XİN: Paşinyanın şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildi­riblər ki, Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 2023-cü il 23 fevral tarixli şərhləri Məhkəmə­nin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növ­bəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir.

İlk növbədə, qeyd edək ki, baş nazir Paşinyanın guya məhkəmənin Laçın yo­lunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə məh­kəmənin müvəqqəti tədbirlər barədə qə­rarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur.

Bir qrup azərbaycanlı ekofəalın Xankəndi–Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbay­canın təbii qazın və s. kommunal xid­mətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barə­də Ermənistanın iki əsas iddiasının məh­kəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən baş nazirin məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur.

Laçın yolunda Azərbaycanın və­zifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş nazi­ri görünür ki, hələ də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat va­sitələrinin və yüklərin hərəkətinə təhlükə­sizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zə­manət verməsi yoldan sui-istifadə halları­na imkan yaradılması kimi anlaşılmama­lıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub.

Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın və­satətini təmin etdiyi barədə əsassız id­dia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan “fasiləsiz hərəkəti təmin etmək...” əvəzinə, “öz ixtiyarında olan bü­tün tədbirləri görməlidir”. Məhkəmə, eyni zamanda, Ermənistanın yolboyu hərəkə­tin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul et­məyib. Bununla məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın id­dia etdiyi kimi “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Er­mənistanın tələbini rədd edib.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyun­ca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bə­yanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Ermənistan baş nazirinin minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıq­laması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərin­dən atır. Halbuki, məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina is­tehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesa­batlar yalan üzərində qurulub.

Qərardan göründüyü kimi, Ermənis­tan tərəfindən minaların yerləşdirilməsi­nin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəti­cəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermə­nistanın Azərbaycan ərazilərində mina­lar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, məhkəmə tərə­findən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yo­lunun başlanğıcında sərhəd nəzarət ke­çid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermə­nistan arasında postmünaqişə normallaş­ma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərə­findən də müsbət qarşılanıb. Lakin Ermə­nistanın bu təklifdən heç bir əsas gətir­mədən imtina etməsi Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niy­yətinin göstəricisidir.

Siyasət