Həsən Həsənov: “Fransua Mitteran Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunu yüksək dəyərləndirirdi”

post-img

Bu sayımızda Azərbaycanın ta­nınmış ictimai-siyasi xadimi Həsən Həsənovla ulu öndər Heydər Əliyev haqqında, geniş oxucu auditoriya­sında böyük maraq doğuran söh­bətimizin sonuncu, 6-cı hissəsini təqdim edirik. 

VI söhbət

– Həsən müəllim, 1988-1993-cü illərdə Azərbaycanda həm hakimiy­yət, həm də müxalifət qüvvələri niyə ciddi cəhdlə, uzun illər Vətəninə xidmət edən, Qarbaçovun riyakarlı­ğı üzündən təqaüdə göndərilən və Kremlin sərt nəzarəti altında Moskvada yaşayan Heydər Əliyevin Ba­kıya gəlməsinin qarşısını almağa çalışırdılar? O zaman onunla əmək­daşlıq etmək Azərbaycanın xeyrinə olmazdımı? 

– Qeyd etdiyiniz dövrdə, “hakimiy­yət” deyilən iki dövlət strukturundan söhbət gedə bilərdi. Onlardan biri, o zamankı ölkə prezidenti və onun ko­mandası, digəri isə baş nazir və onunla həmrəy olanlar idi. Bu iki dövlət qurumu arasında Heydər Əliyevlə əməkdaşlıq etmək məsələsində kəskin fikir ayrılığı var idi. Baş nazir olaraq mən Heydər Əliyevin həm Azərbaycana gəlməsini, həm də onunla əməkdaşlığı ürəkdən alqışlayırdım. 

Həmin dövrdə Heydər Əliyevin Ba­kıdan Naxçıvana getməsini təşkil etdim və ulu öndər orada yaşamağa başla­yandan sonra onunla gündəlik əlaqə saxlayır və Naxçıvana əlimdən gələn yardımı edirdim. Böyük çətinliklərlə də olsa baş nazir səlahiyyətlərimdən isti­fadə edib Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsünün tikintisi məsələsini həll etdim. Əvvəlcə, Moskvada bunun razılığını alıb, sonra isə Türkiyəyə rəs­mi səfərim zamanı orada saziş imza­ladım və tikinti rəsmiləşdi. Ankaradan qayıdan kimi bu şad xəbəri birinci Hey­dər Əliyevə çatdırdım. Bundan sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə körpünün tikintisi qısa müddətdə başa çatdırıldı. Prezident Ayaz Mütəllibov mənim bu addımlarımın qarşısını al­mağa nə qədər cəhd göstərsə də, ba­carmadı, çünki aciz idi.

O, Heydər Əliyevlə nəinki əmək­daşlıq etmək, heç onun Azərbaycana gəlməsini istəmirdi. Niyə? Çünki öz hakimiyyətini itirməkdən qorxurdu. Pa­radoks onda oldu ki, Ayaz Mütəllibovu hakimiyyətdən Heydər Əliyev deyil, sıx əməkdaşlıq etdiyi müxalifət uzaqlaşdır­dı. 

Müxalifət də Heydər Əliyevin Azər­baycana gəlməsini ona görə istəmirdi ki, hesab edirdilər o, Bakıda olsa, onla­rın planlaşdırdıqları kimi olmayacaq və hakimiyyətə gələ bilməyəcəklər. Həyat isə göstərdi ki, Heydər Əliyev Azərbay­canda olarkən, müxalifətin hakimiyyətə gəlməsinə heç bir maneçilik törətmədi. Lakin müxalifət qüvvələri o dövrdəki hakimiyyətin səriştəsiz idarəçiliyi və yaranan daxili qarşıdurma nəticəsində hakimiyyətə gəlsələr də, qısa müddət­də ölkəni xaosa sürükləyərək, vətən­daş qarşıdurmasına səbəb oldular və Azərbaycanı fəlakətdən qurtarmaq üçün xalqın təkidi ilə özləri Heydər Əli­yevi köməyə çağırdılar. 

– Heydər Əliyev 1993-cü ildə ha­kimiyyətə gəlməsəydi, Azərbayca­nın taleyi necə olardı?

– Yaranmış gərginlik arta və nəticə­si acınacaqlı, hətta xalqımız üçün çox faciəvi ola bilərdi. Daxildə parçalanma daha da sürətlənmişdi. Vətəndaş mü­haribəsi geniş miqyas ala bilərdi. Sonra­lar, Heydər Əliyevin hakimiyyətə qayıdı­şını parlamentdə müzakirə edib, o günü bayram elan etmək istəyəndə, bəziləri deyirdi ki, “nə üçün biz onun qayıdış tarixini Qurtuluş Günü kimi qeyd etmə­liyik? Biz nədən qurtulmuşuq?” Onda mən parlamentdə çıxış etdim və bu günün nə üçün bayram kimi qeyd edil­məsini şərtləndirən 25-dən çox səbəb göstərdim. Heydər Əliyev gəlməsəydi, bəlkə də Azərbaycandan sınıq-salxaq vəziyyətdə nəsə qalardı. Sonra belə bir ölkəni dünya normal dövlət kimi qəbul edərdimi? Çətin... 

– Həsən müəllim, 1993-cü ildə Siz artıq Heydər Əliyevin sərəncamı ilə o dövr üçün məsul vəzifəyə – Xarici İşlər naziri təyin olundunuz. Dövləti­miz üçün mühüm strateji bir sahəyə Həsən Həsənovun təyin olunması, şübhəsiz, böyük etimad və etibar idi. Heydər Əliyevin etimadını qa­zanmaq isə asan məsələ deyildi. Bu ötən illərin aktivi idi, yoxsa, sadəcə, ulu öndərin Sizin potensialınıza olan inamının nəticəsi idi? Bir də niyə başqa vəzifə yox, məhz Xarici İşlər naziri?

– Heydər Əliyev hakimiyyətə qayıdanda müstəqil Azərbaycanın BMT-dəki səlahiyyətli nümayəndəsi idim və ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının qarşısını almaq üçün diplomatik cəbhədə çalı­şırdım. Yəqin sizə məlumdur ki, həmin dövrdə biz o mötəbər qurumda hansı çətinliklərlə Azərbaycanın xeyrinə qət­namələrin və bəyanatların qəbul edil­məsinə nail olduq. Çox güman, həm bu vəziyyət, həm də əvvəldən Heydər Əliyevə məlum olan təcrübəm Xarici İşlər naziri təyinatımda əsas rol oynadı. 

Əvvəldə qeyd etmişdim ki, Heydər Əliyev məni Azərbaycan KP MK-nın ti­kinti şöbəsindən, o zamanlar “ziyalılar rayonu” sayılan 26 Bakı Komissarı (in­diki Səbail) rayonuna rəhbər təyin etdi. Az bir müddətdən sonra daha məsul vəzifəyə – o zaman “fəhlə şəhəri” kimi tanınan Sumqayıta, bundan sonra isə çox mürəkkəb vəziyyətdə olan Gəncə şəhərinə rəhbər göndərdi. Heydər Əli­yev bu vəzifələrdən sonra məni Mərkə­zi Komitədə ideoloji katib vəzifəsinə təyin edəndə də ideoloji sahədə təcrü­bəm yox idi. Amma inandı, etibar etdi, mən də işlədim, etimadını doğrultdum, razı qaldı. 

Diplomat olmağımın isə məxsusi tarixçəsi var. Hələ Azərbaycan KP MK-nın katibi olanda Moskva səfir olmaq imkanlarımı araşdırırdı. 1985-ci ildə bu məqsədlə məni SSRİ nümayəndə heyətinin başçısı təyin edib Laosa və Veytnama ezam etdilər. Bu ölkələrdə SSRİ ilə onlar arasında əlaqələrin qu­rulması ilə bağlı danışıqlar apardım. Qayıdanda Sov.İKP Mərkəzi Komitə­sində hesabat verdim. Səfərlərimin yekunundan razı qaldıqları üçün səfir göndərilməm həll olunmağa yaxınlaşır­dı. Bir müddətdən sonra Kamran Ba­ğırov mənə dedi: − Həsən, sənin səfir getməyin baş tutmadı. 

Soruşdum: − Səbəbi nə oldu? 

Dedi: − Səbəbi, həmin məsələ, sə­nin millətçi mövqeyin. 

...Erməni separatizmi qızışanda və onlar Qarabağda yaşayan ermənilə­rin müstəqilliyi iddiası ilə çıxış edəndə, yarım milyondan çox azərbaycanlını Qərbi Azərbaycandan zorla, bəzi hal­larda amansızlıqla deportasiya edəndə Kremldə Qorbaçov hakimiyyəti onlara himayəçilik edirdi. Ona görə də 1990-cı il yanvarın 8-də Azərbaycan KP MK-nın respublika toplantısındakı çıxışım za­manı Moskva və Azərbaycan rəhbərliyi­ni kəskin tənqid etdim. Bu hadisələrdən bir müddət sonra Moskvanın Bakıdakı nümayəndəsi olan Polyaniçko mənə dedi: – “Sənin diktafona yazılmış çıxışı­nı Sov.İKP MK Siyasi Bürosunda dinlə­yiblər”. Onlar belə düşünürdülər ki, məni tez-bazar səfir göndərib, Bakıdan uzaq­laşdırsınlar. Lakin müzakirələr zamanı həmin dövrdə SSRİ-nin Xarici İşlər na­ziri olan Eduard Şevarnadze deyib ki, “Mən Həsən Həsənovu azdan-çoxdan tanıyıram. O, Azərbaycanın bu vəziy­yətində səfir getməyəcək”. Gürcü siyasi xadim düz demişdi. Mən ölkənin o za­mankı vəziyyətində kənarda hansısa vəzifəyə görə Azərbaycandan qətiyyən getməzdim. 

AXC-nin hakimiyyəti ərəfəsində mən Baş nazir postundan BMT-yə ölkəmizin səlahiyyətli səfiri getdim. Bu da ölkədə prezident olmaq istəyənlərin hamısının ürəyindən idi. Dediyim kimi, çoxdan diplomat olmaq istəyirdim. Heydər Əliyev 1993-cü ildə məni Xarici İşlər naziri təyin edəndə bir neçə amili əsas götürərərk bu qərarı verdi. 

– Həsən müəllim, bir sualı ver­məyə bilmərəm, çünki o, prosesin yaxın müşahidəçilərindən biri ol­muşam. Prezident Heydər Əliyevin ilk xarici səfərə Fransaya getdiyini yəqin ki, yaxşı xatırlayırsınız. Niyə məhz Fransa, deyək ki, qardaş Tür­kiyə yox?

– Birinci onu deyim ki, Heydər Əliyev Prezident seçilərkən, Türkiyə ilə gündəlik əlaqə saxlayırdı. Ona görə də Fransa səfəri heç bir narahatlıq yarat­mırdı. Əslində Türkiyə rəhbərliyi də, bu səfərin uğurla baş tutmasında maraqlı idi. Mən BMT-nin Təhlükəsizlik Şurası ilə sıx təmasda çalışarkən, ölkəmizə ən böyük müqavimət məhz Fransa tərəfindən olurdu. Bilmirəm təsadüf, ya qismət idimi, hələ Prezident seçkiləri ərəfəsində mən Parisə UNESCO-nun toplantısında içtirak haqda dəvət al­dım. Fransanın Azərbaycandakı səfiri mənə xəbər verdi ki, “Səfər baş tutsa prezident Fransua Mitteran səni qəbul edəcək”. Bu haqda Heydər Əliyevə məruzə edəndə, dərhal göstəriş verdi ki, get və Ermənistanla mövcüd vəziy­yəti ətraflı danış. 

Səfər baş tutdu və deyildiyi kimi, prezident Mitteran məni qəbul etdi. Maraqlı söhbətimiz oldu. Mitteran SSRİ-nin dağılması, Azərbaycanda­kı ictimai-siyasi durum, Ermənistanla ölkəmiz arasındakı vəziyyət, Heydər Əliyevin respublikada hansı işləri gör­mək istəməsi haqqında məni geniş sorğu-suala tutdu. Görüşün sonunda, elə mənim yanımda köməkçisinə tap­şırdı ki, Heydər Əliyevə rəsmi dəvət hazırlasınlar. Əlimdə rəsmi dəvət Bakı­ya gəldim. Fransa prezidenti Mitteran Azərbaycanın bölgədəki yerini və ro­lunu, iqtisadi potensialını, ən əsas isə Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunu yüksək dəyərləndirirdi. Çün­ki Mitteranın SSRİ ilə əlaqələri vardı və Heydər Əliyev, Moskvada çalışdığı vaxtlardan, onu tanıyırdı. 

Heydər Əliyevin dəvəti və bu tezlik­də Fransaya səfəri ermənilər arasında bomba effekti verdi. Xatırlayırsınızsa, Heydər Əliyevin səfəri zamanı, hətta, ermənilər Parisdə buna qarşı etiraz nümayişi keçirdilər. Amma Mitteran Makron deyildi, o, ciddi, müdrik si­yasətçi idi. Bu dəvətin özü də bir hadisə idi. Yəni Ermənistana ən yaxın dost ölkənin rəhbəri yeni seçilmiş Azərbay­can Prezidentini ilk xarici səfərə dəvət etmişdi. Bu, rəsmi dövlət tədbiri idi və bilavasitə Fransa prezidentinin dəvəti ilə gerçəkləşmişdi. 

O vaxt Heydər Əliyev ölkənin düş­düyü vəziyyətdən çıxış edərək Azər­baycanı olduğu kimi dünyaya göstər­mək, problemlərini, ölkəmizə qarşı təcavüzü beynəlxalq aləmə çatdırmaq istəyirdi. Bu kimi səfərlərin əsas məra­mı Azərbaycanın real vəziyyətini bey­nəlxalq aləmə çatdırmaq idi. Ölkəmizin buna böyük ehtiyacı var idi. Heydər Əliyev də bunu hamıdan yaxşı və çox inandırıcı şəkildə edə bilirdi. 

İndi Fransa prezidenti Makronu tənqid edən çoxdur, amma biri durub ona demir ki, ay Emmanuel Makron, Mitteran belə başlamamışdı. Mitte­ranın da ətrafı ermənilərlə dolu idi. Amma Mitteran, dediyim kimi, ağıllı, dünya siyasətinin incəliklərini bilən, ölkəsinin milli maraqlarına sədaqətlə xidmət edən, dünyanın qəbul etdiyi böyük siyasətçi, dövlət xadimi idi. Mit­teran ilə Makronun Azərbaycana olan münasibətlərində fərqin əsasını bu amillər təşkil edir. 

Doğrudur, ötən əsrin 90-cı illərində BMT Ermənistanın işğalı dayandır­ması və Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsi ilə bağlı məlum dörd qətnaməni qəbul edəndə Fransa daim istəyirdi ki, buna necəsə mane olsun, amma bacarmırdı. Bəzi məsələlərdə istəklərinə nail olurdu. Məsələn, BMT Təhlükəsizlik Şurası­nın daimi üzvü olduğuna görə Fran­sa “Ermənistanın təcavüzü” sözünün qətnaməyə salınmasının qarşısını ala bilirdi. Buna baxmayaraq, biz BMT-nin Təhlükəsizlik Şurasının sənədlərində Ermənistanın real təcavüz hadisəsində rolunun qeyd olunmasına nail olurduq. 

– 1995-ci ilin martında dövlət çevrilişinə cəhd zamanı Prezident Heydər Əliyev Kopenhagendə idi və hadisələr başlayan kimi dərhal təyyarə ilə Bakıya qayıtdı. Əlbəttə, siz də həmin təyyarədə olmusunuz. Mən sonradan istintaq materialları ilə tanış olanda öyrəndim ki, çevri­liş planında Prezidentin təyyarəsi­ni vurmaq da olub. İnanmıram ki, Heydər Əliyevə bu haqda əvvəcədən məlumat verilməsin. Ulu öndər özü­nü belə təhlükəli vəziyyətlərdə necə aparırdı?

– Sizdən fərqli olaraq, mən istintaq materialları ilə tanış deyiləm. Ancaq həmin hadisəni yaxşı xatırlayıram. Biz Kopenhagendə keçirilən sosial tərəqqi naminə yüksək səviyyədə ümumdün­ya görüşündə olanda Heydər Əliyevə məlumat verdilər ki, Azərbaycanda, xüsusilə Bakıda vəziyyət çox gərgindir. Ulu öndər dərhal qərar verdi ki, tədbiri yarımçıq qoyub qayıtmalıyıq. Amma təyyarəmiz birbaşa Bakıya deyil, İs­tambulda eniş etdi.

Bakıdan Heydər Əliyevə onun təy­yarəsinin vurulacağı barədə məlumat vermişdilər. Lakin o, bu barədə mənə ümumi şəkildə məlumat verdi və fikrimi soruşdu. Bu məlumatı çatdıranın kim olduğunu bilirdim və sadəcə soruş­dum: “Bunları Sizə deyənin səmimiyyə­tinə tam inanırsınız?” Sualımı Heydər Əliyev cavab kimi dəyərləndirdi. Bu­nun səhəri günü, sübh tezdən Heydər Əliyev göstəriş verdi ki, Bakıya uçuruq. Yola düşdük. Bakıya yaxınlaşanda təy­yarəmizi bizim Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr müşayiət et­dilər və şəhəri dövrə vurub əlavə uçuş etdik. Nəhayət, təyyarəmiz sağ-sala­mat eniş etdi. Səhəri gün Heydər Əli­yev mənə telefon açdı və dedi: “Həsən, bilirsən də, dünən o dünyalıq olacaq­dıq?” Dedim: “Necə bəyəm?”. Dedi: “Bəs təyyarəmizi vurmaq planı varmış, amma baş tutmayıb”. 

Baxın, o bilə-bilə ki, təyyarəni vura bilərlər, yenə qorxmadan, çəkinmədən Bakıya qayıtmaq qərarından dönmədi. Əlbəttə, buna böyük cəsarət, hər şeyin yaxşı nəticələnəcəyinə daxili inam, ira­də lazımdır. 

Həmin ərəfədə Heydər Əliyevi Pa­kistana dəvət etdilər. İslamabadda bö­yük beynəlxalq tədbir keçirilirdi. Mənə telefon açıb dedi: “Həsən, mən gedə bilməyəcəyəm, sən tək get”. Müəyyən tövsiyələrini də verdi və tapşırdı ki, onun təyyarəsi ilə gedim. Orada mən Suleyman Dəmirəllə, Pakistanın Prezi­denti ilə görüşdüm və vəziyyəti ətraflı onlara söylədim. Onlar İslamabaddan Azərbaycanı və Heydər Əliyevi dəstək­ləyən bəyanatlar verdilər. 

– Həsən müəllim, son olaraq Heydər Əliyevlə bağlı bir maraqlı xa­tirə danışmağınız da oxucularımıza qənimət olardı.

– 30 il yaxından tanıdığım, bu il­lərin əksər hissəsini yanında çalış­dığım Heydər Əliyev kimi bir şəxsiy­yətlə bağlı xatirələrim sonsuzdur. İndi yazıçı-jurnalist Elmira Axundova ilə məhz Heydər Əlyevlə bağlı xatirələri­mi yazıb kitab şəklində nəşr etdirməyə hazırlaşırıq. Onlardan birini danışa bilərəm...

1983-cü ildə məzuniyyətə çıxdım və Çexoslovakiyaya istirahətə getmək məqsədilə Moskvaya yola düşdüm. O zaman yüksək vəzifəli məmurlara xari­ci ölkələrə, əlbəttə sosialist ölkələrinə, istirahətə getməyə şərait yaradılmış­dı. Həmin günün səhəri Heydər Əli­yevin doğum gününə, həm də 60 illik yubileyinə – 10 maya düşmüşdü. Ax­şam Moskvada təyyarədən düşəndə qəzetdə oxudum ki, Heydər Əliyevə ikinci “Sosialist Əməyi Qəhrəmanı” qızıl medalını veriblər. Köməkçisinə zəng vurub soruşdum ki, Heydər Əli­yeviç işdədir? Dedi: “Əlbəttə”. Dedim: “İstəyirəm gəlib Heydər Əliyeviçi təb­rik edim”. Dedi: “Qoy özündən öyrə­nim”. Bir neçə dəqiqədən sonra zəng vurdu: “Heydər Əliyeviç dedi, səhər saat 9-da burda olsun”. 

Səhər 9-da artıq onun qəbul ota­ğında idim və gördüm ki, yavaş-yavaş qəbul otağı adamlarla dolmağa başla­yır. Hamı onu təbrik etməyə gəlirdi. Biri çıxırdı, o biri girirdi. Düz axşam saat 12-nin yarısına qədər. Heydər Əliyev də köməkçisinə deyib ki, Həsənə söy­lə heç yerə getməsin. Arada kömək­çisindən soruşurdu, “Həsən burdadır”, deyirdi “burdadır”. Deyirdi, “getməsin”. Demək istədiyim odur ki, səhər saat 9-dan axşam saat 11:30-a qədər ar­dı-arası kəsilmədən onu təbrikə gəl­dilər. Həm də kimlər? Xarici ölkələrin səfirləri, başqa respublikaların daimi nümayəndələri, nazirlər, alimlər, ziya­lılar... Təbrikə gələnlərin böyük axını davam edirdi və Azərbaycandan bu­nun şahidi olan yeganə adam mən idim. Gecə saat 12-nin yarısında axın dayandı və mən, nəhayət, içəri keç­dim. Kabinet gül dəstələri ilə dolu idi. Heydər Əliyevin əhvalı çox yaxşı idi. Mehriban bir tərzdə dedi: “Necədir, Həsən? Görürsən də? Nəzərə al ki, bunu səndən başqa heç kim görmə­yib”.

Heydər Əliyevi ürəkdən təbrik et­dim, eyni zamanda gün ərzində qəbul otağında onun haqqında eşitdiklərim və orada müşahidə etdiklərim haqqında danışdım. Çox gec idi, amma həmişəki kimi Heydər Əliyevdə heç bir yorğunluq hiss olunmurdu. İkimizin də ovqatı çox yaxşı idi və getməyə heç tələsmirdik. Heydər Əliyevin siyasi fəaliyyətə necə başladığını, bu yoldakı maneələri, çə­tinlikləri xatırlayırdıq... Elə bu söhbət zamanı Heydər Əliyeviçə xatırlatdım ki, ikinci ulduz münasibətilə Azərbaycanda onun abidəsi ucaldılacaq. O, əvvəlcə söhbətdən yayınmaq istədi və hələ bu barədə düşünmədiyini dedi. Lakin gecə vaxtı olduğundan artıq telefonlar sus­muşdu, abidənin müəllifi və qoyulaca­ğı yer haqqında fikir mübadiləsi etmək üçün imkanımız vardı.

Onu da deyim ki, o vaxt SSRİ-də açıqlanmayan bir qayda vardı – mü­kafatlar arasındakı fasilə beş ildən az olmamalı idi. Bu qayda nadir hallarda pozulardı. Heydər Əliyev birinci qəh­rəman ulduzunu 1979-cu ilin avqus­tunda, Azətbaycanda MK-nın birinci katibi kimi fəaliyyətinin 10 illik yubileyi münasibətilə, Azətbaycan KP MK-nın avqust plenumunun keçirildiyi gün al­mışdı. Cəmi üç il yarım keçəndən son­ra yenə SSRİ-nin ən yüksək mükafatı­na layiq görülmüşdü... 

P.S: Ulu öndərimiz Heydər Əliye­vin son dərəcə zəngin və mənalı öm­rünün bəzi epizodlarını maraqlı və səmimi söhbətlərilə oxucularımıza çatdırdığına görə Həsən müəllimə redaksiyamızın adından minnətdar­lığmızı bildirdik. Amma razılaşdıq ki, bu mövzuda söhbətlərimizi bundan sonra da davam etdirək. 

Söhbəti qələmə aldı: İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

9-2.jpg

Müsahibə