Üçüncü təklif olmayacaq!

post-img

Əgər Qarabağın bir ovuc ermənisi Bakının bərabərhüquqlu vətəndaşlarımız kimi Azərbaycanda yaşamaq təklifi ilə razılaşmırsa, onda getsin Marseldə, Kaliforniyada “öz müqəddəratlarını təyin etsin”. 

Küləyin səmtinə görə mövqeyini dəyişən Hayastanın baş naziri Nikol Paşinyanın çoxçeşidli cəhdlərinə bax­mayaraq, “Dağlıq Qarabağ mövzusu” indiyədək beynəlxalq gündəliyə daxil edilməyib. Bunun tam əksinə, İrəva­nın dəstəyinə sığınmağa çalışdığı dünya gücləri rəsmi Bakının “Qarabağ Azərbaycanın daxili işidir” prinsipial mövqeyini qəbul etdilər. Çünki rəsmi Bakı özünün bu mövqeyini BMT-nin müvafiq konvensiyalarına, beynəlxalq hüquq normalarına əsaslanaraq for­malaşdırmışdı. Bu səbəbdən də, tam təbii olaraq, Paşinyan hakimiyyətinin “diplomatik hay-küyü” dünyanın mötə­bər siyasi arenalarında eşidilməz oldu. Səbəblərin sırasına Azərbaycanın yük­sək diplomatik peşəkarlıqla beynəlxalq səviyyədə qəbul olunan gündəliyə uy­ğun konstruktiv mövqe sərgiləməsini də əlavə etmək lazımdır. 

Birinci görüş martın 1-də Xoca­lı şəhərində, "Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülh­məramlı kontingentinin qərargahında" keçirilib. Təşkilatçı rolunda Rusiya sülhməramlıları çıxış ediblər. Bəli, boy­nuna düşən sülhyaratma missiyası­na xəyanət edən həmin sülhməramlı kontingent! Bu məqamda bizə yalnız aşağıdakıları demək qalır: bir görüşün ki təşkilatçısı Qarabağı özünün qara biznes layihələrini gerçəkləşdirdiyi mə­kana çevirən Rusiya sülhməramlı kon­tingentin komandanı general-mayor Volkov ola, onun uğursuzluğa düçar olacağı əvvəlcədən bəlli idi. Bunun­la belə, bütün hallarda sonda uduzan haylar olacaq. 

* * * 

Məqamı gəlmişkən, Qarabağın xam xəyallarla yaşayan ermənilərin qara taleyinə çevrilmiş siyasi aqibə­tindən bir yarpağı yaşlı oxuculara xa­tırlatmağı, gənclərin isə diqqətinə çat­dırmağı lazım bildik: 1987-ci ilin dekabr ayında o zaman Sov.İKP MK-nın Baş katibi, üç il sonra isə SSRİ-nin birinci və sonuncu prezidenti olmuş Mixa­il Qorbaçov Amerikaya rəsmi səfərə getmişdi. Onun Kaliforniya ştatında yerli erməni elitası ilə görüşündə əsas mövzu Dağlıq Qarabağ məsələsinin hayların xeyrinə həll olunması idi. Bu məsələdə tarixin “əzabkeş” ermənilərə qarşı ədalətsiz davrandığını söyləyən Qorbaçov problemi MK-nın Siyasi Bürosuna çıxaracağına söz verir. Bu vədin qarşılığında Amerika Erməni İc­ması Qorbaçova və onun xanımına er­məni əsilli rəssam Ayvazovskinin “Pe­terburq. Vid na strelku Vasilyevskoqo ostrova” əsərini, zəngin Şakinyan ailəsi isə XVII əsrə aid rus əlyazmalar kitabı­nı hədiyyə edirlər. SSRİ-nin birinci ledi­si Raisa Maksimovna Qorbaçovaya isə brilyantla bəzədilmiş qolbaq bağışlanır.

Hiyləgərliklə tamahkarlığın sinte­zindən yoğrulmuş hay həyasızlığının bütün üsul və taktikaları tükənmək üzrədir. Məkrli məqsədlərinə çatmaq üçün maraqlı tərəfləri pulla, bəxşiş­lə (xüsusən qadınları ilə) satın almaq üsullarının çoxdan köhnəldiyini an­lamaq istəməyən Paşinyanın və er­məni diasporunun ağız açmadığı ün­van, döymədiyi qapı qalmayıb. Hansı ünvanlara üz tutmalarından, kimlərin qarşısında diz çökmələrindən asılı ol­mayaraq, bütün yollar onları Bakının ayağına gətirəcək. Məgər tarix nə vaxt­sa məğlub ölkənin bundan fərqli aqibə­tinin şahidi olubmu? 

* * *

Bakının Qarabağ erməni icmasına ikinci görüşün Azərbaycanın paytaxtla­rında təşkil edilməsi ilə bağlı təklifi ca­vabsız qoyması ya onların düşdükləri vəziyyətdən tam hali olmaları, ya da kənar təhdidlərin qarşısında boynubü­kük qaldıqları qənaətinə gətirir. Düşü­nürük ki, onların bu yersiz inadkarlığının başqa bir səbəbi də gözlərini qaldırıb mövcud reallığı olduğu kimi görmək və qəbul etmək istəməmələridir. Reallıq isə ondan ibarətdir ki, artıq ermənilərin yaşadığı ərazi də daxil olmaqla, bütün Qarabağ Azərbaycanın hərbi-siyasi nə­zarəti altındadır. Bakının iradəsindən kənar bütün gedişlərə, təxribatlara, Qa­rabağda Azərbaycanın suverenliyinə qarşı atılacaq istənilən addımlara, təh­didlərə müzəffər ordumuz layiqli cavab­larını verir və bundan sonra da verəcək. Üstəlik, bir həqiqəti də görməli və an­lamalıdırlar ki, onların bel bağladığı nə İrəvan, nə Paris, nə Tehran, nə də Ru­siya sülhməramlıları artıq Azərbayca­nın sərt və ədalətli mövqeyi qarşısında nəsə edə bilməyəcəklər.

Nəhayət, Qarabağ ermənilərinə yekun sözümüz: əgər iki yüz il bundan əvvəl köçürüldüyünüz Qarabağımız­da bu gün də yaşamaq istəyirsinizsə, reallıqla razılaşın. Yoxsa, bunun Azər­baycan ərazisini tərk etməkdən savayı alternativiniz yoxdur. Bu seçim şansı isə sizə Prezident İlham Əliyev səviy­yəsində bəyan edilib. 

Rasim MUSABƏYOV,
politoloq

Qarabağın erməni icmasının nü­mayəndələri ilə birinci görüş Rusiya sülhməramlılarının iştirakı ilə Xo­calıda baş tutdu. İkinci görüş üçün onları Bakıya dəvət etdik. Qarabağ ermənilərinin Azərbaycana reinteq­rasiyası kimi problemlər var. Amma Bakıya gəlmək istəmirlər, deyirlər ki, məsələnin beynəlxalq formatda mü­zakirəsinə ehtiyac var. Bu o demək­dir ki, Qarabağ ermənilərini təmsil edənlər qanunsuz, cinayətkar, hərbi xuntanın adamlarıdır. Çox desinlər ki, biz onlarla danışığa gedirik, hal­buki, hər birinin boynunda konkret cinayət maddəsi var və istənilən vaxt həbs olunaraq dustaqxanaya salına blərlər. Amma biz onlara fürsət ve­ririk ki, gəlin problemləri bir yerdə müzakirə edək. Təki ağıllansınlar. Bir dövlət olaraq bizim qarşımızda kiçik icmanın nümayəndələridir. Sül­hməramlılar orada yaşayan 50-60 min ermənidən danışırlar. Özlərinin yalandan bağırdıqları kimi, sayla­rı lap 120 min olsun. Azərbaycanın azı otuz rayonun əhalisi 120 mindən çoxdur. Yəni, ərazisinə və əhalisinin sayına görə onlardan böyük rayon­lardır. Azərbaycanda əksər etnik icmaların sayı da ermənilərdən çox­dur. Biz ermənilərin heç bir ölçüyə sığmayan iddiaları ilə hesablaşmalı deyilik. Fəqət bütün hallarda ölkə­mizin ərazisində yaşayan və yolunu azmış insanlar üçün haqqın yoluna qayıtmaqdan ötrü qapımız açıqdır. Amma Azərbaycan Qarabağ ermə­nilərinin adından çıxış edən cinayət­karlarla daha danışıqmaq istəmir. Əlbəttə, vətəndaşlığımızı qəbul edə­cək əhali üçün qapımız həmişə açıq­dır. Onlara belə bir imkan və fürsət verilib.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

rasim12121212.jpg

Siyasət