İtaliya
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova isə bildirib ki, indiyədək 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edib.
Mərasimdə vurğulanıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Almaniya
Fevralın 24- də Almaniya Federativ Respublikasının Berlin şəhərində Milli Məclisin deputatı Nurlan Həsənovun da qatıldığı Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbir Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.
Mərasimdə Azərbaycan həqiqətləri diqqətə çatdırılıb və erməni silahlı qüv-vələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı qətliamı barədə məlumat verilib. Qeyd edilib ki, 31 il əvvəl, müstəqilliyimizin ilk aylarında erməni silahlı dəstələri azərbaycanlılara qarşı törətdikləri qətliam müstəqillik tariximizin ən ağır və amansız hadisəsidir. Diqqətə çatdırılıb ki, Xocalı qətliamı təkcə Azərbaycanda yox, ümumilikdə, dünyada törədilmiş ən böyük miqyaslı terror hadisələrindən biri kimi qiymətləndirilməlidir.
Bosniya və Herseqovina
Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirilib. Tədbirdə Bosniya və Herseqovinadan olan deputatlar, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və KİV-in, gənclər təşkilatlarının nümayəndələri, həmçinin Milli Məclisin deputatı Müşfiq Cəfərov iştirak ediblər.
Beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı barədə məlumat verilib, faciəni əks etdirən sənədlər təqdim olunub və Xocalı qətliamının Azərbaycana qarşı törədilmiş ən böyük terror aktı olduğu qeyd edilib.
Tədbirdən sonra Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı surətdə təmir edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olundu.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”

