Lavrovun Bakı səfəri: Azərbaycan–Rusiya siyasi gündəliyi

post-img

Məlum olduğu kimi, fevralın 27-28-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir. Azərbaycanın ic­timai rəyində səfərin müxtəlif məqamları ətrafında diskussiyalar aparılmaqdadır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bir illiyinin tamam olması müstəvisində Kremlin baş diplomatının Bakıya gəlişi hər iki ölkə arasındakı münasibətlərin hazırkı vəziy­yətini, eləcə də digər əlaqəli cəhətləri nəzərdən keçirmək üçün əsaslar verir.

 

Əvvəla, ondan başlayaq ki, 43 bənddən ibarət olan sözügedən bəyannamə kifayət qədər əhatəli məzmuna malikdir və bu, qarşılıqlı münasibətləri ən müxtəlif diapazonunu vurğulamaq baxımından dolğun səciyyə daşımaqdadır. Heç şübhəsiz, bu dolğunluğun əməli fəaliyyət spektri də var ki, Bakıda onun nəzərdən keçirilməsi, problem və çətinliklərin aradan qaldırılmasına, qarşıdakı müştərək tədbirlərin və planların müəyyənləşdirilməsinə dair müzakirələrin aparılması mümkündür.

Ümumən, bəyannamə Rusiyanın Azərbaycan, Azərbaycanın isə Rusiya üçün önəmini vurğulayan strateji sənəddir ki, onun ərsəyə gəlməsi heç də yaxın çalışmaların məhsulu deyil. Müvafiq şəkildə deyə bilərik ki, sənəd uzaq perspektivə hesablanıb. Deməli, belə qənaətə gəlmək mümkündür ki, Lavrovun Bakıda mövcud xüsusdakı ölkəmizin rəhbərliyi ilə müzakirə gündəliyi də zəngin olacaqdır.


***


Əlbəttə, müstəqillik dövrü rus diplomatiyasının mühüm fiqurlarından biri, bəlkə də, birincisi sayılan S.Lavrovun Azərbaycana səfərinin günümüz üçün aktual olan ən başlıca gözləntisi Ermənistan–Azərbaycan nizamlanması ilə bağlıdır. Cəmiyyətimizdə belə bir rəy formalaşıb ki, Rusiya XİN başçısı Bakıya münaqişə tərəflərinə çatdırılacaq konkret təkliflərlə gəlir. Təbii, təkliflər və onlar əsasında aparılacaq müzakirələrin bütün detallarının ictimaiyyətə çatdırılmaması mümkündür. Ancaq, heç şübhəsiz, bu məqamların danışıqlar prosesinin gedişatına hansısa təsir imkanları olacaqdır və ayrı-ayrı məsələlər zaman keçdikcə də açıqlana bilər. İndilik isə görünən, yaxud görünmə təsiri bağışlayan bəzi nüanslar da var.
Lavrov Bakıya İrəvana Qərb təsirinin gücləndiyi, daha doğrusu, Ermənistanın Cənubi Qafqaza Qərb maraqlarını gətirdiyi və ya gətirməyə cidd-cəhd göstərdiyi bir məqamda gəlir. Məlumdur ki, fevralın 21-dən Ermənistan–Azərbaycan sərhədinin qarşı tərəfində Avropa İttifaqının 100 nəfərlik mülki missiyası fəaliyyətə başlayıb. Missiyanın tərkibində Almaniya polisi, habelə, Fransa jandarmı da var. Gələcəkdə müşahidəçilərin sayının artırılacağı da bildirilir. Yeri gəlmişkən, Lavrov Azərbaycanın sərhədin öz tərəfində fəaliyyət göstərməyinə razılıq vermədiyi missiyanı Cənubi Qafqazda əlavə qıcıqlandırıcılar kimi qələmə verən fikirlər səsləndirib. Hər halda, Bakıda Rusiyanın baş diplomatının bu məqama geniş aydınlıq gətirəcəyi gözləniləndir. Eləcə də onun mülki missiyanı bölgəyə gətirmiş Ermənistana münasibət baxımından mövqe açıqlayacağı gözləntilər sırasındadır.


***


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı vəziyyətin müzakirəsi də S.Lavrovun Bakı səfərinin gündəliyindəki vacib məsələlərdəndir. Məlumdur ki, Rusiya sənədə kompleks yanaşır və onun öz maraqları var. Söhbət Ermənistan–Azərbaycan normallaşması fonunda bölgədə kommunikasiyaların açılmasından gedir. Ukrayna müharibəsi ilə Moskvanın dünyadan qlobal təcrid siyasətinin davam etdiyi hazırkı şəraitdə, qeyd etdiyimiz məsələnin əhəmiyyəti son dərəcə böyükdür. Həm də nəzərə alaq ki, hazırkı situasiyada Azərbaycan elə bir ampluadadır ki, onun hansısa qlobal əhəmiyyətli məsələdəki prinsipial mövqeyi Rusiyanın da istər regional, istərsə də dünyaya baxışını formalaşdıran rolunda çıxış edə bilər. Bu baxımdan, Kremlə ikitərəfli münasibətlərin hazırkı fazasının möhkəmliyini yoxlamaq lazımdır. Lavrovun səfərinin daha bir əhəmiyyəti də bundan ibarətdir.


***


Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti. Heç şübhəsiz, Rusiya XİN rəhbərinin Bakı səfərində bu məsələ barədə də diskussiya aparılacaqdır. Mövcud xüsusda Laçın–Xankəndi yolundakı durumun müzakirəsi də gözləniləndir. Məlumdur ki, azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin həmin yoldakı aksiyası fonunda Ermənistan tərəfindən Rusiya sülhməramlılarının fəaliyyətinin qeyri-məqbulluğu ilə bağlı fikirlər səsləndirilməkdədir. Aİ müşahidəçilərini bölgəyə dəvət etməsi ilə yanaşı, ümumən, İrəvanın hazırda tutduğu mövqe üçtərəfli bəyanatların icrası ilə əlaqədar çətinliklər yaradır. Bu çətinliklərin Ermənistan–Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasından tutmuş kommunikasiyaların açılmasınadək bir sıra maneələri də gündəmdədir.


***


Vacib məqamlardan biri də ölkəmizin Ermənistan–Azərbaycan sərhədində, xüsusən də Laçın yoluna yaxın ərazidə sərhəd nəzarət-buraxılış məntəqəsi qurmaqla bağlı israrıdır. Prezident İlham Əliyev məsələnin prinsipiallığını Münxen Təhlükəsizlik Konfransında kifayət qədər açıq şəkildə diqqətə çatdırdı. Bu haqlı yanaşma Rusiya sülhməramlı kontingentinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapmış missiyası ilə ziddiyyət təşkil etməyəcək ki?
Hər halda, nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətti olmalıdır. Qarabağ erməniləri də həmin zolaqdan keçərək Ermənistana, oradan isə istədikləri digər üçüncü ölkə və ya ölkələrə gedə bilərlər. Əlbəttə, normallaşma olsa və onların Azərbaycan vətəndaşlığı məsələsi hüquqi təsdiqini tapsa, Bakı, yaxud ölkəmizin digər şəhərlərindən də hərəkət imkanları yaranar. Hər halda, Lavrovun səfərində son qeyd etdiyimiz pozitiv məqamların nəzərdən keçirilməyəcəyi aydındır. Ancaq Rusiyanın qlobal güc sahibi kimi regionda öz ağırlığını qoyması üçün ədalətli davranmağına ehtiyac var və buna ümid bəslənilir. Ancaq inam varmı?


***


Yenidən Qərb aktivləşməsinə keçid alaq. Məlumdur ki, bir neçə gün öncə başa çatmış Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizliyə həsr olunmuş plenar iclas keçirildi. İclasda Azərbaycan, Gürcüstan və Ermənistan liderləri iştirak etdilər. Ölkələrin suveren tarixində ilk dəfə müşahidə edilmiş bu görüntü, heç şübhəsiz, onların müstəqil regional aktor obrazını canlandırdı. Onu da deyək ki, bu görüntünün qıcıq hədəfi Rusiyadır. Ona görə, ehtimal etmək mümkündür ki, Lavrov Bakıda, eyni zamanda, mövcud məqamın müzakirəsini də aparacaq, ölkəsi üçün gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından bilgi toplayacaq, belə demək mümkünsə, əminlik trayektoriyası cızacaqdır.

***


S.Lavrovun Bakıya səfəri Qarabağdakı separatçılığın Rusiya qanadı kimi qələmə verilən Ruben Vardanyanın bölgənin qondarma rejimində tutduğu “dövlət naziri” oyuncaq postundan uzaqlaşdırıldığı və məsələ ilə bağlı müzakirələrin həm Ermənistanda, həm də Azərbaycanda vüsət aldığı bir dövrə təsadüf edir. Əlbəttə, rəsmi Mos-
kva Vardanyan ilə hər hansı bağlarının mövcudluğunu bildirmir. Bildirməz də. Ancaq bu deyimin konfidensial gündəliyə aidiyyatı yoxdur. O gündəliyə ki, orada olanların sonradan həqiqət payı daha çox nəzərə çarpmaqdadır. Bu baxımdan, çox güman ki, Lavrov Bakıda masaya həm də Rusiyanın Qarabağ mövcudiyyətinin perspektivlərini də qoyacaqdır. Əlbəttə, söhbət Moskvanın yalnız Qarabağ deyil, bütövlükdə, Cənubi Qafqaz mövcudiyyətindən gedir. Söhbət həm də o mövcudiyyətdən gedir ki, hazırda ona qarşı çıxan Qərbpərəst Ermənistan var. Ermənistan özünün avantürist siyasəti ilə Azərbaycana qarşı da siyasi cəbhə açmış durumdadır. Əlbəttə, bu cəbhənin İrəvan ilə yaxınlığı aşkar görünən İran istiqaməti də var. Bünün bunları nəzərə alaraq, Rusiya XİN rəhbərinin Bakı səfərinin regionla əlaqədar müzakirə çevrəsinin daha geniş olacağını düşünmək üçün kifayət qədər ciddi əsaslar var.


Ə.RÜSTƏMOV,
“Xalq qəzeti”



Siyasət