Anastasiya Lavrina: Rusiyada artıq çoxdan başa düşüblər ki, Ermənistanı nə konstruktiv, nə də etibarlı “müttəfiq” saymaq olmaz

post-img

Əgər İrəvanda hesab edirdilərsə ki, onlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri sülhməramlıların himayəsi altında cəzasız qalmaqla poza bilərlər, o halda son hadisələr Bakının buna heç vaxt yol verməyəcəyinin bariz nümunəsi oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Rus İcması sədrinin birinci müavini, siyasi şərhçi Anastasiya Lavrina deyib.

–Heç kim üçün sirr deyil ki, Rusiya ilə Ermənistan arasında münasibətlər uçuruma doğru gedir, Roma Statutunu qanuni hesab edən Ermənistan Konstitusiya Məhkəməsinin qərarı sanki odun üzərinə yağ töküb. Moskvada bu qərar həddən artıq mənfi reaksiyaya səbəb olub. Bu, 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistanın Rusiyaya münasibətdə ilk məkrli addımı deyil. Sizcə, rəsmi İrəvanın Qərb istiqamətində buna bənzər hərəkətləri nə ilə nəticələnəcək?

–Zənnimcə, Rusiyada artıq çoxdan başa düşüblər ki, Ermənistanı nə konstruktiv, nə də etibarlı “müttəfiq” saymaq olmaz, hərçənd rəsmi səviyyədə və layihələr çərçivəsində əməkdaşlıq davam edir. Problem ondadır ki, Ermənistan müxtəlif qüvvələrin ondan istifadə etməsinə imkanı verir və bu da çətinliklərə, gah Rusiyaya, gah İrana, gah da Qərbə tərəf, daha dəqiq desək, Fransa və ABŞ istiqamətinə reveransların yaranmasına səbəb olur. Bu, ilk növbədə Ermənistanın özü üçün siyasi və iqtisadi qeyri-sabitliyə gətirib çıxarır. Özü də bu, yaxşı halda belədir. Pis halda Ermənistanı Suriyanın taleyi gözləyə bilər. Öz ərazisində mübarizə aparan tərəflərin bu sayda hərbi qüvvələrinin bir yerə toplanması hələ heç bir ölkəyə fayda gətirməyib. Yaşadıqları ölkədən asılı olmayaraq, Ermənistana zorla öz qaydalarını qəbul etdirən erməni diasporunun təsirini də yaddan çıxarmaq lazım deyil.

Ermənistanın hakimiyyət orqanları Beynəlxalq Cinayət Məhkəməsi haqqında müqaviləni ratifikasiya etmək qərarı ilə Rusiyanı yalnız daha da acıqlandırdılar. İrəvanda fikirləşirdilər ki, bu qərarın guya Azərbaycanı “məsuliyyətə cəlb etmək” məqsədi daşıması barədə bəyanatlarla öz hərəkətlərini ört-basdır edə biləcəklər. Lakin “yalnız iştirakçı-dövlətin ərazisində törədilən, yaxud da iştirakçı-dövlətin vətəndaşı tərəfindən törədilən cinayətlər məhkəmənin səlahiyyətinə daxildir”. Buradan da bu irəli gəlir ki, Ermənistanın həmin müqaviləyə qoşulması Azərbaycan üçün heç bir fəsad törətməyəcək. Niyə Ermənistan belə bir qərar qəbul edilməsini illərdir uzadıb və məhz Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin həbsinə order verdiyi vaxt qəbul edib?! Bax, bu barədə düşünməyə dəyər... Ehtimal ki, İrəvan öz avropalı həmkarlarına loyallıq nümayiş etdirmək və onların dəstəyini əldə etmək istəyir. Belə olan halda bu, heç də Ermənistan-Rusiya münasibətlərinin xeyrinə olmayacaq.

–Siz regionda yaranmış vəziyyəti necə dəyərləndirirsiniz? Bu vəziyyət Ermənistanın təxribatçı hərəkətləri və qonşu İranın Azərbaycana münasibətdə bəzən son dərəcə düşməncəsinə çıxışları fonunda nə qədər təhlükəlidir?

–Regionda vəziyyət gərgin olaraq qalmaqdadır. Azərbaycan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstərir, inteqrasiyanın inkişafı təşəbbüsləri ilə çıxış edir. Lakin Ermənistan və İran ayrı cür düşünürlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi lap əvvəl gündən bu iki ölkəyə “sərf etmirdi”. İran İslam Respublikası Azərbaycanın sürətli inkişafını və möhkəmlənən imicini qəbul etmir. Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu illərdə İran şirkətləri orada qeyri-qanuni fəaliyyətlə məşğul olur, Qarabağa yük daşıyır, Ermənistan tərəfindən təbii ehtiyatların talanmasına və məscidlərin dağıdılmasına göz yumurdular. Əgər kimsə Tehranın narazılığını Azərbaycanın İsraildə səfirlik açmaq qərarı ilə əlaqələndirirsə, o halda bundan xeyli əvvəl İranın destruktiv hərəkətlərini yada salmaq yerinə düşər. 2021-ci ildə bu ölkə Azərbaycanla sərhəddə təlimlər keçirib. Zəngəzur dəhlizinin işə salınmasına qarşı İranda çıxış edənlər var. Azərbaycanda İran casus şəbəkəsinin ifşa olunması onu deməyə əsas verir ki, İran artıq çoxdan bizim ölkəmizdə təxribatçı fəaliyyətlə məşğul olub. İran-Ermənistan qardaşlığının bütün region üçün təhlükə olması barədə Azərbaycan Xarici İşlər Nazirliyinin fikri ilə tamamilə razıyam. Nə qədər ki, dünyanın böyük ölkələri Rusiya və Ukrayna arasında müharibə ilə məşğuldur, İran regionda təsirini artırmaqdan ötrü var gücü ilə Ermənistanın iradəsizliyindən istifadə edir.

Azərbaycan heç vaxt nə özünün, nə də ərazilərinin digər ölkələrə qarşı istifadə olunmasına imkan verməyib. Bu gün tərəfdaş ölkələr ilə əməkdaşlığı inkişaf etdirən Bakı üçüncü ölkələrin işinə qarışmaq niyyətində deyil. Şübhəsiz ki, Azərbaycanın daxili işlərinə hər hansı müdaxilə cəhdlərinin və təxribatçı hərəkətlərin qarşısı alınacaq.

–Ermənistanın baş naziri dəfələrlə bəyan edib ki, 2020-ci ilin noyabr razılaşmalarına əsasən Rusiyanın mövqeyini, yumşaq desək, fəaliyyətsiz hesab edir. O, xüsusilə Rusiya sülhməramlılarının “Qarabağın blokadasına yol verməsi” ilə bağlı narazılığını ifadə edib. Siz Gürcüstanın və Avropanın Ermənistanda arzuolunan vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarını həyat qabiliyyətli hesab edirsinizmi?

–Ermənistan həmişə öz səhvlərinə görə təqsirkarlar axtarır. 2020-ci ildə döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), xüsusən də Rusiyanın fəaliyyətsizliyindən narazılığını bildirdi. Avropa ölkələri və ABŞ-ın ünvanına ittihamlar səsləndi. Ermənistanın hərəkət tərzi belədir - hər yerdə həmişə özünü qurban kimi qələmə vermək və kömək istəmək, imtina olunduğu halda xəyanətdə ittiham etmək.

Azərbaycan heç vaxt danışıqlardan və görüşlərdən imtina etməyib. Danışıqların Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən Brüssel formatı da aktualdır. Yada salmaq yerinə düşər ki, son görüş Ermənistan tərəfindən Fransa Prezidentinin görüşdə iştirakı barədə Azərbaycan üçün qəbuledilməz olan təklifin irəli sürülməsi səbəbindən baş tutmamışdı. Bununla yanaşı, fikrimcə, Brüssel formatı çox mühümdür. Gürcüstanı da istisna etmək olmaz. Görünür, Ermənistan regionda vəziyyət barədə dezinformasiyanın yayılması üçün Fransa ilə özünün xüsusi münasibətlərindən və öz lobbiçi qruplarından istifadə etməyə cəhd göstərir. Parisin vasitəçiliyi ilə Avropa İttifaqının saxta mülki missiyasının Ermənistana, Azərbaycan ilə sərhədə göndərilməsi barədə qərar qəbul olunub. Bu missiyanın başçısı bu yaxınlarda guya Azərbaycan tərəfindən hazırlanan hücum barədə əsassız bəyanat verib. Bu cür yalan bəyanatlar sadəcə yolverilməzdir.

–Şübhəsiz, Ermənistan hakimiyyət orqanlarının məsuliyyətsiz, sağlam düşüncədən məhrum olan hərəkətlərindən, ilk növbədə, Qarabağda yaşayan ermənilər – Azərbaycanın sadə vətəndaşları əziyyət çəkirlər. Onların həyatının öz axarında davam etməsi barədə deyilənlərə baxmayaraq, Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında postların sayının artması hər cür sözdən parlaqdır. Ola bilərmi ki, belə addım təkcə təhlükəsizlik tədbirlərindən daha çox ermənilərin Ermənistana kütləvi axınının qarşısını almaq arzusu ilə diktə olunur?

–Qarabağın etnik erməniləri təqribən 30 il yalnız şəxsi siyasi və maliyyə maraqlarını düşünən Ermənistanın və Qarabağdakı qanunsuz rejimin əlində girov olublar. Laçın yolunda ekofəalların dinc aksiyasına uyğun Ermənistanda “blokada” sözünü istifadə edirlər və bu, həqiqətə uyğun deyil. Onlar Qarabağ ermənilərinin həqiqətən blokadada, İrəvanın siyasi intriqalarının əsiri olmalarını yada salsalar yerinə düşər. Ermənilərin işğal etdikləri ərazilərə işğal dövründə üçüncü ölkələrdən, daha çox Yaxın Şərq, Suriya, Livandan qanunsuz məskunlaşdırma həyata keçirərək, Ermənistan əbəs yerə Cənubi Qafqazda demoqrafiya fonunu dəyişməyə çalışırdı. Eyni zamanda, Ermənistan Respublikasının əhalisi sürətlə azalır, Ermənistanın işğal etdiyi ərazilərdə əhalinin sayı süni şəkildə artırdı. Görünür, yalnız əlaqəsi, pulu və qalmağa yeri olanlar ölkədən gedə bilirdilər. Bakı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesinin başlanmasına hazırlıq barədə dəfələrlə bəyan edib, axı onlar bizim vətəndaşlarımızdır. Zənnimcə, əgər revanşist dairələrin zərərli təsiri olmasaydı, həmin ermənilərin əksəriyyəti inteqrasiyaya çoxdan razılaşardılar. Ermənilərin Azərbaycan hərbçilərinə kömək barədə müraciət halları hamının yadındadır. Lakin sonradan onların ünvanına həmin revanşistlər tərəfindən çoxlu hədələr daxil olub. Bu səbəbdən, mən sizin sualınızın cavabında deməzdim ki, hazırda Qarabağda oradan köçməyi arzulayanlar çoxdur. Əksinə, mənə elə gəlir ki, Qarabağ erməniləri tədricən ayılır və multikultural Azərbaycan cəmiyyətinə inteqrasiyanın onlar üçün nə dərəcədə faydalı olduğunu anlayırlar.

–Rusiya sülhməramlı kontingentindən danışarkən, bizim ölkə üçün vacib olan məsələyə toxunmaya bilmərəm... Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistandan olan silahlı dəstələr üçün Ermənistandan hərbi daşımaları bütün razılaşmalara rəğmən müşayiət edən Rusiya sülhməramlı kontingentinin davranışını necə qiymətləndirmək olar? Sizin fikrinizcə, bu cür davranış nə ilə diktə olunub?

–Rusiya sülhməramlı kontingentinin belə davranışına Bakı dəfələrlə narazılığını bildirib. Regionda sülhün hökm sürməsi üçün Qarabağın hərbiləşdirilməsinin qarşısını almaq, Ermənistandan hərbi texnikanın, döyüş sursatlarının və minaların daşınmasına son qoymaq lazımdır. Ekofəalların aksiyasının başlanması ilə Ermənistan Laçın yolu vasitəsilə belə daşımaların icrası imkanını itirdi və dolama yollar axtarmağa başladı. Məlumdur ki, Qarabağın hərbiləşdirilməsi yeni qarşıdurmalara gətirib çıxara bilər və bu da, fikrimcə, heç də rusiyalı sülhməramlıların marağında deyil.

Ermənistanla sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin Azərbaycan tərəfindən öz nəzarətinə götürülməsi və nəzarət-buraxılış məntəqəsinin qurulmasının müzakirə edilməsi hər kəsin xeyrinə olar. Moskva nəzarət-buraxılış məntəqəsinə qarşı fikir bildirməyib, deməli etiraz etmir. Əgər İrəvanda hesab edirdilərsə ki, onlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri sülhməramlıların himayəsi altında cəzasız qalmaqla poza bilərlər, o halda son hadisələr Bakının buna heç vaxt yol verməyəcəyinin bariz nümunəsi oldu.

Nadiyə Qafarova

Publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Siyasət