Tural Gəncəliyev: Ölkəmizdə sabitliyi pozmaq istəyənlər mütləq ifşa olunacaqlar

post-img

Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd məqsədilə həyata keçirilən terror hadisəsi təkcə bir nəfərin həyatına qəsd deyil. Bu, bütün Azərbaycan xalqına və dövlətinə qarşı törədilən terror hadisəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Terror hadisəsinin təsadüfi törədilmədiyini diqqətə çatdıran deputat bildirib ki, cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, ələlxüsus da SEPAH-ın dayandığını aydın şəkildə göstərir. Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir.

Bütün bu qruplaşmalar cinayət məsuliyyətinə cəlb edilməli və qanun qarşısında cavab verməlidir, sərt şəkildə cəzalandırılmalıdır. Ölkəmizdə sabitliyi pozmaq istəyənlər mütləq ifşa olunacaqlar. Buna əmin ola bilərlər.

Onun sözlərinə görə, Azərbaycanın 2020-ci ildə tarixi Zəfərindən sonra Ermənistan və İran da daxil olmaqla bəzi qüvvələrin eyni cəbhədə birləşdiklərini görürük. Bu qüvvələr hər vəchlə ölkəmizə qarşı məkrli və çirkin planlar həyata keçirməyə çalışırlar. Azərbaycan nə qədər praqmatik və konstruktiv siyasət aparsa da, təzyiqlərin qarşısını almağa çalışsa da, onlar dayanmaq istəmirlər. Regionda və dünyada nüfuzu gündən-günə güclənən Azərbaycana qarşı siyasətlərində daha iyrənc vasitələrə, çirkin əməllərə əl atırlar. Təəssüflər olsun ki, ölkəmizi istəməyən bədxahlar bütün qüvvələrini səfərbər ediblər. Bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edildi, bir vətəndaşımız həlak oldu, 2 nəfər isə yaralandı. Bütün dünya bunu terror aktı kimi qiymətləndirib.

“Təbii ki, bütün bunlar Azərbaycana qarşı təzyiq kimi nəzərdə tutulmuşdursa, bədxahların niyyətləri puça çıxacaq. Biz əksinə bu cür təzyiqlər qarşısında daha mətin olacaq və öz liderimizin ətrafında daha sıx birləşəcəyik. Hazırda dünyada baş verən geosiyasi reallıqlar, beynəlxalq hüququn işləməməsi ona gətirib çıxarıb ki, günün günorta çağı Tehrandakı səfirliyimizə basqın olur, adam öldürülür, daha sonra ölkənin qanunvericilik orqanının nümayəndəsinə qarşı terror aktı törədilir. Xalqımız xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.

Azərbaycan xalqının və dövlətinin səbri sərhədsiz deyil və hər şeyin həddi var. Regionda güc və söz sahibi olan Azərbaycana qarşı bu cür hərəkətlər yolverilməzdir. Biz Vətən müharibəsində Qələbəmizdən sonra dünyaya öz suverenliyimizi qorumaq iqtidarında olduğumuzu sübut etmişik. Biz öz mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik”, - deyə Tural Gəncəliyev vurğulayıb.

Siyasət