El dönəcək o yerlərə...

post-img

Biz 1988-ci ilin sonlarında öz dədə-baba torpaqlarımızdan qovulmuşduq. Bəzən bu sözü deyəndə məni qınayırlar ki, “qovulduq” sözünü dilə gətirmə, erməni kimdir ki, bizi qovur? Ancaq fakt faktlığında qalır. Güclü himayədarlarına, son iki əsrdə formalaşdırılmış lobbinin və diaspor təşkilatlarının dayağına arxalanan ermənilər bizi öz yurdumuzdan ... həqiqətən, qovdular. 

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasın­da yaradılan şəraitlə tanış olandan son­ra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bizi doğma yurda qayıtmağa ruhlandıran fikirlər səsləndir­di. Dövlət başçımızın Qərbi Azərbaycan İcmasını bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməyə səsləmə­si hamımız üçün çox önəmlidir – həm Qərbi Azərbaycandan olan insanlar, həm də bütün Azərbaycan xalqı üçün.

Cənab Prezident tövsiyə edir ki, biz bu işi daha məqsədyönlü şəkildə apar­malıyıq. Əlbəttə, bu layihənin reallaşdı­rılmasına bütün soydaşlarımız kömək etməlidirlər. İlk növbədə isə biz – Qərbi Azərbaycandan didərgin salınmış yüz minlərlə insan daha fəal olmalıyıq. Tə­bii ki, hərə öz bacardığı qədər. Mənim bacardığım isə həmin dəhşətli günlərin tarixçəsindən bəzi məqamların yenidən dünya ictimaiyyətinə çatdırılmasına kömək etməkdir. 

... İndi gecənin yarısı yurd haqda fikirləşə-fikirləşə bu yazını yazdıqca, gözlərim önünə həyət-bacası ilə, bütün şəraiti ilə doğma olan birmərtəbəli o ata evimiz gəlir. Yurd dediyim öz köhnə ata evini təzə dəbli evimdən qat-qat üstün tutduğum bir vaxtda yurdu tərk etməli olduq. Ömrümün, uşaqlığımın ilkinliyi ilə bağlı olan o ata evini. Və bir də hiss eləyəndə ki, bu ilkinlikdən birdən-birə ayrılmısan, bütün əlaqələrin xırp kəsilib, adamı dəhşət bürüyür. Görün, o ixtiyar qocalar indi nələr çəkir. 

Mənim üçün ən faciəlisi, ən ağı­rı evimdən axırıncı çıxdığım gün oldu. Nağıllarda deyildiyi kimi, çəkidə yüngül, vəzndə ağır, bəzi ev əşyalarını (bax­mayaraq ki, mənim evimdə belə əşya­lar yox idi) çıxarandan sonra, anamla ailəmi yurdla vidalaşdırıb, həyətdə bizi gözləyən Mamed müəllimin minik av­tomobilinə əyləşdirdim. Atam isə uşaq­larla Gürcüstanda idi. Mən bir də geri, evə qayıtdım. Hər daşını, kərpicini isi­də-isidə, əllərimlə sığallaya-sığallaya tikdiyim evimlə bir də vidalaşmağa qa­yıtdım. Bütün otaqları yenə də bir-bir gəzdim, axırıncı otaqda yarım saatdan artıq qaldım… 

Həyətə çıxanda isə daha özümü saxlaya bilmədim. Titrəyə-titrəyə üs­tümə atılan itlərim, sanki, fəryad qopa­rıb, məndən imdad diləyirdilər. Başa düşürdülər ki, son görüşdü – itlərimi, evimi qoyub gedirdim. Aşağı əyildim, itlərlə vidalaşmaq üçün. Hər ikisi də dal ayaqları üstə qalxaraq titrəyirdilər. Yaş­la dolu gözlərimlə birtəhər gözlərinin içinə baxdım. Hər iki itin gözündə yaş parıltısı gördüm. Bu dəfə hönkürtümü saxlaya bilmədim. İtlərin çox duyumcul olduğunu eşitmişdim. Axır ki, gözlərim­lə də gördüm. Külək adamı yıxırdı. Elə bərk tufan başlamışdı ki. Bu da təbiə­tin fəryadı idi. Bir neçə gündən sonra da zəlzələ olacaqmış. Təbiətin zəlzələ fəryadı.

… Sənə qayıdıram, itirdiyim yurd, a doğma kənd, doğulub boya-başa çatdığım, çox yaxşılıqlarını, haqq-sa­yını gördüyüm a ixtiyar ulus! Çox sağ olsun genişürəkli xalqım, təmənnasız yaxşılıqlarına görə, mənzilimə, işimə, bəzi qayğılarımın yüngülləşdiyinə görə. Yuxularımdan çıxmayan o yurda, o ata evinə mən nə deyim. Mən qırmızı daşla tikilən ikimərtəbəli evimi erməni ilə be­ton mənzilə dəyişmişdim. 

Dağ Borçalıdı mənim elim, ulusum. Qənimimə çevrilmək üçün kəsilib Sovet Ermənistanı yaradılan, Borçalı deyilən böyük bir mahalın dağlıq hissəsidi. Bu, dağlarla əhatə olunmuş böyük ərazidi. Dağlararası düzənliklərlə, çökəkliklər­lə zəngin olan bu torpaq həm də Loru vadisi adlanır. Bu gün dilimizdə geniş işlənən “Loru dili” ifadəsi də bu torpağın adı ilə bağlıdı. Əgər “Loru dili”ndə ifadə­si eşidirsinizsə, bu o deməkdir ki, sadə, canlı xalq dilində danışmaq nəzərdə tu­tulur. Loru yurdları oğuz ellərinin, elat­larının yurdu olduğu kimi (bunu tez-tez rastlaşdığın oğuz qəbirləri nəql edir), Loru dili də oğuz elatının dilidi, Dədə Qorqud dilidi. Loru böyük bir ərazidə yerləşir. Ola bilsin ki, yaşı üç min ili ad­layan Lulubi imperiyasının adı Loru to­ponimində qorunub saxlanır. 

Mərkəzi Calaloğlu (Stepanovan) ol­maqla, bir tərəfi Qarakilsə (Kirovakan), bir tərəfi isə Gümrüyə (Leninakan) qə­dər uzanır. Ağbaba Amasiya ellərinə çi­yin-çiyinə söykəkdir. Qədim Loru Ağba­baya, Ağbaba isə Qarsa söykənir. Loru dağlıq yerdir. Ancaq aran səmti Canbax­çadı. Mənim doğulub, boya-başa çatdı­ğım kəndim Canbaxçada yerləşir. Evli, Qızılkilsə, Sarıyal, Dəmirçilər, Başkeçi­din kəndləri olan Muğanlı və Saatlı Can­baxçanın ən şən kəndlərindəndi.Özü də Dağ Borçalının arana baxan kəndləridi. Canbaxçanın kəndləri Qarayazı, Sar­van çökəklərindəki, Qazax ellərindəki qardaş-bacılarımızın, ağbirçəklərimizin, dədələrimizin yaylaqları idi. 

O adları çəkilən kəndlərin mütləq çoxusu Qazax mahalından qopanlardı. O yerlər Qazax ellərinin yaylaq yerləri olub. Mənim kəndim Evli, İkinci Şıxlıdan ayrılmadı. “Talıföyü” İkinci Şıxlıda yaşa­yan böyük bir nəsildi. Qurudlu-motallı, qaymaqlı-ballı, aşıqlı, qonaqlı-qaralı, ağ-ağ sürülü Canbaxçam, Oy dərəsi. 

Mənim Evli kəndim! Ağır elim, ulu­sum! İndi minlərlə qaçqının paspor­tunda doğulduğu məkan kimi qalırsan, ürəyində Vətən kimi yaşayırsan, qanım­da dərd kimi qövr eləyirsən. Çox keç­məkeşlər, qeylü-qallar görübsən. Yaşın boyu dörd dəfə adın dəyişib, hərəsi də bir tarixi hadisə ilə bağlı: Xarrat, Aşıq Novruz, Molla Eyyub, Evli. Hələ bu mən bilənlərdir. 

Qaçqınlardan biri deyir ki, bu yaxın­larda evimizə kənd sovqatı gətirmişdilər, kəkotulu, itburnulu, qurudlu bir bağlama idi. Balaca nəvəm bağlamanı qucaqla­yıb ağlamsına-ağlamsına bir müddət heç kimə vermədi. Yurd ətri, kənd iyisi duyduğu üçün. Mənim ömürlük yurd ətri duyacağım Molla Eyyubum. Dağın, düzün, çiçəyin-gülün hopub canıma, qanıma. Mərd adamların, təmənnasız yaxşılıqlar eləyən övladların, bir iş gör­mək istəyərkən qolundan yüz-yüz əllə yapışan xeyirxahların necə uca eləmiş­di səni. Varın-bərəkətin göydən yağırdı. Bir də onu xatırlatmaq istəyirəm ki, qaç­mamışıq o yurdlardan, geri çəkilməyə məcbur olmuşuq. Ürəklərimiz girov qalır o yurdlarda. 

“El yeridi, yalqız qaldın səhrada”... Dədə Ələsgərin peyğəmbər fəhmi ilə dediyi bu ağrılı misra elə bil öz axirət taleyi üçün, bir də qədim Göyçənin qəmgin taleyi üçün deyilibmiş. Başımı­za gələnləri xatırladıqca, yalqız qalan neçə-neçə tarixi abidələrimizin, ocaqla­rımızın, inanc yerlərimizin, yaşı dünya­nın özü qədər olan qəbiristanlıqlarımı­zın acısını qışqırır bizə bu misra. Çox keçməz, el yenidən dönər Qərbi Azər­baycan deyilən o dogma yurd yerlərinə. 

 

Tahir TALIBLI,
Əməkdar jurnalist



Sosial həyat