Laçın–Xankəndi yolunda azərbaycanlı fəalların etiraz aksiyası yüksək tribunalara çıxarılır, bu haqda dünya mətbuatının manşetlərində yazılır, geniş ictimaiyyətdə müzakirələrə səbəb olur. Çox vaxt Azərbaycanın haqlı mövqeyi açıq şəkildə söylənilir. Ekoaksiya iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus humanitar təyinatlı avtomobillərin Laçın yolundan maneəsiz keçidinə şərait yaradırlar. Avtomobillərdə erməniəsilli şəxslər də olur.
Beynəlxalq analitiklər, siyasətçilər dəfələrlə vəziyyəti şərh edərkən bildirirlər ki, azərbaycanlı fəallar yolu humanitar məqsəd üçün tamamilə açıq saxlayırlar. Bundan başqa, ekofəallar ərazilərimizin çirkləndirilməsinə, su hövzələrimizin və meşələrimizin məhv edilməsinə, təbii sərvətlərinin qanunsuz istismarına qarşıdırlar.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Hüquq Müdafiə Təşkilatları monitorinq qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdimatına dair tədbirdə deyib ki, Laçın–Xankəndi yolunda uzun müddətdir ekoloji terrora qarşı aksiya keçirilir. Amma beynəlxalq təşkilatların heç biri buna reaksiya vermir.
Həmçinin Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İkinci Konfransında Ermənistan parlamentinin spikerinin yalanlarını ifşa edib. Belə ki, Ermənistan parlamentinin sədrinin Laçın yolunun, guya, “blokada”da olması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Sahibə Qafarova diqqətə çatdırıb ki, Laçın yolu mülki və humanitar avtomobillərin maneəsiz keçidi üçün açıqdır. Milli Məclisin Sədri bu faktın ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar və xarici jurnalistlər tərəfindən təsdiq olunduğunu da qeyd edib.
Bu aksiya həm də ermənipərəst dövlətlərin qərəzli münasibətini, ikili standartını göstərdi. Reallıq budur ki, həqiqət onlara da aydındır. Dünya mediasının manşetlərini bəzəyən Laçın–Xankəndi yolundan sərbəst keçən humanitar təyinatlı avtomobil karvanları aksiyanın əsl məramını ortaya qoyur. Həqiqəti bilib susmaq ayıbdırsa, doğrunu yalan kimi təqdim etmək, haqlı olduğun anda ünvanına haqsız ittihamların deyilməsi qarşı tərəfin vicdansızlığından xəbər verir. Azərbaycan belə kiçik maneələrdə ilişmir, çünki o, regionun lideridir, ədalətin tərəfindədir, haqqının tapdalanmasına göz yuma bilməz. Əslində, bu qərəzli yanaşma bizə yad deyil, bunu Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı dövründə də görmüşdük. Nəhayət, Azərbaycan Ermənistanı cəzalandırdı, ona 44 gün əsl dərs verdi. Hazırda bu missiyanı Azərbaycan gəncləri Laçın–Xankəndi yolunda birlik nümayiş etdirməklə yerinə yetirirlər. Heç bir ikili standart, riyakarlıq Azərbaycanı haqq yolundan döndərə bilməz.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”