İranın söz düşmənçiliyi: Fazil Mustafanın günahı nə idi?

post-img

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum İranın terrorçu mahiyyətinin növbəti təzahürüdür. Azərbaycan ictimaiyyətinin qənaəti bundan ibarətdir. Əlbəttə, belə düşünmək üçün əsaslar yetərincədir. Ölkənin ayrı-ayrı dairələrinin Fazil bəyin, guya, dünyasını dəyişdiyini iddia edib şadyanalıq etməsindən tutmuş, deputata ünvanlanmış təhdidlərədək, bir çox məqamları vurğulamaq mümkündür. Həqiqətən, çox acınacaqlı durumdur. O boyda ölkənin siyasi sistemi Fazil Mustafanın əlində girinc qalıbmış. Bax, elə budur o sistemin çürük mahiyyətinin göstəricisi. Axı, Fazil bəy heç nə etmirdi, sadəcə, danışırdı, öz fikrini deyirdi. Bu yerdə yadımıza “Nəsimi” filmindəki məşhur epizod düşür. Nəsimini azadlığa buraxan Əmir Teymur buna görə onun həndəvərində dayanan və səs-küy salan saxta dindarlara belə demişdi: hanı sizin kəlamınızın kəraməti? Nə vaxtadək mən baş kəsməklə qələbə qazanacam?!

 

Əlbəttə, İran terrorla əsla qələbə qa­zana bilməyəcək. Sözə düşmən müna­sibəti isə molla rejiminin tərəfdarlarının kəlamının olmadığından xəbər verir. Sual olunur: İrandakı dairələr nə üçün Fazil bəyə qarşı düşmən münasibət­dədirlər? Səbəb aydındır. Fazil Mus­tafa çıxışlarında İranı tənqid edirdi. Nə üçün? Ona görə ki, deputat İranın Azər­baycanda din adı altında apardığı pozu­culuğun, bölücülüyün mahiyyətini geniş ictimaiyyətə çatdırmağı vacib sayırdı və haqlı idi. O demirdi ki, nəyə görə, məsələn, Şirazda hansısa dini ayin düz­gün icra olunmur və sair. Bəli, Fazil bəy, bilavasitə, İrandakı İslam adına ortada olan klerikal, teokratik baxışlara müna­sibətdə nə isə söyləmirdi. F.Mustafa o baxışların Azərbaycana transforma­siyasından narahatlıq keçirir və bunu müxtəlif tribunalarda, o cümlədən, Milli Məclisdə bəyan edirdi. Etməməliydi?! 

Bir çox şeyləri etməməli, etməkdən uzaq durmalı olan, məhz İrandır. Fars molla rejimi özünün Azərbaycan hədə­fini unutmalıdır. Unutmalıdır ki, bu ölkə onun düşündüyü kimi, İrandan qopma deyil. Hələ bir qədər tarixə nəzər sa­lıb fikirləşməlidir ki, hazırda bayrağı­na baxdıqları, himnini dinlədikləri ölkə Səfəvi türk dövlətinin mirasıdır. Teokrat mollaların oturub indi gəldikləri duruma şükür eləməkdənsə, Azərbaycanı tarixi səhv kimi görmələri, yumşaq desək, düzgün deyil. Fazil Mustafa düzgün ol­mayan bu məqamı, Tehranın ölkəmizdə təsir dairələri yaratmaq istiqamətindəki “fəaliyyətini”, başıpozuq dindar kütləsi­nin istehsalı üzrə konveyer formalaş­dırmaq istiqamətindəki davamlı işlərini tənqid edir, bunun dövlətçiliyimiz üçün zərərlərini anladırdı. Yəni, fakta əsas­lanmış sözlə mübarizə aparırdı. Onun sözünə qarşı İrançı dindarların deyilə­cək nəyisə var idimi? Xeyr! Onlar han­sısa arqument səsləndirə bilirdilərmi? Əsla! Çünki deməyə nə sözləri var, nə də əsasları. 

Nə desinlər, deyə bilməzlər, axı. Arazın o tayı ilə bu tayının bir-birindən ayrılması böyük türk varlığına misilsiz təzavüz idi. İki xalqın bir-birindən ayrı salınması cinayət mahiyyəti daşıyırdı. Demələri mümkün deyil ki, Arazın o tayı azad, hürr yaşamaq istədiyi, fars şovinizminin boyunduruğundan xilas yolları barədə düşündüyü üçün, bu ta­yının azadlığı onlar üçün böyük mənəvi stimuldur. Deyə bilməzlər və ona görə bu tayı zəhərləmək, Azərbaycanda fars­başlılar hazırlamaq yolu tuturlar. Müqa­vimət görəndə isə təhqirlərə və təhdid­lərə keçirlər. Budur, İranın klerikallığının dəst-xətti. Budur onun mahiyyəti. Mə­gər İslam təhqir və ya təhdidmi deyir? İslam, hətta, din yolunda olmayanlara münasibətdə də nalayiq rəftarı inkar edir, maarifləndirməni rəhbər tutur. Dini­miz terroru, sui-qəsdi son dərəcə böyük günah görür. İranın isə bu qeyri-insani davranışı sistemləşdirdiyi, ideologiya halına gətirdiyi birmənalıdır. 

Belə nəticəyə gəlirik ki, İranın fars molla rejimi özü üçün ayrıca din icad edib, sadəcə, ona təzə ad tapa bilmədi­yindən, İslam kimi qələmə verir. Əmin­liklə demək olar ki, mollaların uydurduq­ları din İslamı bütün dünyada gözdən salmaq cəhdindən başqa bir şey deyil. Heç şübhəsiz ki, bu cəhd beynəlxalq birliyin müsəlmanlığa qarşı antoqonist baxışlara köklənmiş dairələri tərəfindən ciddi şəkildə idarə olunur. Fazil Musta­fa da çıxışlarında bunlardan, İranın din “icadından”, uydurmalarından danışır­dı. Danışmamalıydı? Axı görürdü ki, Tehran rejimi müxtəlif vasitələrlə özü­nün “dindarlığını” Azərbaycana sırıyıb insanımızı zəhərləməklə məşğuldur. Görürdü ki, İran dairələri Azərbaycanın dünyəvi modelinə qəsd ritorikasını işə salıblar. Görürdü ki, Tehran ölkəmiz­dəki başıpozuqlarının köməyi ilə Bakı­da düzənlənən hər vacib tədbir öncəsi Azərbaycanı dünyanın qorxduğu dini fundamentalizmin tüğyan yuvasına çe­virmək məqsədli “təşəbbüslər” qaldırır, “kampaniyalar” düzənləyir.

Fazil Musrafa anti-İran baxışların­da tək olmayıb. Müstəqil Azərbaycan­dakı ictimai fikir hər zaman İranı saxta görüb. Həmişə ziyalılarımız bu ölkəni səmimiyyətdən uzaq sayıblar, belə demək mümkünsə, İran islamçılığını həqiqi dinə həqarət biliblər. Çıxışların­da da bunu bildiriblər. Yazıçı, publisist Rafiq Tağı da zamanında bildirirdi. Nə oldu? Qətlə yetirildi. İran sözün bax belə bir düşmənidir. Həm başqa dövlə­tin işinə qarışasan, onun varlığını qəbul etməyəsən, həm də bu dövlətin ziyalı­sına, aydınına qəsd edəsən! Bu qədər həyasızlıq və azğınlıq dolu məkr! İranın dövlət düşüncəsi bu anormallıq üzərin­dədir. Fazil Mustafa da bu anormallığın hədəfinə çevrildi.

İranın dövlətçilik düşüncəsi özünün bəsit maraqları naminə Ermənistan kimi fəalliyyəti Allahsızlıq olan bir quz­ğun birləşməsi ilə işbirliyinə əsaslanır. Budur, ölkənin quru qoşunlarının ko­mandanı Kiomərs Heydəri Azərbay­cana qarşı çirkin iftiralar səsləndirdiyi açıqlamasında, rejimin Ermənistana təəssübkeşliyini qabardıb və bildirib ki, Tehran onun sərhədlərində dəyişikliyə icazə verməyəcək. Ancaq 30 ilə yaxın müddətdə müsəlman Azərbaycanının sərhədlərinin pozulmasına göz yumdu. Belə din “təəssübkeşidir” İran! Məscid­lərdə donuz saxlanılmasına göz yuman şarlatanların idarə etdiyi dövlətdir İran! Müsəlman türklərin dövlətçilik mirasını “mənimsəmiş” kitabsız fars millətçiliyi­nin İran adı ilə qərarlaşmış dövlətinin mövcudluğu, bütövlükdə türk dünyası­na təhdiddir. 

Bəli, sonda bir daha deyək ki, türk düşməni Ermənistan kimi, digər türk düşməni fars şovinizmi də sözə düş­məndir. Qətiyyən fərqlənmirlər, tam şə­kildə tapışıblar. Onlar terror törətməkdə də bir-birlərini tamamlamaqdadırlar. Həm Ermənistan, həm də İran dövlət miqyasında terroru, terrorçunu dəstək­ləyən ölkələrdir. 

Terror niyyətlilərin sözdən, fikirdən çəkinmələri isə bu hikmətlərin doğru­ları, reallıqları anlatması məramından irəli gəlir. O reallıqların ki, tarixidir və onların dönə-dönə dilə gətirilməsi İranın bir dövlət kimi saxtalığı, fars imperializ­minin məhsulu olduğu faktını ölkədəki bütün xalqların yaddaşında möhkəm­ləndirəcəkdir. Səmimiyyətsizliyin, zül­mün və istibdadın dövlət idarəçiliyinə hakim kəsildiyi quruluşlarda belə möh­kəmlənmələrin baş verməsi saxtakarlıq üçün ölüm hökmüdür. Bu hökmün İran rejimi üçün də, saxta Ermənistan üçün də çıxarılacağı, şübhəsizdir. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət