İrəvanda Azərbaycan ədəbi-mədəni mühiti

post-img

XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Elm və mədəniyyət tariximizə “İrəvani” təxəllüsü ilə daxil olmuş bir çox alim, ədəbiyyat və mədəniyyət xadimi bu xəzinəyə önəmli töhfələrini vermişdir. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqa şəxsiyyətlərin yaradıcılığı bu mənəvi zənginliyi bir daha təsdiq edir. 

Görkəmli alim, pedaqoq Firu­din bəy Köçərli XIX əsrin axırlarında İrəvan gimnaziyasında dərs deyərkən “Azərbaycan ədəbiyyatı” adlı əsəri üçün materiallar toplamış, ədəbi-bə­dii sözün görkəmli xadimləri arasın­da İrəvanda yaşayıb-yaratmış Məşə­di İsmayıl Hacı Kazımzadə Bəzmi (1846–1888), Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov Mütəlle (1832–1892), Hacı Seyid Rza Əmir­zadə (–1906), Mirzə Əlixan Şəm­sül-Hükəma Ləli (1845–1907) kimi sənətkarların yardıcılığına toxun­muşdu. Bu şairlərin əsərlərindən ver­diyi nümunələr əsasında F.Köçərli sübut etmişdi ki, İrəvan şairləri əruz vəznində türkcə gözəl şeirlər yazmış­lar. 

Vaxtilə Mirzə Hüseyn Ağa, Mirzə Cabbar Əsgərzadə, Axund Məhəm­mədbağır Qazızadə, Əli Məhzun, Abbas Ağa Fərəcov, Yaqub Mustafa oğlu, Mirzə Abbas kimi ədəbiyyat xadimləri və ziyalılar İrəvanın ədəbi həyatında fəal iştirak etmişlər. Azər­baycanın bir çox görkəmli ictimai xa­dimləri, ədibləri Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Əziz Şərif, Heydər Hü­seynov və başqaları İrəvan ədəbi-mə­dəni mühitinin aparıcı simaları ilə sıx dostluq və yaradıcılıq əlaqələrin­də olmuşlar. Haşım bəy Vəzirov, Əb­dürrəhim bəy Haqverdiyev, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluza­də və başqaları XX əsrin əvvəllərində İrəvanda işləmiş, öz ədəbi fəaliyyət­lərini burada da davam etdirmişlər. 

Onu da qeyd etmək yerinə düşər ki, İrəvan ədəbi-mədəni, ictimai-si­yasi mühitinin görkəmli nümayən­dələrinin Şərq elmində, ədəbiyya­tında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədə­bi-mədəni prosesdə duyulmaqdadır. 1918–1920-ci illərdə ermənilərin Qərbi Azərbaycanda (indiki Ermə­nistan) apardıqları soyqırımı siyasə­ti nəticəsində əvvəllər ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan İrəvan ədəbi mühiti də dərin tənəzzülə uğramış, onun bir sıra nü­mayəndələri soyqırıma və deportasi­yaya məruz qalmışlar. 

Ədəbi mühitin görkəmli nü­mayəndələri məcburiyyət qarşısında qalaraq İrəvanı tərk etmiş, Türkiyə, İran, Azərbaycan, Orta Asiya və başqa ölkələrə üz tutmuşlar. İrəvanda yaşlı nəslə mənsub ziyalı qalmamış, nəsillər arasında sələf–xələf münasi­bətləri pozulmuşdur. Şübhəsiz ki, bu deportasiya İrəvan ədəbi məktəbinin yaradıcı potensialına təsir etməyə bilməzdi. 

XX əsrin sonu – XX əsrin əv­vəllərində bütün Azərbaycan poezi­yasında olduğu kimi, İrəvan ədəbi mühitinin yetirmələrinin yaratdıqları bədii nümunələr də daha çox klas­sik şeir janrlarına–qəsidəyə, qəzələ, müxəmməsə və s. uyğun olaraq ya­radılırdı. Keçən əsrin 20-ci illərindən başlayaraq, İrəvanda yaşayan azər­baycanlı sənətkarlar forma sahəsində yeni poetik janrlara, məzmun sahə­sində isə zəmanənin sərt tələb kimi ortaya qoyduğu ideologiyanın tələb­lərinə əməl etməyə məcbur olmuşlar. Amma bununla yanaşı, İrəvanda ya­şayan şərqşünas alim Mirzə Hüseyn Ağa və Vahid təxəllüslü Məşhədi Heydər İsmayılov klassik janrlara müraciət edirdilər. 

1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyətinin qurulması bütün çatışmamazlıqlarına baxmayaraq, İrəvan ədəbi mühiti­nin bərpasına, dar çərçivədə olsa da, imkan vermişdir. Lakin bəzən gizli, bəzən də açıq şəkildə özünü büruzə verən erməni şovinizmi əhatəsində bu proses heç də asan getməmişdir. Qeyrətli azərbaycanlı ziyalılar Ca­hangir Ələkbərbəyov, Məmmədə­li Nasir, Bala Əfəndiyev, Mustafa Hüseynov, Rza Vəlibəyov, Mehdi Kazımov, Əhməd Əhmədov, Ək­bər Rizayev, Rza Şeyxzadə, Abbas Ağa Fərəcov, Miryusif Mirbabayev, Ələmdar Haşımov, Murtuza Mura­dov, Yusif Ziya, Yusif Fikrət, Həbib Məhəmmədzadə, Salman Rəhimov, Bülbül Kazımova və başqaları ədə­bi mühitin bərpasında, inkişafında, fədakarlıq göstərmiş, siyasi və milli iradə nümayiş etdirmişlər.

Ötən əsrin 20-ci illərindən son­ra İrəvandakı siyasi durum birxətli, eyni xarakterli olmadığı üçün bədii ədəbiyyatın, o cümlədən poeziyanın inkişaf yolu da ziqzaqlı olmuşdur. İrəvanda yaradılan “Azsaylı xalqlar şöbəsi” və onun mübariz rəhbəri Bala Əfəndiyevin səyi nəticəsində artıq 1924-cü ildə nəşrə başlayan “Zən­gi” qəzeti səhifələrində Azərbaycan dilində şeir nümunələri görünməyə başladı. Ağır repressiya şəraitində nəinki ədəbi prosesin inkişafından, heç bədii nümunələrin meydana gəl­məsindən və işıq üzü görməsindən də söhbət gedə bilməz. Məhz buba görə də 1924-cü ilə kimi Ermənistanda, xüsusilə İrəvanda şeir və nəsr nü­munələrinə təsadüf olunmur.

1924-ci il iyun ayının 28-də ÜİK(b) P Mərkəzi Komitəsinin “Par­tiyanın ədəbiyyat sahəsindəki siyasə­tinə dair” adlı qətnaməsi sovet ədə­biyyatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Qətnamədə gənc proletar ədiblərindən yaşlı nəsilə mənsub olanlara ehtiyatla yanaşmaq, onları sosialist ədəbiyyatının yaradıl­masına səfərbər etmək tələb edilirdi. Eyni zamanda, qətnamədə gənc nəsli daha cəsarətlə müdafiə etmək dövrün tələbi kimi qoyulurdu. Bu səbəbdən də bir sıra gənc ədəbiyyat həvəskar­ları 1924-cü ildən nəşrə başlayan “Zəngi” qəzeti səhifələrində siyasi məzmunlu şeirlər dərc etdirməyə başladılar. 

Keçmişi gecəyə, sovet hakimiy­yəti illərini günəşli gündüzə bənzət­mək o dövrkü şeirdə ən geniş yayıl­mış metafora idi. Başqa görkəmli sovet sənətkarları ilə yanaşı, İrəvan şairlərinin də çoxu həmin mövzuda yazmağa meyl edirdi. Məhz bu möv­zu həm də yaxın keçmişdə bolşevik daşnaklarının Azərbaycan türklərinə qarşı etdiyi cinayəti ört-basdır et­məyə, kommunist ideologiyasını tə­mizə çıxartmağa, ermənilərlə türklər arasında mövcud gərgin münasibət­lərə “qardaşlıq və beynəlmiləlçilik” libası taxmağa imkan verirdi. 

İrəvanda türkdilli poeziyanın inkişafına 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəz­dində yaradılmış Türk bölməsinin ya­ranması da kömək etdi. Türk bölməsi İrəvanda yazıb-yaradan azərbaycanlı gənc ədəbiyyat həvəskarları arasında yaxından iş apararaq, onlarln yara­dıcılığına istiqamət verir, köməklik gostərirdi. 1927-ci ildən başlayaraq Nəriman Fəxri, Abbas Tahir, Abbas Azəri, Əbülfət Rəhimov, Əşrəf Bay­ramov, Adil Axundov, Telman Nəzər­li, Teymur Əhmədli, Yusif Rizayi, Əkbər Həsənov, Bəhlul Mamedov, Əbülfət İbrahim, Cəlal Sərdar, Əli Şahin, Əli Əliyev, İslam Süleyma­nov, Sona Bağırova, Foqiyə Kəngərli və başqaları İrəvanda Azərbaycan poeziyasının aparıcı qüvvələri idilər. Bu işdə onlara Bala Əfəndiyev, Meh­di Kazımov, Mustafa Hüseynov və digər azərbaycanlı ziyalılar yaxından kömək edirdilər.

İrəvan ədəbi mühitinin nümayən­dələri faktik olaraq ikiqat əsarət– to­tal sovet və lokal erməni təzyiqi al­tında yazıb-yaratmağa məcbur idilər. İnqilabdan sonraki dövr İrəvan şair­ləri, demək olar ki, bütünlüklə gənc­lərdən ibarət idi. Ədəbi qüvvələr içə­risində Abbas Tahir, Abbas Azəri, Əli Əliyev, Sərdar Cəlal, Əbülfət Rəhi­mov, Adil Axundov, Əli Şahin, İsma­yıl Şirvani xüsusilə diqqəti cəlb edir. Onlar bütün yaradıcılığı boyu “okt­yabr inqilabı” ideyalarına inanmış və bu təlimi səmimiyyətlə vəsf etməklə kommunist ideallarlna sədaqətlərini ifadə etmişdilər. 

Müharbə ərəfəsində İrəvanda ya­şayan türk sənət adamlarının bir qis­mi repressiya qurbanı olmuş, başqa bir qismi isə döyüşən ordu sıralarına cağırılmışdı. İrəvanlı sənətkarlar­dan Abbas Tahir, Əli Şahin, İsmayil Şirvani, Əli Əliyev, Adil Axundov döyüşən ordu sıralarında vuruşmaq­la yanaşı, öz bədii yaradıcılıqlarını da davam etdirmişdilər. 1927-ci ildə Ermənistan Şura Yazıçıları Cəmiy­yətinin nəzdində yaradılmış azərbay­canlı yazarlar bölməsinin fəaliyyətini 1945-ci ildə Ermənistanın kommu­nist rəhbərliyi dayandırmışdır. Azər­baycanlı ziyalıların Moskvaya et­dikləri kəskin müraciətlərdən sonra 1946-cı ildə bölmə yenidən bərpa edilmişdir. 

Erməni şovinizminin arasıkə­silməz təzyiqlərinə baxmayaraq, İrəvanda Azərbaycan ədəbi-mədəni həyatı öz məcrasında inkişaf edirdi, ədəbiyyatımız rəngarəng, yüksək bə­dii səviyyəli əsərlərlə zənginləşirdi. 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu kütləvi de­portasiyası bu prosesə son qoydu.

 

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Sosial həyat