Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) yaranmasından 20 il ötür. Medianın özünütənzimləməsi təcrübəsinin postsovet məkanındakı ilk təcrübəsi olan MŞ ölkə jurnalistlərinin 15 mart 2003-cü il tarixində keçirilmiş birinci qurultayında formalaşdı.
Dünyanın bir sıra ölkələrində Mətbuat Şurası institutu mövcuddur. Fəaliyyətlərindəki müəyyən müxtəlifliklərə baxmayaraq, onların hamısı üçün bir xarakterik xüsusiyyət var – medianın özünütənzimləməsi. Azərbaycanda yaradılacaq Mətbuat Şurası da üzərinə eyni missiyanı götürməli, eyni zamanda, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərində bir növ, əlaqələndirici rol oynamalı idi. Şuranın təsis edildiyi Azərbaycan jurnalistlərinin I qurultayının iştirakçıları da özlərini bu məqsədə köklədilər.
Bəli, başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olan Mətbuat Şurasından gözləntilər böyük olub. Bəzən bu qurumu o zamanın həddən artıq siyasiləşmiş mühitində ayrıca cəbhəyə çevirmək niyyətləri də nəzərə çarpıb. Bir sözlə, hamı onu öz tərəfində görməyə çalışıb. Belə bir durumda şura müstəqilliyini qorumalı, hər kəsin istəyinin reallaşmasını deyil, ümumən, jurnalistikanın mənafeyini rəhbər tutmalıydı.
Mətbuat Şurası fəaliyyətinin ilk günlərində ictimaiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı narazılıqlarını öyrənməyə, prosedur iş istiqamətlərinə uyğun olaraq şikayətləri araşdırmağa, müvafiq qərar və rəylər çıxarmağa başladı.
Qurumun əsas iş istiqaməti müxtəlif vətəndaş qruplarının kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı şikayətlərinin araşdırılmasıdır. Ötən müddətdə şuraya ümumilikdə, 15 minə yaxın şikayət daxil olub. Bu şikayətlərdə əksini tapan motivlər jurnalistikamızın təmiz adının özünə qaytarılmasına, kütləvi informasiya vasitələrimizin saflaşmasına olan ehtiyacı aşkar şəkildə ortaya qoyurdu. Mediamız mütərəqqiləşməli, özünün həyat yolunu Həsən bəy Zərdabi ənənələrinə söykənərək tutmalıydı. Bu yolun məsuliyyəti hər bir jurnalistin əmək fəaliyyətində başlıca meyara çevrilməliydi.
Mətbuat Şurası yalnız şikayətlərin araşdırılması ilə kifayətlənmədi. Qurum media ilə bağlı tematik tədbirlər keçirdi, jurnalistikamızda peşə dəyərlərini aşılamaq istiqamətində ardıcıl layihələr reallaşdırdı, müxtəlif təşəbbüslər irəli sürərək tanındı, etimad qazandı.
Ötən 20 il Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından da zəngin oldu. Qurum Avropa Mətbuat Şuraları Alyansına, Dünya Mətbuat Şuraları Assosiasiyasına qəbul edildi. Şuranın İdarə Heyətinin üzvləri bu qurumların, eləcə də BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu təşkilatların meda ilə bağlı onlarla konfrans, seminar və “dəyirmi masa”larına qatıldılar. MŞ-nin dəstəyi ilə Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı təşkil olundu.
Türk dünyası mediasının konsolidasiyasını vacib sayan Mətbuat Şurasının təşəbbüsü ilə Azərbaycan Türkdilli Ölkələrin və Toplumların Media Forumu kimi önəmli hadisəyə evsahibliyini həyata keçirdi. Qurum Türkdilli Ölkələrin və Toplumların Media Birliyi ideyasının həyata keçməsində də mühüm rol oynadı.
Müxtəlif illərdə Mətbuat Şurasının istər qanunvericiklə bağlı, istərsə də medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılmasına yönələn təklifləri oldu. Beləcə həm də onun fəaliyyət qayəsini təşkil edən cəmiyyət-mətbuat-hakimiyyət oxu özünün səmərəli əməkdaşlıq müstəvisinə qədəm qoydu.
Prezident İlham Əliyev 2010-cu ilin iyulunda Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışında iştirak edərək, özünün şəxsi diqqəti və qayğısı sayəsində ərsəyə gələn bu binada İdarə Heyətinin üzvləri ilə geniş tərkibli görüş keçirdi və bildirdi: “Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynamışdır. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirmişdir və ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atmışdır”.
Dövlətimizin başçısı 21 iyul 2015-ci ildə milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdəki çıxışında da şuranın missiyasına böyük önəm verdiyini vurğuladı. “Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü”, – deyən Azərbaycan Prezidenti MŞ-nin jurnalistlərin hüquqlarının qorunmasına yönələn fəaliyyətini, ümumən jurnalistikamızın inkişafındakı rolunu yüksək qiymətləndirdi.
MŞ ötən müddətdə, həmçinin, KİV-in və jurnalistlərin müxtəlif dövlət qurumları və məhkəmə orqanları ilə münasibətlərdə üzləşdikləri problemləri öyrənib, onları aradan qaldırmaq üçün müvafiq tədbirlər görüb. Jurnalistlərin prezident və parlament seçkilərini işıqlandırmalarının monitorinqini təşkil edib. Şura, bundan başqa medianın müxtəlif sahələrinə dair çoxsaylı tematik tədbirlər də reallaşdırıb, mətbuat tariximizdə mühüm rola malik media orqanlarının yubiley mərasimlərini keçirib, publisistik fikrin inkişafında xidmətləri olan jurnalistlərlə bağlı toplantılar reallaşdırıb.
R.AMİN
P.S “Xalq qəzeti”nin kollektivi olaraq, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini 20 illik yubiley münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

