Manama Bəyannaməsi qəbul olundu

post-img

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə, 300-dən çox nümayəndə iştirak edib. Milli Məclisin Sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfransı açdıqdan sonra tədbir iştirakçıları Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

S.Qafarova deyib ki, Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilən Bakı Sammitində dövlət və hö­kumət başçıları qurumun parlamentarilə­ri ilə əməkdaşlığı genişləndirmək və də­rinləşdirməklə bağlı qərar qəbul ediblər. Azərbaycan Prezidenti, hərəkatın sədri İlham Əliyevin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, 2021-ci ilin noyabrında Parlamentlərarası İttifaqın 143-cü As­sambleyası çərçivəsində Madriddə Par­lament Şəbəkəsi təsis olunub. 2022-ci ilin iyun ayında Bakıda 40-dan çox parla­mentin və 8 parlamentlərarası təşkilatın 400-dək nümayəndəsinin iştirakı ilə keçi­rilən Parlament Şəbəkəsinin ilk konfran­sı qurumun inkişafında mühüm mərhələ olub. Konfrans çərçivəsində şəbəkənin İş Qaydaları, Bakı Bəyannaməsi, həmçi­nin şəbəkənin rəsmi loqosu və bayrağı qəbul edilib. Növbəti üç il üçün şəbəkə­nin sədri və üç sədr müavini seçilib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransından sonrakı dövrdə bir sıra parlamentlərarası plat­formalarda, o cümlədən, G20 parla­ment rəhbərlərinin Zirvə toplantısında və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun Zirvə görüşündə iştirak etdiyini xatırla­dan Milli Məclisin Sədri vurğulayıb ki, bütün bu mühüm beynəlxalq tədbirlərdə və üzv parlament başçıları ilə ikitərəf­li və çoxtərəfli formatda görüşlərində onun çıxışlarının əsas məqamı şəbəkə­nin ideya və məqsədlərinin təbliği olub. Qoşulmama Hərəkatının dəyər və prin­siplərinin həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsi, digər təşkilatlarla institusional dialoqun inkişafı yolu ilə təş­viqi də ən yüksək prioritet sayılıb. 

Qeyd edilib ki, Parlament Şəbəkə­si artıq Asiya Parlament Assambleyası, Ərəb Parlamenti, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı, Türk Dövlətləri Par­lament Assambleyası və ASEAN Par­lamentlərarası Assambleyası kimi bir sıra beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq mexanizmləri yaratmış və bu təşkilatlarda müşahidəçi statusu almış­dır. İkitərəfli əməkdaşlıq çərçivəsində isə Azərbaycan Respublikası Milli Məclisi Qoşulmama Hərəkatına üzv dövlətlərin daha 16 parlamenti ilə dostluq qrupları təsis edib ki, bu, bütün üzv parlamentlər­lə əməkdaşlığın daha da möhkəmləndi­rilməsi məqsədini əks etdirir. 

S.Qafarova Parlament Şəbəkəsinin ikinci konfransının “Pandemiyadan son­rakı bərpa üzrə milli və qlobal səviyyə­də göstərilən səylərə parlament dəstəyi” mövzusuna həsr olunduğunu bildirib və bu yaxınlarda Azərbaycanın paytaxtı Bakı şəhərində Qoşulmama Hərəkatı­nın COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşünü xatırladıb. O, Parlament Şə­bəkəsinə Azərbaycanın sədrliyi dövrün­də həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verib.

Bəhreyn Krallığı Şura Məclisinin səd­ri Əli bin Saleh Əl-Saleh, Parlamentləra­rası İttifaqın prezidenti Duarte Paçeko, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, Misir Ərəb Respublika­sı Nümayəndələr Palatasının sədri Ha­nafi Gibali, Malavi Milli Assambleyasının spikeri Katerin Qotani Hara, Kot-d’İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Burundi Milli Assamble­yasının rəhbəri Gelasi Daniel Ndabirabe, Nepal Nümayəndələr Palatasının sədri Dev Raj Ghimire, Fici parlamentinin sədri Naiqama Lalabalavu, Boliviya Çoxmillətli Dövlətin spikeri Jerges Merkado Suarez, Tanzaniya Parlamentinin spikeri Tulia Akson və digər çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azər­baycana minnətdarlıqlarını bildiriblər.

Konfransda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iş qaydalarına dəyişikliklər edilməsi haqqında qərarlar və Manama Bəyannaməsi qəbul olunub.

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər