Kanada radiosunda azərbaycanlı aparıcı

post-img

Kanadadakı Azərbaycan icmasının fəal üzvü, Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Rəna Fərəcova “AccessNow Community” Radiosunun “Recaynanın mədəni səsləri” (Cultural Voices of Regina) proqramında aparıcılığa başlayıb.

XQ xəbər verir ki, proqramda Recayna şəhərinin çoxmədəniyyətli mühiti, mədəni zənginliyi və müxtəlif xalqlara məxsus insan hekayələri dinləyicilərə çatdırılır. Veriliş şəhərdə yaşayan fərqli icmaların təcrübələrini, qarşılaşdıqları çətinlikləri və qazandıqları uğurları geniş auditoriya ilə bölüşərək ictimai dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verir.

Proqram Recayna Multikultural Şurasının təşəbbüsü ilə hazırlanır və multikultural dəyərlərin inkişafına yönələn məzmunları ilə diqqət çəkir.

Proqramın ilk buraxılışında Recayna Multikultural Şurasının və “Mozaika festivalı”nın icraçı direktoru Con Findura, festivalın rəhbəri və Recayna Multikultural Şurasının vitse-prezidenti Terry Zvariç qonaq olub. Onlar bildiriblər ki, yeni layihə multikultural dəyərlərin təbliği, icmalar arasında əlaqələrin möhkəmləndirilməsi və müxtəlif xalqların nümayəndələrinin fikirlərinin daha geniş auditoriyaya çatdırılması üçün mühüm platformadır. Həmçinin “Mozaika festivalı” kimi şəhər üçün əhəmiyyətli mədəni tədbirlərin və onların icma həyatındakı rolunun vacibliyi barədə fikirlərini bölüşüblər.

Soydaşımızın aparıcılığı ilə yayımlanan proqram qısa zamanda icma daxilində böyük maraq qazanıb.

Proqram hər həftənin cümə günü saat 18:00 - 19:00 aralığında AccessNow Radio 91.3 CJTR üzərindən yayımlanır.

Mədəniyyət