Cənubi Qafqazın istər əlverişli fiziki-coğrafi, istərsə də geosiyasi mövqeyi onun tarixən dünyanın böyük dövlətlərinin maraq dairəsinə salıb. Yaxın Şərq, Avropa və Asiya arasında qovuşma nöqtəsində, tarixi İpək Yolunun, indi isə qitələrarası kommunikasiyaların qovşağında yerləşdiyi üçün bura daim həyati əhəmiyyətli region kimi xarakterizə edilib. Tarixdən məlumdur ki, müxtəlif imperiyalar bu əraziyə sahiblənmək uğrunda uzun illər ərzində öz aralarında savaşıblar. Hazırda imperiyalar olmasa da, onların yerini tutmuş hegemon dövlətlər həmin siyasəti davam etdirirlər. Onlar Cənubi Qafqazı indi də qonşu ərazilərdə nüfuz dairələrini yaymaq məqsədilə baza qismində nəzərdən keçirirlər.
Bu prosesin gedişində böyük dövlətlər geosiyasi maraqlarını həyata keçirmək üçün haylardan daim istifadə ediblər. Əslində, onların bu bölgəyə köçürülməsində əsas məqsədlərdən biri də bu olub. Zaman-zaman müxtəlif güclərin əlində alət olan erməni faktoru son illərdə digər güclərlə yanaşı, Avropa Parlamentinin aktiv istifadəsindədir.
Avropa Parlamenti son illərdə erməni məsələsini Azərbaycana qarşı təzyiq və təsir elementinə çevirib. Bu qurumun Azərbaycana qarşı artıq sayı-hesabı itmiş təşəbbüs və qətnamələrini başqa cür izah etmək mümkün deyil. XXI əsrdə Avropanın siyasi mərkəzində (Brüsseldə) deputatların Ermənistan – Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından yanaşması, Hayastanı üç müsəlman ölkəsi ilə əhatə olunmuş “xristian qalası” hesab etməsi onların orta əsr “Səlib yürüşləri” təfəkkürünə qayıtdığının təzahürüdür. AP-nin bəzi deputatları irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır.
Digər tərəfdən AP-nin vaxtaşırı dövlətimiz əleyhinə kampaniya xarakterli fəaliyyəti Azərbaycanın ədalətli mövqeyinə təsir göstərmək, onu gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdi sayılmalıdır.
* * *
44 günlük Vətən müharibəsində diz çökmüş, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata, faktiki kapitulyasiya aktına imza atmış Ermənistan ona ürək-dirək verən məhz bu cür addımların sayəsində artıq əvvəlki mövqeyindən xeyli uzaqlaşıb. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən kobudcasına pozulduğunu bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayıb. “Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində, təxminən, 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar. Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən, silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib”,– deyə Hikmət Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə keçirilmiş görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq baş nazir və digər Ermənistan rəsmiləri tərəfindən vəziyyəti qəsdən gərginləşdirən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altına qoyan, təhdid edən açıqlamaların verilməsi, addımların atılması davam edir və bu xətt son vaxtlar daha da güclənir: “Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır”.
* * *
Bəli, Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındıran, ona yeni təxribatlar törətmək üçün əsaslar yaradan məhz Avropa Parlamenti kimi qurumlardır. Bölgədə yenidən Ermənistan tərəfindən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə bunun əsas baiskarlarından biri də İrəvandakı revanşistləri körükləyən Avropa Parlamenti olacaq. Ancaq qızışdırıcı mövqe tutan, konstruktivlik göstərməyən tərəflər anlamalıdırlar ki, diplomatik çalışmaları davam etdirməklə yanaşı, ordu quruculuğuna böyük önəm verən Bakı bütün variantlara, o cümlədən, hərbi varianta da hazırdır. Üçüncü Qarabağ müharibəsinin olacağı təqdirdə də uduzan tərəfin Azərbaycan olmayacağı şübhəsizdir.
AP-nin isə heç bir hüquqi qüvvəsi olmayan, kağız parçasına çevrilən qətnamələr qəbul etməsindənsə, regionda davamlı sülh və sabitliyin təmin olunnmasına real töhfələr verməsi daha yaxşı olardı. Çünki bu region həm də Avropanın bir parçasıdır. Qafqazda sülhün yaranması daha geniş anlamda Avropada sülhün, sabitliyin və əmin-amanlığın mövcud olması deməkdir.
Səxavət HƏMİD, “Xalq qəzeti”

