Dünya Ermənistan hakimiyyətinin özbaşınalığına səssiz qalmamalıdır

post-img

Ermənistan nəinki işğalçı, həm də insan hüquqlarını kobudcasına pozan ölkədir. Küçədən birbaşa baş nazir kreslosuna əyləşən Nikol Paşinyan özünü nə qədər demokrat kimi göstərməyə çalışsa da, onun hakimiyyətdə olduğu müddət ərzində ölkənin insan hüquqları sahəsində yaranmış vəziyyət belə deməyə əsas vermir. N.Paşinyan da sələfləri kimi, özünə qarşı çıxan opponentlərini siyasi səhnədən silir və ya həbsə atır. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun açıqladığı hesabatda Ermənistanda Nikol Paşinyanı tənqid edən 802 nəfərə cinayət işi açıldığı bildirilir.

Hələ 2021-ci ildə BMT-nin İnsan Hüquqları Komitəsi Ermənistanda dinc toplaşmaq azadlığının əsassız məh­dudlaşdırılmasından, polisin dinc nüma­yişlərə müdaxiləsindən və etirazçıların özbaşına saxlanmasından narahatlığını bildirmişdi. Komitənin hesabatının müəl­lifləri Ermənistana nümayişlərdə polis əməkdaşlarının sayını azaltmağı və həd­dindən artıq güc tətbiqi, əsassız həbsləri və bununla bağlı bütün iddiaları araşdır­mağı tövsiyə etmişdilər. Bundan başqa, komitə üzvləri Ermənistanı daxili qa­nunvericiliyin sBMT-nin hüquq-mühafizə orqanları əməkdaşlarının güc və odlu silahdan istifadəsinə dair Əsas Prinsip­lərinə və hüquq-mühafizə orqanlarında daha az öldürücü silahlardan istifadəyə dair İnsan Hüquqları Təlimatlarına tam uyğunluğunu təmin etməyə çağırmışdı­lar. Məhkəmələrin müstəqil olmamasın­dan danışan BMT komitəsi icra və qa­nunvericilik orqanlarının məhkəmələrə təsirindən narahat olduğunu da bildirmiş­di. Ekspertlərin hakim və prokurorların seçilməsi, vəzifəyə təyin və vəzifədən azad edilməsi prosedurları ilə də bağlı sualları olmuşdu. Eyni zamanda, komitə üzvləri Ermənistana hakimlərin və pro­kurorların istənilən formada təzyiq və müdaxilələrdən müdafiəsini təmin etməyi və onların təhlükəsizliyinə təminat ver­məyi tövsiyə etmişdi.

Əlbəttə, bu, Ermənistanda insan hüquqları ilə bağlı yaranmış vəziyyətə həsr olunan ilk və son hesabat deyil. Bir çox beynəlxalq təşkilatlar Nikol Paşin­yan komandasının qanuna zidd əməllə­ri barədə müəyyən faktları elan edirlər. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun son hesabatında da Ermənis­tan hakimiyyət orqanlarının insan hüquq­larının pozulmasına dair məlumatları ic­timaiyyətin diqqətinə çatdırılır. Açıqlanan faktlar bir daha təsdiqləyir ki, N.Paşinyan hökuməti sələflərindən heç nə ilə fərqlən­mir. Rəsmi İrəvan hələ də sıravi ermə­nilərin elementar hüquqlarını pozmaqda davam edir. Hesabatda 2020–2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nüma­yişlər zamanı saxlanılan şəxslər, jurna­listlərə qarşı cinayət işləri haqqında və s. geniş məlumatlar var. 

Məsələn, qeyd olunur ki, insan hüquq­ları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili stan­dartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində anti­demokratik, qeyri-insani münasibətləri isə diqqətdən kənarda qalır. Bildirilir ki, xü­susən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayişçilərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərə­findən nədənsə “görülmədi”. Hesabatda, həmçinin vurğulanır ki, Ermənistanda Ni­kol Paşinyan hakimiyyəti özünü “demok­ratik hakimiyyət” kimi təbliğ etsə də, faktlar tam başqa mənzərəni ortaya çıxarır. 

Hüquq müdafiəçisi Səidə Qocaman­lının sözlərinə görə, Qərbin heç bir lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz. O, xa­tırladıb ki, 2020-ci ilin axırlarında Ermə­nistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı: “Həmin vaxt Er­mənistanda həbs olunan jurnalistlərə iş­gəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Er­mənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına və hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri və jurnalistlərinin Er­mənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu ölkədə insanların sərbəst toplaşma və söz azadlıqlarına mane olunur”.

Bunu yerli mətbuatda dərc olunan son xəbərlər də təsdiqləyir. Belə ki, “Ay­sor.am” saytı İstintaq Komitəsinin mət­buat xidmətinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin sabiq üzvü Gevork Petrosyana qarşı ittiham irəli sü­rülüb. “Hraparak” qəzeti isə yazır ki, İrə­vanın vitse-meri, səhiyyə nazirinin sabiq müavini Gevorq Simonyanın həbsindən sonra hakimiyyət daxilində çəkişmələr başlanıb. Qəzetin məlumatına görə, bəziləri hesab edirlər ki, Paşinyan par­tiyanın son qurultayında idarə heyətinin seçilməsi zamanı baş vermiş saxtakarlı­ğı ifşa etməklə, “Vətəndaş müqaviləsi”ni rüsvay etdiyinə görə Arsen Torosyanı ba­ğışlaya bilmir və ondan intiqam alır. 

“Brüsseldə prezidentlərin görüşün­dən sonra Ermənistanda olan insan haq­larının pozuntusu heç bir yerdə qeydə alınmayıb”. Bu fikri isə hüquq müdafiəçisi Novella Cəfəroğlu səsləndirib. Onun söz­lərinə görə, beynəlxalq təşkilatlar Azər­baycanda sabitliyi görmək istəmirlər və hər zaman Azərbaycana qarşı ikili stan­dartlarla yanaşıblar: “Ona görə biz bu hesabatları beynəlxalq təşkilatlara gön­dərəcəyik”. 

Hüquq Müdafiə Təşkilatları Monito­rinq Qrupu beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikili standartlardan uzaq durmağa çağırıb.

 

“Xalq qəzeti”

Siyasət