Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü ilin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Parlamentin Sədri bildirdi ki, Birinci Qarabağ müharibəsinin gedişində erməni şovinistləri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədiblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi isə bu günədək məlum deyil.
S.Qafarovanın təklifi ilə Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin, vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərin müzakirəsi aparıldı. Deputatlar Xocalı soyqırımını ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və işğalçılıq siyasətinin ən qanlı səhifələrindən biri kimi xarakterizə etdilər, Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması ilə bağlı fikirlərini bölüşdülər. Deputatlar, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin Azərbaycana qarşı verilmiş vəsatətini rədd edən qərarını şərh etdilər, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunmasının qarşısının alınması, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarına yardımların göstərilməsi, Azərbaycanda tikililərin zəlzələyə davamlılığının artırılması və vətəndaşları narahat edən digər aktual məsələlərin həlli ilə bağlı fikir və təkliflərini səsləndirdilər.
Cari məsələlərin müzakirəsindən sonra parlamentin sədri bildirdi ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib və ilk iki məsələ Milli Məclisin qərar layihələridir. O, gündəliyin 1-ci məsələsi – Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı olduğunu dedi.
S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi səsə qoyularaq qəbul edildi.
Gündəliyin 2-ci məsələsini müzakirəyə təqdim edən Sahibə xanım Milli Məclisin qanunvericiliyə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin olduğunu bildirdi. O, illik məruzəni təqdim etmək üçün ədliyyə nazirinin müavini Vilayət Zahirova söz verdi.
Nazir müavini ölkəmizin 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunu davam etdirdiyini vurğuladı. Ölkədə həyata keçirilən quruculuq işlərində, infrastruktur layihələrində, həmçinin postmünaqişə tədbirlərində Azərbaycan bələdiyyələrinin də yaxından iştirak etdiyini deyən nazir müavini ötən dövrdə yerli özünüidarəetmə orqanlarının Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin çoxsaylı müraciətlərinin təmin olunması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışdı.
Vilayət Zahirov 2022-ci ildə də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan işlərdən söz açaraq, dövlət başçısının təsdiq etdiyi "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulduğu kimi, yerli özünüidarəetmə sisteminin müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması üzrə tapşırıqların icrası istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirdi.
Ötən ildə bələdiyyələrin 68 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib, aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları ilə bağlı aidiyyəti üzrə istintaq orqanlarına müraciət olunub, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb.
2022-ci ildə yerli büdcə gəlirlərinin artırılması istiqamətində atılan addımlardan danışan nazir müavini bələdiyyə büdcələrindəki artımları diqqətə çatdırdı. O, nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, “Bələdiyyələrlə iş portalı”nın daha təkmil yeni versiyasının hazırlanması haqqında məlumat verdi.
Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim etdi.
Sonra Milli Məclisin sədri bildirdi ki, gündəliyin növbəti on iki məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Növbəti iki məsələ isə ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.
Qanun layihələri qəbul edildikdən sonra S.Qafarova növbəti üç – 10-cu, 11-ci və 12-ci məsələlərin də ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirdi. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edild. Sonra Əminə Ağazadə Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırdı. Layihənin əsas məqsədləri prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının prokurorluq orqanlarına mənsubiyyətinin daha dəqiq formada təsbit edilməsi, müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının hərbi və xüsusi geyim formasının prokurorluq orqanları işçilərinin xüsusi geyim formasından fərqləndirilməsi, mövcud xüsusi geyim forması və fərqlənmə nişanlarının təkmilləşdirilməsidir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra gündəlikdəki digər qanun layihələri də müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatdı.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

