Avropalı parlamentarilər Hayastanın sifarişi ilə işləyirlərmi?!

post-img

Məlum olduğu kimi, Avropa Parlamenti Azərbaycana qarşı yeni qərəzli qətnamə hazırlayır. Bu sənədin də əvvəlkilər kimi, saxta faktlar əsasında hazırlandığı və aşkar böhtan xarakteri daşıyacağı heç kəsdə şübhə doğurmur. Avropa Parlamentinin rəsmi Bakıya qarşı xüsusi qısqanc münasibəti ilə fərqləndiyi də bizim üçün yenilik deyil. 

Avropa Parlamentinin siyasi gündə­mini Avropa İttifaqında xüsusi siyasi və iqtisadi çəkisi olan dövlətlər Fransa və Almaniya müəyyən edir. Yəni, ölkəmizin bostanına daşın haradan atıldığı bəlli olur. Adlarını çəkdiyimiz dövlətlər Azər­baycan və Türkiyənin regionda güclən­məsini heç cür həzm edə bilmirlər. 

Avropa Parlamentinin “uzaqvuran si­lahı” insan haqları və demokratiya möv­zularında təşkil etdiyi şoulardır. 2020-ci ilin payızında 44 günlük şanlı savaş zamanı öz torpaqlarını işğalçı Ermənis­tandan azad edən Azərbaycan avropalı parlamentarilərin hədəfindədir. Haqqında yüksək tribunalardan bəhs edilən bey­nəlxalq qanunlar ölkəmizə münasibətdə bu dəfə də gözardı edilir. 

Halbuki, əksinə olmalı idi. Dünyanın əsas siyasi, iqtisadi və hərbi güc mərkəz­lərindən olan Avropa İttifaqı Azərbaycan torpaqlarında dəhşətli vandalizm əməl­ləri törədən təcavüzkar Ermənistanı Qa­rabağda “imza atdıqları” insanlıq adına yaraşmayan vəhşiliklər və zorakılıqlara görə beynəlxalq hüququn dili ilə cəzalan­dırmalı idi. 

Reallıqda isə nə baş verir? Özünü “demokratiyanın beşiyi” sayan Avropa İttifaqının parlamenti sivil dünyanın gözü qarşısında utanıb-çəkinmədən işğalçının tərəfində dayanmağı özünə necə rəva bilir?! Yəqin ona görə dayanır ki, bölgə­də Fransa və başqa iri güclərin imperi­alist maraqlarını təmin edə bilsin. Başa düşürlər ki, əsl niyyətlərini dilə gətirmək olmaz! 

Ölkəmizə qarşı qərəzli qətnamələri yazanlar iddia edirlər ki, guya Azərbay­can Ermənistan ərazisinə hərbi təcavüz edib, Laçın yolu vasitəsilə Xankəndi şəhəri və ətraf ərazilərdə məskunlaşan erməniləri (oxu–qanunsuz erməni silahlı birləşmələri) “blokada”da saxlayır. Özləri də bilirlər ki, yalan danışırlar. Qurduqları saxta oyunun qaydası budur: burada kim güclüdür, o, haqlıdır prinsipi ilə hərəkət edirlər. 

Avropa Parlamenti, həmçinin arzula­yır ki, “Minsk qrupu” “dirilib”, artıq tarixə gömülən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı yenə də mənasız danışıqlar apar­sın və heç bir əhəmiyyəti olmayan saxta bəyanatlar versin. Azərbaycan xalqı si­yasi taleyini və gələcəyini özü həll edib. Ermənilər isə özləri üçün Qərbi Avropada hələ də “arxa”, “dayı” axtarırlarsa, bu, on­ların öz problemləridir. 

Hamı başa düşür ki, Avropa Parla­mentinin Azərbaycanla bağlı yeni məkrli planları bəd niyyətlərə xidmət edir. Av­ropalı parlamentarilər, axı, siz özünüz də bunu yaxşı bilirsiniz. Siz Fransada, İspaniyada separatizm baş qaldıran kimi, onları rüşeymindəcə boğursunuz. Amma suveren Azərbaycanın daxilində erməni separatçılarına dəstək olursunuz. Sizin ağa qara deməyə necə diliniz gəlir?! 

Siz bu yolla regionda gərginliyi daha da artırırsınız. Siz bununla Ermənistan­dakı milllətçi, revanşist qüvvələrin dəyir­manına su tökürsünüz. Siz bölgədə yeni müharibə ocağı yaradıb hər iki tərəfdən minlərlə gəncin məhv olması, anaların gözüyaşlı qalması üçün şərait yaradırsı­nız. 

Tarix sizi bağışlamayacaq. Siz Cənu­bi Qafqazı yenidən dağıdıcı müharibənin ağuşuna sürüklədiyinizə görə gələcək nəsillər qarşısında cavab verməli olacaq­sınız. 

Avropa İttifaqı rəhbərliyi ilə Avropa Parlamenti arasında nifaqın da olduğu diqqətdən yayına bilməz. Axı, parlamen­tin Azərbaycana qarşı qərəzli münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabit­liyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə ziddir və bütün bunlar heç də normallaş­dırma proseslərinə xidmət etmir. 

Başqa bir konkret misal çəkə bilərik. 2021-ci ilin 18 iyul tarixində Avropa Ko­missiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Azər­baycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, eləcə də dekabrın 17-də Buxarestdə Azərbaycan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” sahə­sində strateji tərəfdaşlıq anlaşması imza­lanıb. 

Azərbaycan Avropa İttifaqı ölkələri ilə sıx və hərtərəfli əməkdaşlığı davam etdir­mək əzmindədir. Bunun əvəzində ittifaqın qanunverici qurumunun Azərbaycano­fob, islamofob mövqeyi, ən azı təəccüb və təəssüf doğurur.

 

Məhsəti Əliyeva,
siyasi elmlər üzrə fəlsəfə doktoru 

 

Avropa Parlamenti ölkəmizə qar­şı yenidən qərəzli və obyektivlikdən tam uzaq mövqe ortaya qoyub. Sual olunur: Azərbaycan torpaqlarının otuz il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə soy­daşımızın etnik təmizləməyə məruz qaldığı, ölkəmizin şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindi­yi və sərvətlərinin talan edildiyi dövrdə Avropa Parlamenti niyə susurdu? 

Azərbaycana “demokratiya dər­si” keçmək iddiasına düşən Avropa Parlamenti bu gün qitədə korrupsiya cinayətləri və ölkəmizə qarşı qərəzli addımları ilə gündəmə gəlir. Yadınıza Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrup­siya cinayətlərində ittiham olunması faktını salmaq istəyirəm. Təəssüf ki, bu, nə birinci, nə də sonuncu haldır. 

Acı təəssüf doğuran hal həm də budur ki, avropalı deputatlar ölkəmizə münasibətdə dini ayrı-seçkiliyə də yol verirlər. XXI əsrdə avropalı parlamen­tarilərin Ermənistan–Azərbaycan mü­naqişəsinə sırf xristian həmrəyliyi priz­masından baxması onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir. 

Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı saxta təşəbbüslə­rin və qətnamələrin artıq sayı-hesabı itib. Sanki Avropa İttifaqının ali qanun­verici orqanı Ermənistan parlamenti­nin bir filialına çevrilib. Burada Ermə­nistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri gözlərini yumub təsdiq etməklə məşğuldurlar. 

Hazırda Avropa Parlamenti erməni icmasının təsiri altında olan və Azər­baycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyala­rını həyata keçirdiyi məkana çevrilib. Bu, yolverilməzdir və bütövlükdə Av­ropanın sivil, demokratik dəyərlərinə xələl gətirir. 

Sonda bir daha təəssüf hissilə belə bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, bu gün avropalı par­lamentarilər Ermənistanın sifarişi ilə işləyir?! Biz, doğrusu, Avropanı belə qərəzli təsəvvür etmirdik! 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət