesajdır. Bu, həm də şantajdır. Baş nazir Nikol Paşinyan administrasiyası hesab edir ki, indiki durumda Rusiyanın Ermənistanla bağlılığı KTMT çərçivəsindədir və qurum birbaşa İrəvanın maraq və mənafelərindən çıxış etməsə, bağlılıq da aradan qalxacaqdır. Əgər bağlılıq aradan qalxacaqsa, deməli, İrəvan yönünü, tamamilə, Qərbə tərəf çevirəcəkdir. Bu gedişatda isə Putinin Ermənistana daxil olacağı təqdirdə dərhal həbsi də mümkündür.
Əlbəttə, demək olmaz ki, Paşinyan administrasiyası üçün belə bir ciddi qərarı vermək asandır. Üstəlik, nəzərə alaq ki, Rusiyada da Ermənistanın planından xəbərdardırlar. Hər bir halda ikinci birincinin əsəbini bu mövzuda tarıma çəkməyə üstünlük verməkdədir. Ona görə Ermənistan konstitusiya məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş öhdəliklərin əsas qanuna uyğunluğu barədə qərarının parlament tərəfindən ratifikasiyası ilə bağlı məsələ uzanır.
Bu məqamda Rusiyanın atacağı addım önəmlidir. Əlbəttə, Moskvada sözügedən məsələnin oyun olduğunu və İrəvanın heç vaxt Roma Statutunu ratifikasiya etməyə cəsarətinin çata bilməyəcəyini də düşünürlər. Onlar onu da başa düşürlər ki, hazırda Paşinyan administrasiyasının KTMT müstəvisindəki canfəşanlığı Azərbaycan əleyhinə nə isə qoparmaq məqsədinə köklənişdir. Belədə sual yaranır: Moskva Bakı ilə münasibətləri gərginləşdirmək istəyərmi? Digər tərəfdən, nəzərə alaq ki, KTMT müstəvisində Azərbaycana qarşı hər hansı addım quruma üzv olan və ölkəmizlə kifayət qədər isti münasibətlərə malik dövlətləri də pis vəziyyətdə qoymaqdır.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”