Baş Prokurorluğun media ilə əlaqələri möhkəmləndirilir

post-img

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və mətbuat xidmətinin birgə təşkilatçılığı ilə medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev tədbirin açılışını etdikdən sonra Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Müstəqil Azərbaycan mediasının inkişafında ümummilli lider Heydər Əliyevin əvəzedilməz xidmətləri”, Real TV-nin baş direktoru Mirşahin Ağayev “Azərbaycanın informasiya sahəsində milli maraqları, bu sahədə olan təhdidlər və media”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “İctimai nəzarət: Vətəndaş cəmiyyəti və dövlət orqanlarının əməkdaşlığı” mövzularında təqdimatla çıxışlar ediblər.
Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Sosial media və media savadlılığı” mövzusunda dəyirmi masa təşkil edib. Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə istintaq sirri təşkil edən məlumatların yayılmasının yaratdığı fəsadlar barədə mühazirə oxuyub.
Treninqin ikinci günündə “Lent.az” informasiya agentliyinin baş redaktoru Hafiz Heydərov “Rəsmi dövlət qurumu ilə razılaşdırmadan yayılmış məlumatların hüquqi nəticələri”, mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər”, Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rəşad Qasımov isə “Mediada istifadə olunan hüquqi terminlərin anlayışı” mövzularında məruzə ilə çıxış ediblər.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.


“Xalq qəzeti”



Son xəbərlər