Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak ediblər.
Nazirlikdən redaksiyamıza bildirilib ki, forumun açılış mərasimində çıxış edən Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Sayidov dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsinə güclü stimul olduğunu deyib. Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov yüksək səviyyəli Azərbaycan–Özbəkistan münasibətlərindən söz açıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların, keçirilən görüş və tədbirlərin önəmini diqqətə çatdırıb.
Forumda, həmçinin ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizin potensialı barədə də məlumat verilib, işgüzar dairələr fəal əməkdaşlığa dəvət edilib. Tədbirdə investisiya layihələri barədə təqdimatlar, eləcə də “B2B” və “B2G” formatda görüşlər keçirilib.
Forum çərçivəsində tərəflər arasında Özbəkistan–Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023–2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və digər sənədlər imzalanıb.
Qeyd edək ki, forumda Özbəkistan–Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
“Xalq qəzeti”

