Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair-publisist, AYB-nin üzvü, Beynəlxalq Elmlər Akademiyasının akademi Emil Nəsirlinin danimarka dilinə tərcümə edilmiş “Həsrət” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri olan Səlim Babullaoğlu Emil Nəsirlini təqdim edərək onun həyat və yaradıcılığı barədə qısa məlumat verib.
Səlim Babullaoğlu vurğulayıb ki, Emil Nəsirlinin vətən və millət duyğuları, düşüncələri onun bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Bu, çox təbiidir. Özünü tanımaq, kim olduğunu bilmək həm hər bir insan, həm toplum, həm də millət üçün yaşamağın, var olmağın, həyatda aldanmamağın birinci şərtidir. Özünü tanımaq, hər şeydən öncə, özünə güvənmək deməkdir. İçində bu güvənci olmayan insanın varlığı, yoxluğu bilinməz. Çünki özünə güvənmə yaşamaq üçün lazım olan mənəvi gücün, fiziki qüvvənin ilkin qaynağıdır. Özünü tanıyan və özünə güvənən insanlar arasında şairlər birinci yerdə durur. Mən şair deyəndə şeir yazanların hamısını nəzərdə tutmuram. Yüz şeir yazandan biri şairdisə, bu böyük şeydi.
Qeyd edilib ki, Emil Nəsirli 1974-cü il iyulun 12-də Bakı şəhərində anadan olub. 1981-1991-ci illərdə Bakı şəhəri Nəsimi rayonu M.Ə.Sabir adına 174 saylı orta məktəbdə təhsil alıb. 1991-1996-cı illərdə Azərbay-can Dövlət İqtisad Universitetini əmtəəşünas ixtisası üzrə bitirib. 1997-2000-ci illərdə Azərbay-can Sənaye İnvestisiya Bankının “Təchizat” filialında kredit mütəxəssisi, mühasib və baş mühasib vəzifələrin-də çalışıb. 2000-2005-ci illərdə Birləşmiş Universal Səhmdar Bankında (BUS Bank) baş mütəxəssis, kredit şöbəsinin müdiri vəzifələrində fəaliyyətini davam etdirmiş, 2005-2008-ci illərdə “Kapital Bank” ASC-də kredit mütəxəssisi, sonralar “Kapital Bank” ASC-nin Sabunçu filialının müdir müavini vəzi-fəsində işləmişdir. Respublikanın bank sferasında fəaliyyət göstərdiyi dövrlərdə dəfələrlə uzun müddət fasiləsiz peşəkar xidmətinə görə Bank rəhbərliyinin təbrik məktubu, xüsusi döş nişanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb. 2008-ci ildən Emil Nəsirli öz fəaliyyətini jurnalistikaya doğru istiqamətləndirərək dünyada və ölkəmizdə baş verən hadisələri obyektiv və dolğun işıqlandırmağa nail olmaqla, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyalarının təbliğinə yönəlmiş siyasəti dəstəkləmiş və hazırda da Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxistiqamətli uğurlu siyasətə dəstək olmaqla jurnalistikanın inkişafına və təbliğinə öz töhfəsini verib. Emil Nəsirli 2004-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməklə “Azərbaycanım” beynəlxalq jurnalını təsis etmiş və həmin dövrdən “Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində yayılaraq geniş oxucu kütləsində maraq doğuran nüfuzlu nəşrə çevrilib. Emil Nəsirlinin baş redaktorluğu ilə nəfis şəkildə hazırlanaraq dərc olunan “Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını müasirləşdirərək, diaspor təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığın davam etməsinə səy göstərib, yaradıcılıq əsərlərinin məzmunluluğu, onları təqdimetmə formalarının orijinallığı, materialların janr tələblərinə uyğunluğu daim oxucuları cəlb edib. Emil Nəsirli 2016-cı ildə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinin “İlin jurnalisti” mükafatına layiq görülməsi ilə bağlı təşkil etdiyi müsabiqənin qalibi olmuş və Bakı şəhərində keçirilən mükafatlandırma mərasimində Münsiflər heyətinin qərarına əsasən “İlin jurnalisti-2016” mükafatı ilə təltif olunub. 2010-cu ildə peşəkar yaradıcılıq fəaliyyətinə görə və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində yorulmaz fəaliyyətinə görə Emil Nəsirli “Qızıl Qələm” media mükafatına layiq görülüb. 2021-ci ildən Beynəlxalq Elmlər Akademiyasının /AS H&E/ akademiki, Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib. 2022-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin “Qızıl döş nişanı”, 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Emil Nəsirli Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya və Gürcüstan Yazıçılar Birliklərinin üzvüdür. Emil Nəsirli 150-dən çox nəşrin, o cümlədən 14 kitabın, yerli və xarici nəşriyyatların aparıcı elmi jurnallarında 300-dən çox ictimai-siyasi, elmi-publisistik məqalənin müəllifidir.
Görüşdə çıxış edən tanınmış şair-publisist Emil Nəsirli ilk öncə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və dəvətini qəbul edərək nəfis şəkildə çap olunmuş və danimarka dilinə tərcümə edilmiş “Həsrət” adlı şeirlər kitabımın təqdimat mərasiminə gələn qonaqlara minnətdarlığını bildirib. Sonra yeni nəşr olunmuş “Həsrət” kitabındakı şeirlərindən bəhs edərək vurğulayıb ki, fəlsəfi dünyagörüşündə vicdan anlayışı mühüm yer tutur. Ona görə də yaradıcılığımda insanın sözünə, əməlinə və mövqeyinə görə məsuliyyət daşıdığını vurğulayıb. “Mənim üçün susmaq da bəzən yanlış seçim ola bilər. Bu yanaşma mənim yaradıcılığımda etik fəlsəfənin – insanın mənəvi borcunun ön planda olduğunu göstərir. Bir şair kimi oxucularımı biganə qalmamağa, haqq və ədalət tərəfdə durmağa, dostluqda vəfalı olmağa çağırıram” -deyə qeyd edən Emil Nəsirli tədbirdə 2015-ci ildə yazdığı “Dostları” şeirini səsləndirib.
Görüşdə Azərbaycan Yazıçılar Birliyi Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzinin səfri, ədəbi- tənqidçi Əsəd Cahangir, Ensiklopediya Nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikrət Nağıyev, Danimarkada yaşayıb fəaliyyət göstərən və “Həsrət” kitabını danimarka dilinə tərcümə edən Danimarka və Türkiyə Yazıçılar Birliklərinin üzvü Hüseyn Duyğu, Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti Əli Nur və başqaları çıxış edərək bildiriblər ki, Emil Nəsirli də yeni söz deməyə can atan cavan şairlərdəndir. Və onun şeirlərindəki təzəliklər ənənəyə yaradıcı münasibətdən irəli gəlir. Emil Nəsirlinin şeirlərində özünəməxsusluq onun sözə münasibətindəki orijinal yanaşmadan başlayır. O, dəfələrlə işlənən bədii təsvir vasitələrinə, təşbihlərə yenidən müraciət edəndə deyilənləri təkrar eləmir, yenisini yaradır. Həm də obyekti, nəsnəni mənalandırarkən onda yeni çalarları görməyi və bunları şeirə gətirməyi bacarır.
Tədbirin sonunda şair-publisist Emil Nəsirli danimarka dilinə tərcümə edilmiş “Həsrət” kitabını tədbir iştirakçılarına hədiyyə edib.













