Müstəqil siyasət yürütməyin Azərbaycan nümunəsi

post-img

Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazi­si kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzala­malıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Hansısa xalqın dövlət müstəqil­liyinə nail olması şübhəsiz, asan məsələ deyil. Daha çətini yeni ya­ranmış dövlətin müstəqil siyasət yürütməyi bacarmasıdır. Etiraf edək ki, bunu hər dövlət bacar­mır. Belə ki, beynəlxalq aləmdə baş verən ictimai-siyasi proses­lər fonunda və ya hansısa siyasi qüvvələrin maraqlarının toqquş­ması nəticəsində ərsəyə gəlmiş yeni müstəqil dövlət ya kiminsə “forpost”una çevrilir, ya da han­sısa güc mərkəzlərinin diktəsi ilə ayaq üstündə dura bilir. Ermənis­tanın bu nümunəsi dünyanın gözü qabağındadır. 

Ancaq elə gənc müstəqil dövlətlər də var ki, çoxsaylı təzyiqlərə, təhdidlərə, iş­ğala, separatçılığa, terror və təxribatlara baxmayaraq, nəinki öz mövqelərindən dönmür, hətta ən güclü bədxahlarına belə şərtlərini diktə edirlər. Belə dövlətlər təkcə öz ölkəsinin və xalqının maraqlarını qorumağa nail olmur, həm də beynəlxalq aləmdəki digər gənc müstəqil dövlətlər üçün nümunə yaradır. Zənnimizcə, Azər­baycanın bu təcrübəsinin beynəlxalq aləmdə hansı səviyyədə təqdir olundu­ğunu təkrarlamağa ehtiyac yoxdur. 

Fikrimizi əsaslandırmaq üçün son günlər kütləvi informasiya vasitələrində görünən bəzi xəbər başlıqlarını yada sal­maq kifayətdir. Məsələn, diqqət yetirdiyi­miz bir yazının sərlövhəsi belədir: “ABŞ Azərbaycanın son addımlarını dəstəklə­yir”. Yəni Ermənistan tərəfindən ölkəmi­zin ərazisinə – Qarabağ iqtisadi rayonuna silah-sursat və hərbçilərin daşınmasının qarşısını almaq üçün atdığımız addımlar nəzərdə tutulur. Halbuki, yanvar ayında bir çox ABŞ konqresmenləri vay-şivən qaldırmışdılar ki, Azərbaycan Laçın yolu­nu bağlamaqla böyük humanitar problem yaradır. Təbii ki, rəsmi Bakı həmin konq­resmenlərə diplomatik kanallar vasitəsilə lazımi cavab vermişdi. Ancaq Prezident İlham Əliyevin səbr və təmkini sayəsin­də biz xüsusi nəticələrə nail olduq. Təbii ki, çəkilmiş foto və video materiallar da konqresmenlərin haqsız olduğunun sü­butu kimi qiymətləndirildi.

Başqa bir KİV təmsilçisi isə yazır ki, Rusiya Zəngəzur dəhlizi layihəsinin ic­rasının tezləşdirilməsini tələb edir. Hal­buki, bir neçə ay əvvələdək Moskvadan səslər, hətta, təhdidlər gəlirdi ki, bizim müttəfiqimiz olan İran və Ermənistanın dəstəkləmədiyi layihənin icrası yolveril­məzdir. Həmin bəyanatları səsləndirənlər indi Kremlin dediklərini eşidəndə utanıb-utanmadıqları başqa söhbətin mövzusu­dur. 

Hər halda, nəyi necə, nə zaman et­məyi daha yaxşı bilən Azərbaycan Prezi­dentinin 44 günlük İkinci Qarabağ müha­ribəsindən sonrakı bütün çıxış, müsahibə və müraciətlərində deyilirdi ki, biz qalib tərəf olsaq da, məğlub tərəfə heç bir şərt diktə etmirik, çünki sülhə və münasibət­lərin normallaşmasına çalışırıq. İndi isə vəziyyət sülh çağırışlarını anlamayanla şərtlə danışmağı tələb edir. Bu, həm iş­ğalçı dövlətin özünə, həm də havadarla­rına lazımi cavabların verilməsini zəruri edir. Bu, təkcə lider qətiyyəti deyil, həm də öz xalqına və ordusuna güvənən Pre­zidentin müstəqil siyasət yeritməsidir.

Dövlət başçımız son çıxışlarında dəfələrlə xatırladıb ki, biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlar­da öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə re­aksiya verən qurum tapılmadı: “Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdilər”. Ona görə də, biz öz haqqımızı, hüquq­larımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağ­da Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. 

... Bu gün Cənubi Qafqaz regionun­da çox maraqlı bir siyasi mənzərə, daha doğrusu, uğursuz tərəfin başqa bir oyun qurmaq istədiyi səhnə yaranıb. Ermənis­tan rəsmiləri dünya ictimaiyyətinə müra­ciət edirlər ki, Azərbaycan bizə BMT-yə üzv olduğumuz zaman göstərilən 29 min kvadratkilometr ərazimizdə yaşamaq im­kanı vermir. Bəs nooldu, Paşinyan, sənin nazirlərin Azərbaycanın daha çox əra­zilərini işğal etmək məqsədilə bizi yeni müharibələrlə hədələyirdilər, hara getdi o havadarların?

Dövlət başçımızın dediyi kimi, bir zamanlar “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hə­dələyən Ermənistan indi bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın: “Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keç­məyəcək”. 

Yeri gəlmişkən, son zamanlar ermə­ni mətbuatında böyük bir “ümid” yaranıb ki, guya, Türkiyədə keçiriləcək prezident seçkilərində Ədalət və İnkişaf Partiyası qalib gələ bilməyəcək və o zaman Azər­baycan Ankaranın köməyindən məhrum olacaq. “Allah arzunuzu gözünüzdə qoy­sun!”– deməzdən əvvəl xatırladaq ki, əvvəla, biz qardaş ölkənin daxili işlərinə qarışmaq istəməsək də, qətiyyətlə deyə bilərik ki, seçkidə cənab Ərdoğanın qələ­bə qazanması şəksizdir. İkinci, həmin seçkilərdə qardaş ölkəni idarə etmək hüququ qazanan istənilən siyasi partiya­nın lideri Azərbaycanın dostu, müttəfiqi və qardaşı kimi siyasət yeridəcək. Üçün­cü, təkcə Türkiyə deyil, bütün türk dünya­sı Azərbaycanın haqq işini dəstəkləyir və həmişə dəstəkləyəcək. Dördüncü, təkcə Türk dünyası deyil, Qoşulmama Hərəka­tına üzv olan 120 dövlət də Azərbaycanın maraqlarını müdafiə edib, edir və edə­cək. 44 günlük müharibə dövründə er­mənilər də, havadarları da QH ölkələrinin bizi necə dəstəklədiyini yaxşı gördülər.

Bəs Ermənistan kimə ümid bağlayır? Dünya birliyindən çıxdaş edilmiş iki-üç “müttəfiq”lə bizə hədə-qorxu gəlməyin ağır nəticəsini son günlərdə lazımi şəkil­də yaşadılar. Ona görə də, çox “hündür dağlara” güvənməsinlər, indi oralara da “qar yağır”. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət