İrəvanla Tehranı uydurma xəritələr xülyası qardaşlaşdırıb

post-img

Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işlə­mişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim ke­çirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Hər iki məqsəd təhlükəlidir – “Bö­yük Ermənistan” da, “Şiə Ayparası” da. Hər iki məram təkcə Tehranla İrə­van üçün deyil, region və Avrasiya üçün də olduqca qaranlıq perspek­tivlər vəd edir. Məhz ona görə də bey­nəlxalq aləmdəki mütərəqqi düşüncəli siyasətçi və ziyalılar bu absurd iddi­aların qarşısının mümkün qədər tez alınması zərurətini qabardırlar. 

Ermənilərin uydurduğu “Böyük Er­mənistan” xülyasının təməlində sırf kim­lərinsə – bəli, haylar təkcə Azərbaycana deyil, digər qonşulara da ərazi iddiası irəli sürürlər– ərazisi hesabına özlərinə “zırpı” bir dövlət yaratmaq məqsədi da­yanır. Yəni əsrlər boyu dünyanın bir çox ərazilərindən qovulmuş – zaman sübut edir ki, onları qovanların hamısı haqlı ol­muşdur – hayların bu regionda daha bö­yük ərazini işğal və ya ilhaq etmək cəhdi təzə məsələ deyil. Bu məkrli və iyrənc məqsədin kökü qədimdir. Bunu normal düşüncə sahibləri bilir və qınayırlar. 

İranın absurd və uydurma iddiası isə bu ölkədə İslam Respublikasının yara­dılmasından sonra ortaya çıxmışdır. Bu məqsədin təməlində süni olaraq şişir­dilən teoloji ixtilaflar dayanır. Ötən əsrin yetmişinci illərinin sonundakı inqilabdan sonra yaranan teokratik dövlət özü üçün “Şiə Ayparası” adlanan xəyali bir ərazi düşünməyə başlamışdır. İyirminci əsrdə dövləti dinlə idarə etməyə başlayan xə­yalpərəstlər şiələrin çoxluq təşkil etdiyi ölkələrdə özləri üçün teoloji mərkəzlər yaratmağa, siyasi-ideoloji baza forma­laşdırmağa başlamışdılar. 

Heç kəsin yadından çıxmayıb. 2017-ci ildə Türkiyə – Azərbaycan münasi­bətləri yeni mərhələyə qədəm qoyanda İran iddia irəli sürmüşdü ki, Azərbaycan sünni ölkəsinə çevrilir. Onlar haray-hə­şir qaldırdılar ki, Azərbaycanın Türkiyə və Qazaxıstanla, eləcə də İsraillə olan münasibətləri, guya, ölkəmizdə şiəliyin zəifləməsinə səbəb olacaq.

Tehran ideoloqlarının düşünüb ər­səyə gətirdiyi “Şiə Ayparası” qrupuna əhalisinin əksəriyyətinin şiə müsəlman­ları olduğu ölkələr – İraq, Azərbaycan, Bəhreyn, Suriya, Əfqanıstanın bir hissə­si, Yəmən və Livan daxil edilmişdi. Hə­min ölkələrin bir çoxunda öz istəklərinin gerçəkləşdirilməsinə açıq şəkildə ça­lışsalar da, Azərbaycanda bu fəaliyyəti gizli aparırdılar. Hətta, bəzən “Azərbay­canın sünniləşdirilməsi bizi ciddi şəkildə narahat etməlidir” kimi xəbərdarlıqlar səsləndirilirdi. Əslində isə ölkəmizdə kimin sünni, kimin şiə olmasının dövlət üçün heç bir quruşluq belə əhəmiyyəti yoxdur. İnsan hüquqları yüksək səviy­yədə qorunan ölkədə məzhəb məsələsi, nəinki dövlətin, hətta ayrı-ayrı fərdlərin də gündəliyində olmayıb və olmayacaq. İnsan hüquqlarına heç bir məhəl qoyul­mayan İranda isə bu məsələ həm döv­lətin, həm parlamentin, həm də əhalinin gündəliyindədir. 

Ekspertlərin fikrincə, İran teoloqları Azərbaycanı qarışdırmaq məqsədlə­rini gizlətsələr də, ölkəmizin rəhbərliyi bütün incə məqamlardan xəbər tutur və məzhəb qarşıdurmasının gücləndi­rilməsinə imkan vermirdi. Çünki İranın yuxarıda adını çəkdiyimiz ölkələrdə son onilliklərdə törətdiyi iğtişaşlar – Yaxın Şərqdə, müharibələr, konkret olaraq, İraqda və Suriyada baş verənlər hamı­nın gözü qabağındadır. Həmin ölkələrin bərpasına uzun illər və külli miqdarda vəsait lazımdır. Ekspertlər yazırlar ki, İran Yaxın Şərqdə olduğu kimi, Azərbay­canda da radikal siyasi şiələrin mərkəzi hakimiyyətə tabe olmayan, daha aqres­siv dini-teoloji məntəqələrini yaratma­ğa başlamışdı. Bu baxımdan Nardaran əsas mərkəz, “baş qərargah” rolunu oy­nayırdı. Ancaq 2015-ci ilin noyabrında İranın teoloji qurğuları ilə idarə olunan və Azərbaycanın dövlət qanunlarına ta­beçilikdən yayınmağa çalışan Nardaran “məntəqəsi” mövzusu tamamilə qapan­dı.

Bu “qapanma” da təsadüfi deyildi. Azərbaycan rəhbərliyi ölkəmizi yuxarıda qeyd edilən fəlakətlərdən qorumaq üçün əhalinin böyük əksəriyyətinin şiə olması­na baxmayaraq, “Şiə Ayparası”nı yaxına buraxmadı. Bununla da Tehranın Bakı­ya təzyiqləri, təhdidləri, hədə-qorxuları, hətta terror və təxribatları başlandı. 

Ancaq bu, əsas fakt olsa da, İranın bizə qarşı düşmənçiliyini şərtləndirən başqa məqamlar da var. Məsələn, əra­zilərimizin 20 faizi Ermənistan işğa­lı altında olanda İran həmin rayon və şəhərlərimizin təbii sərvətlərinin talan olunmasında düşməncəsinə iştirak edib. Dünyadakı narkoticarət şəbəkəsinin fəal üzvü olan İran nakobaronları Azərbay­canın işğal olunmuş ərazilərində otuz il “at oynadıblar”. Azərbaycanın 44 gün­lük İkinci Qarabağ müharibəsindəki ta­rixi qələbəsi həmin imkanların hamısını İranın əlindən alıb. Fikrimizcə, Tehranın Bakıya qarşı açıq düşmənçiliyinin sə­bəbləri arasında “Şiə Ayparası” xülyası ilə yanaşı, bu faktları da axtarmaq la­zımdır.

O ki qaldı Azərbaycanın İrana etiraz­larına, deyə bilərik ki, bizim heç bir iddia və ya etirazımız səbəbsiz deyil və heç zaman qərəzli olmayacaq. Biz Tehranın İrəvanı silahlandırmasına etiraz edirik. İrana etirazlarımızın əsas səbəblərindən biri də bu ölkənin hərbi-siyasi rəhbərliyi­nin 2020-ci ilin noyabrında məğlubiyyət aktını imzalamış Ermənistanda revanş əhval-ruhiyyəsinin gücləndirilməsidir. Bu əhval-ruhiyyəni təkcə rəsmi İrəvan yox, həm də Tehran qızışdırır.

Bunlardan başqa, biz Tehranın nəzərinə çatdırırıq ki, İran dövləti Cənu­bi Azərbaycanda və bu ölkənin başqa ərazilərində yaşayan on milyonlarla azərbaycanlının hüquqlarını tanıma­lıdır. Dövlət başçımız ötən il noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq tədbirdə demişdi ki, Azər­baycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə təd­ris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var: “İranda tədrisin erməni dilində aparıldığı mək­təblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu, necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxi­li işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan di­lində tədris məsələsini ona görə qaldırı­rıq ki, əks-təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi kompo­nentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

Bəli, siyasi-ideoloji məsələlərdə ol­duğu kimi, qonşuluq münasibətlərində də bir-birinin “fəaliyyətini tamamlayan” Ermənistan və İran rəhbərliyi bu işbir­liyini hansısa mütərəqqi bir məcraya yönəltsələr, daha çox səmərə əldə edə bilərlər. Xəyanət, nankorluq və bədniy­yətliliklə isə heç yana gedə bilməyəcək, daim uğursuzluqla üzləşəcəklər. 

Təbii ki, biz heç kəsə yol göstərmək, tövsiyə vermək fikrində deyilik. Amma qədim bir Şərq məsəlində deyilir: “Sən xatırlat! Necə qəbul etmək onun işidir”. 

 

İ.QAÇAYEV, “Xalq qəzeti”

Siyasət