Qarabağın erməni sakinlərinin reinteqrasiyası: olum, ya ölüm

post-img

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağda yaşayan erməni nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüş yeri isə paytaxt Bakı seçilib. Belə bir qərarın verilməsi Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə təmasının hər hansı vasitəçilərsiz baş tutmasının vacibliyinin vurğulanması ilə yanaşı, həm də xoş niyyətin göstəricisidir. 

Hazırda Azərbaycan ictimaiyyəti qarşı tərəfdən müsbət reaksiyanın ol­masını gözləyir. Sözsüz ki, reaksiya­lar var. Ancaq adekvat deyil. Fikrimizi əsaslandırmaq üçün Ermənistandakı avantürist fikirləri bir kənara qoyub, bila­vasitə, Qarabağın xunta rejiminə diqqət yetirək. Rejimin qondarma parlamenti­nin bir qrup “deputatı” Ermənistan haki­miyyətinə müraciət edərək, onu bölgə xalqının öz müqəddaratını təyinetmə hüququnu şübhə altına almamağa çağı­rıb. Əlbəttə, belə bir müraciətin gündəmə gəlməsi oyundur və heç şübhəsiz, sənəd Xankəndidə yox, İrəvanda hazırlanıb. Amma söhbətimiz heç də tam olaraq bu barədə deyil. 

***

Əvvəla, ilk növbədə, onu deyək ki, hazırda Ermənistan, eləcə də Qara­bağdakı separatçı rejim daxilində küt­ləvi psixoz hökm sürür. Ermənilər dərin qeyri-müəyyənlik içindədirlər. Bu durum Azərbaycan–Ermənistan münasibətləri­nin normallaşması ilə bərabər, Qaraba­ğın erməni sakinlərinin Azərbaycana re­inteqrasiyasına da təsir göstərməkdədir. 

Belə təəssürat yaranır ki, Ermənis­tan daxilindəki müəyyən qüvvələr pro­sesi satqınlıq kimi qiymətləndirdiklərin­dən, istənilən nəticə hasil olmur. Təbii ki, nəticəsizliyin beynəlxalq aspektləri də gündəmdədir. Bu aspektlər Ermə­nistan hakimiyyətinin, müvafiq olaraq Qarabağdakı separatçı rejimin davranış­larına təsir göstərməkdədir. Lakin həm beynəlxalq dairələr, həm rejim, həm də İrəvan Azərbaycanın səbrini tarıma çək­diyinin fərqindədir. Bundan əziyyət çəkən isə Qarabağın sadə erməni sakinləridir. 

Bəli, yuxarıda göstərdiyimiz üç qüt­bün “hərəkətləri” Qarabağın erməni sa­kinlərini çıxılmaz duruma salır. Diqqət yetirək, erməni siyasi dairələri çox tez-tez Azərbaycanın bölgədə, guya, etnik tə­mizləmə siyasəti aparmaq istədiyini vur­ğulayırlar. Hazırda bu termin rəsmi İrəva­nın anti-Azərbaycan ritorikasında başlıca tezis halına gəlib. Ancaq fakt budur ki, bu tezisin özü, ümumən Azərbaycana qarşı əks davranışlar, yekun nəticə etibarilə həmin etnik təmizləmənin reallaşması­na səbəb olacaqdır. Baxın, biz nə qədər göstərsək ki, Laçın–Xankəndi yolu açıq­dır, beynəlxalq aləm, sanki, buna inan­mırmış kimi görünür. Səbəb çox sadədir– ermənilərsiz Qarabağ formulu üzərində düşünənlər var...

***

Onu da nəzərə alaq ki, qeyri-müəy­yənlik mühiti, gündən-günə artan hərbi əməliyyatların başlanma riski, qorxu və həyacan sadə ermənilərin durumuna çox pis təsir göstərir. Onsuz da Qarabağda ermənilərin sayı azdır. Yeri gəlmişkən, erməni tərəfin üzərində dayandığı 120 minlik say həqiqəti əks etdirmir. Realda söhbət, təxminən, 25-30 min nəfərdən gedir. Üstəlik, bu sayın hamısı bölgənin köklü əhalisi deyil. Hər bir halda, 25-30 min erməni rahat yaşamaq istəyir. On­ların heç olmasa, yarıya qədəri de-fak­to Azərbaycanın tərkibində yaşadıqları dövrü görüb. Bu kəsim digərlərini, belə demək mümkünsə, ağıllandıra, vəziyyət­lə barışmağa məcbur edə bilər. Təəssüf ki, buna imkan verilmir...

Bəli, Ermənistan hakimiyyətinin sepa­ratçı rejim və xaricdəki ermənipərəstlərlə birgə yaratdığı gərginlik və qeyri-müəy­yənlik mühiti Qarabağın sadə əhalisini olduqca çətin duruma salıb. Hamı Azər­baycanın öz torpaqlarına faktiki sahiblən­mək tələbinin haqlı olduğunu bilir. Qara­bağ erməni sakinləri də bunu yetərincə dərk edirlər. Lakin onların təşkilatlanma üçün imkanları zəif olduğundan, heç nə edə bilmirlər. Yeganə çıxış yolları isə dinc yaşamaq imkanlarını ya Ermənistanda, ya da dünyanın harasındasa axtarmaq­dır. Ancaq burada da bir əmma var – se­paratçı rejim və İrəvan onların bölgəni tərk etmələrini əngəlləyir. Necə deyər­lər, yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal. Bəs necə olacaq? Yazımızın so­nuna doğru bunun üzərinə gələcək və er­mənilərsiz Qarabağ formulunun kimə və nə üçün lazım olduğundan söz açacağıq. 

***

Əslində, ermənilərsiz Qarabağ for­mulu Azərbaycana da sərf etmir. Ölkə­miz çoxmillətli, çoxkonfensiyalı quruluşa malikdir. Müxtəlif bölgələrimizdə etnik er­mənilər yaşayırlar. Biz eyni qaydada Qa­rabağ iqtisadi rayonunda da bu millətdən olan şəxslərin dinc şəraitdə ömür sür­mələrini istəyirik. Digər tərəfdən, mənəvi baxımdan da bölgədə doğulub boya-ba­şa çatan, oranın havasını udub, çörəyi­ni yeyən insanların bu haqdan məhrum edilməsi ədalətsizlikdir. Axı, biz heç bir halda erməni millətçilərinin 1988-1991-ci illərdə davrandıqları, yüz minlərlə azər­baycanlını doğma yurdundan qovduğu kimi davrana bilmərik. Azərbaycan haki­miyyəti və cəmiyyəti, eyni zamanda, bu bəşəri reallığı nəzərə aldığı üçün Qara­bağın erməni sakinlərinə əl uzadır. 

Təbii, bu əl keçmişin acı dərslərini unutmuş toplumun və dövlətin əli deyil. Azərbaycan cəmiyyəti anlayır ki, vaxtilə olub-keçənlərə rəğmən, ermənilərin do­ğulduqları, həyatlarını bağladıqları böl­gədə yaşamaları vacibdir. Cəmiyyətimiz ümid edir ki, onlar özlərinin nümunəvi davranışları ilə bizə keçmişin acı xatirələ­rini bir kənara qoyub irəli doğru baxmağa kömək edəcək, səmimiyyət göstərəcəklər. 

Bəli, tək gözləntimiz səmimiyyətdir. Təəssüf ki, bunu ya görmürük, ya da bunun nümayişi əks mövqedə dayanan anarxist və avantüristlərin anti-Azərbay­can ritorikasının yanında xeyli zəifdir. Beləcə, ölkəmiz, bir tərəfdən Qarabağ ermənilərinə əl uzadır, digər yandan prin­sipial davranmaq hüququnu da özündə saxlayır. Prezident Adminstrasiyasının Bakıda görüş təklifi prinsipiallığın səmi­miyyəti görmək hədəfidir. Bakı Azərbay­canın paytaxtıdırsa, Qarabağdan Bakıya gəlməli olan ermənilər ölkəmizin vətən­daşları qismində öz paytaxtlarına təşrif buyurmuş olacaqlar və onlar özləri ilə, ancaq, səmimiyyət yükünü gətirməlidir­lər. Məsələ bu yükü Qarabağdan Bakıya daşımaqdır. Daha doğrusu, ya yükü daşı­maq var, ya da...

***

...Ya da sadə ermənilikdən çıxıb anarxistə, separatçıya çevrilmək. Başqa seçim yoxdur. Ermənistan hakimiyyəti də digər yol tanımırmış kimi davranır. Bir qədər əvvəl bu davranışın nəyə hesab­landığını izah edəcəyimizi bildirdik. İndi məsələnin üzərinə gəlirik. 

Bəli, onu da bildirdik ki, ermənilər­siz Qarabağ Azərbaycan üçün məqbul deyil. Ancaq belə düşünməyə əsas var ki, Ermənistanın hakim dairələri, sepa­ratçı rejim və xaricdəki ermənipərəst qüvvələr məhz buna çalışırlar. Onlar ya­rımçıq təfəkkürlərində bəslədikləri etnik təmizləmənin məntiqinin əməli fəaliyyət müstəvisinə keçməsini arzulayırlar. Heç bir halda, azərbaycanlılarla ermənilərin dinc şəkildə, yanaşı, qonşu kimi yaşama­larını istəmirlər. Ona görə istəmirlər ki, bu mənzərə qəsbkar xislətinə tam ziddir, yad təmayüldür. 

Ermənistanın o zamankı rəhbərliyi ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərində, əllərinə düşən ilk fürsətdə­cə, soydaşlarımızı Qərbi Azərbaycandan deportasiya etdilər, doğulduqları, bo­ya-başa çatdıqları tarixi yurd yerlərindən qovub çıxartdılar. Əgər qeyd etdiyimiz kimi, birgə yaşamaq istəsəydilər, həmin vaxt belə mənfur, anti-insani davranışlara yol verməzdilər. Təəssüf ki, eyni zehniy­yətin sahibləri indi də erməni cəmiyyətin­də azərbaycanlılara, türklərə qarşı nifrət püskürməkdədirlər. Ermənistanın hazır­kı, özünü demokratik sayan hakimiyyəti nəinki onlarla bacarmır, hətta, belələrinin irəli sürdüyü çürüklüyü dövlət siyasətinə daşıyır. Mövcud anlamda baş nazir Nikol Paşinyan iqtidarını özündən əvvəlki Sar­kisyan-Koçaryan tandemindən heç nə fərqləndirmir.

Bəli, görünən budur ki, çürüklük, XXI əsrin müasirlik ab-havasına yaraşmayan siyasət tərzi indi də Qarabağ ermənilə­rinin, tamamilə, bölgədən çıxarılmaları­nı hədəfə alıb. Məsələyə bu aspektdən yanaşsaq, N.Paşinyanın 44 günlük mü­haribənin başlanmasına səbəb olan “Qa­rabağ Ermənistandır” şüarının, bir qədər fərqli variasiyada, kateqorik səsləndiyini görürük. Başqa sözlə söyləsək, deməli, ya Qarabağ Ermənistandır, ya da Qa­rabağ ermənilərsizdir. İstədikləri tam da budur. Belə düşüncə sahibləri üçün insan amili heç nədir. Əsas ambisiyaların ger­çəkləşməsidir. 

Bu qənaətə gəlirik ki, ermənilərsiz Qarabağ Ermənistan hakimiyyəti üçün gələcəkdə Azərbaycana qarşı ərazi id­diası irəli sürmək rıçaqıdır. Ermənilərsiz Qarabağ ambisiyası, ölkəmizin bölgə­də, guya, etnik təmizləmə, soyqırımı reallaşdırdığı məntiqi, həm də Bakıya beynəlxalq təzyiqi daim gündəmdə sax­lamaq məqsədini daşıyır. Bir halda ki, əraziyə hakimlik yoxdur, onu ənənəvi er­məni xislətindəki qəsbkarlıq ritorikasının, psixozunun tərkibində mənəvi ölçü vahi­dinə gətirmək, niskillik elementinə çevir­mək lazımdır. Erməni xəstəliyinin daşıyı­cıları bunun üçün, hətta, Qarabağın dinc ermənilərinin fiziki məhvinə də razıdır. 

Yada salaq ki, xəstə təfəkkürə xas “strategiyanı” həyata keçirməyin Sumqa­yıt nümunəsi çox da uzaq olmayan tarix­dir. Şəhərdə erməni millətçilərinin dinc erməniləri qətlə yetirmələri və bunu azər­baycanlıların üzərinə atmaları heç kəsin yadından çıxmayıb. Onu da nəzərə alaq ki, 44 günlük müharibə zamanı Azər­baycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra, eyni qəddar davranışı Xankəndidə də gerçəkləşdirmək, sonra məsələni Azərbaycanın soyqırımı kimi qiymətləndirmək istəyirdilər. 

***

Bütün bunları nəzərə alsaq, hazırkı durumda Qarabağ ermənilərinin vəziy­yəti olduqca ağırdır. Hətta onların həyat­larının təhlükədə olduğunu da söyləmək mümkündür. Azərbaycan dövləti məhz bu ağır şərtlər altında Qarabağın ermə­ni sakinlərinə əl uzadır, onların ölkəmizin həyatına reinteqrasiyasına çalışır. Bu təşəbbüsün məqsədi onları erməni se­paratçılığından qorumaqdır. Əvvəldə də dediyimiz kimi, ölkəmizin mövqeyi xoş, humanist yanaşmanın ifadəsidir. İndi növbə Qarabağın erməni sakinlərinindir. Onlar duruma həssas yanaşmalıdırlar. Bu yanaşma hər gün daha çox həyati əhəmiyyət daşımaqdadır. 

 

Ə.CAHANGİROĞLU,“Xalq qəzeti”

Siyasət