Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməkdə qərarlıdır və bu istiqamətdə çox səmimi addımlar atır. Aİ rəhbərləri ilə istər Bakıda, istərsə də Brüsseldə keçirilən söhbətlərdə əsasən ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələrini artırması məsələsi müzakirə olunur. Bu da son illərdə Rusiya qazından imtinadan sonra Avropada yaranmış enerji böhranı ilə bağlıdır. Azərbaycan canla-başla bu problemin həlli üçün Avropanın yanında oldğunu dəfələrlə təsdiq edib. Özü də tam səmimi, məkrsiz, hiyləsiz...
Bu günlərdə Davos İqtisadi Forumunda Azərbaycan telekanallarına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, burada da enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarında olub. Onun sözlərinə görə, Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanıb. Bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunub və Prezidentə təşəkkürlər çatdırılıb: “Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər daha güclü şəkildə təmin ediləcək”.
Bəs Avropa da Azərbaycana qarşı səmimidirmi, məkrsiz və hiyləsizdirmi?
Bu suala cavab, təbii ki, birmənalı deyil. Məsələn, Azərbaycanın bu qədər cəhdləri, Avropaya qaz ixracını iki dəfədən çox artırmaq istiqamətində vicdanlı səyləri müqabilində Avropa İttifaqının heç bir fayda görmədiyi Ermənistana həddən artıq can yandırması, xüsusən son vaxtlar Azərbaycanla razılaşdırmadan qonşu ölkəyə hərbiləşdirilmiş müşahidə missiyası göndərməsi ictimaiyyətimiz tərəfindən anlaşılmır. Üstəlik, Fransa jandarmları və alman polislərinin də qatıldığı missiyanın fəaliyyətə başlaması ilə eyni vaxtda Ermənistanın cəsarətə gələrək atəşkəsi pozması və bunu Azərbaycanın üstünə atmaq istəməsi ciddi şübhələr yaradır. Belə görünür ki, Aİ bizə qarşı səmimi davranmır, “tazıtya tut, dovşana qaç” siyasəti yürüdür.
Yəni, Aİ-dəki uzaqgörən başlar görmürlər ki, müşahidə missiyasının işə başlaması ilə Ermənistan indiyədək müəyyən qədər irəliləmiş sülh prosesinin üstündən xətt çəkir?! Azərbaycanda siyasi analitiklər hesab edirlər ki, Fransanın təhriki ilə Ermənistan regionda yeni müharibəyə hazırlaşır. Amma bizim Aİ ilə səmimi dostluq cəhdlərimizdən gözləntilərimiz müharibə deyil, sülhdür, Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır, yeni əməkdaşlıq yaradılmasıdır.
Azərbaycan Prezidenti xarici jurnalistlərlə görüşündə bu barədə də söz açaraq bildirib ki, ölkəmizin sülh istiqamətində səyləri həm Avropada, həm də ABŞ-da anlayışla qarşılanır. Eyni zamanda ilk baxışda Ermənistanın mövqeyində müəyyən qədər tərəqqi olduğu hiss edilir. Yəni, Laçın–Xankəndi yolundakı vəziyyətin müzakirəsi zamanı Azərbaycanın mövqeyi qəbul olunub: “Bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən, Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın… Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan–Azərbaycan sərhədində yaratsınlar… Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur… Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”.
Amma Ermənistanın baş naziri Nikol Paşinyan Davosdan ayrılan kimi nə baş verdi? İrəvan Ermənistan–Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifindən imtina etdi. Biz nəinki Ermənistanın sülh istiqamətində addımlar atmadığını, hətta yeni müharibə törətmək niyyətini görürük.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə ümumiyyətlə baltanı kökündən vurub. Deyib ki, Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlarda iştirak etməyəcək. Ermənistan hökuməti əvvəllər üç keçid məntəqəsinin yeri barədə qərar qəbul edib, oradan kommunikasiyaların açılması mümkün olub: “Bakıdan reaksiya gözləyirik. Amma ekstraterritorial kontekst müzakirə olunmayacaq, bu, Ermənistan üçün qırmızı xəttdir. Noyabrın 9-da verilən bəyanata görə, Ermənistan ərazisindən keçən dəhlizlə bağlı razılaşma yoxdur. Yəni, bu, Azərbaycanın fikridir, bu ritorika proseslərə təsir etməyib və etməyəcək. Bu məsələ ilə bağlı heç bir şifahi razılaşma yoxdur”.
Qriqoryan bir qədər də irəli gedərək bildirib: “Nə 9 noyabr bəyanatında, nə də Rusiya Prezidentinin 10 noyabr fərmanında Ermənistanın FTX-nin nəzarəti altında olan yolu (Zəngəzur koridoru – red.) verməyi öhdəsinə götürdüyü deyilib. Bu yola Ermənistan nəzarət edəcək və FTX artıq Ermənistan tərəfindən bu öhdəliyin yerinə yetirilməsinə nəzarət edəcək”.
Görünən budur ki, erməni tərəfi yenidən hiylələrə, sabotaja əl atır. Biz isə Paşinyanın da imzaladığı 10 noyabr üçtərəfli Bəyanatının mətnindəki 9-cu bəndi bir daha Qriqoryanın nəzərinə çatdırmağa məcburuq. Həmin bənddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
Bəs Qriqoryanın, o cümlədən Paşinyanın və digər erməni rəsmilərinin nala-mıxa döyməsinin cəbəbi nədir? Bəlkə fevralın 20-də ölkəyə gəlmiş silahlı Aİ müşahidəçiləri, fransız jandarmları onları belə ürəkləndirir?! Yaxşı, ermənilərin sülhdən yan keçməyə çalışdığını başa düşmək olar. Çünki onlar bacılarının əlində oyuncaq olmağı sevirlər. Bəs enerji təhlükəsizliyinə səmimi, hətta çox səmimi şəkildə hər gün töhfələr verməyə çalışdığımız Avropa İttifaqını necə başa düşək?! Yoxsa onlar da ermənilərlə bir ələ oynayırlar?!.. Bəlkə yaz gəlir, yonca bitir və enerji təhlükəsizliyi arxa plana keçir?!..
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

