Cocuq Mərcanlı məktəbində şanlı Qələbənin başlanğıcı olan Aprel döyüşlərindən danışılıb

post-img

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məktəbində “Aprel döyüşləri - şanlı Qələbənin başlanğıcı” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə kənd məktəbinin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Məktəbin bir qrup şagird və müəllimi Füzuli rayonu ərazisində yerləşən “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.

Kənd məktəbində davam edən toplantıda Dövlət himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin müəllimi Elza Hacıyeva çıxış edərək 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verib. Bildirilib ki, məhz Aprel qələbəsi Qarabağa açılan qapı oldu. Həmin qələbədən sonra Cocuq Mərcanlıda həyat canlamağa başladı. Uzun illər Vətən həsrəti ilə yaşayan sakinlər öz doğma kəndinə geri döndü.

Həmçinin diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də düşmən təxribatına məruz qalan yaşayış yerlərindən biri də Cocuq Mərcanlı kəndi oldu. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusuna güvənən kənd sakinləri doğma yurdunu tərk etmədi. Ordumuz tərəfindən başlanan əks hücum nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Cəmi 44 gün davam edən Zəfər yürüşü qələbə ilə nəticələndi və digər rayon və kəndlərimiz düşmən tapdağından azad edildi. Qeyd olunub ki, artıq Böyük Qayıdışın ilkin mərhələsində bir çox sakinlər öz doğma yurduna qayıdıb və azad edilən ərazilərdə hazırda sürətli tikinti-quruculuq işləri görülür. Bu da onu deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərdə həyat çox qısa zamanda öz axarına qayıdacaq.

Sonda şagirdlərin ifasında vətənpərvər ruhda şeirlər səsləndirilib.

 

coc1.jpg

coc2.jpg

Sosial həyat