Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı öz işinə başladı. Konfransın əsas mövzusu Rusiya–Ukrayna müharibəsidir. Forumda bir sıra dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, işgüzar və elmi dairələrin nümayəndələri, eləcə də 96 ölkədən ekspertlər iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmək üçün Almaniyada səfərdədir. Rusiya Federasiyası rəsmilərinin konfransa dəvət edilməməsi diqqətçəkən məqamlardan biri kimi müzakirə olunur.
ARAYIŞ. Münxen Konfransı 1962-ci ildə alman publisist Evald fon Kleyst tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə idarələrinin nümayəndələrinin iclası” kimi təsis edilib. 1999-cu ildən Mərkəzi və Şərqi Avropa dövlətlərindən siyasətçilər və hərbi qulluqçular, biznes nümayəndələri konfransda iştirak etməyə başlayıblar. Forumda ənənəvi olaraq təhlükəsizlik siyasəti sahəsində yeni təşəbbüsləri müzakirə edən siyasətçilərin çoxsaylı qeyri-rəsmi və şəxsi görüşləri keçirilir.
Təşkilatçılar Münxenə 45-ə yaxın dövlət və hökumət başçısının, 90-a yaxın nazirin gəlişini gözləyirlər. Ən böyük xarici nümayəndə heyətinin ABŞ-dan gəldiyi bildirilir. ABŞ-ın vitse-prezidenti Kamala Harris özü ilə Dövlət Departamentindən, Pentaqondan və Konqresdən rekord sayda iştirakçı (30-dan çox senator) gətirib. Münxen Konfransının yeni sədri, alman diplomatı Kristof Heusgenin sözlərinə görə, bu, “Transatlantik Birliyin bariz sübutudur”.
İştirakçılar arasında Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniya hökumətinin başçısı Rişi Sunak, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyası ofisinin rəhbəri, Siyasi Büronun üzvü Van I, Polşa və Finlandiya prezidentləri Andrzej Duda və Sauli Niiniste, NATO–nun baş katibi Yens Stoltenberg, İraqın Baş naziri Məhəmməd əs-Sudan və başqaları var.
Avropa İttifaqını (Aİ) Avropa Komissiyasının rəhbəri Ursula Fon der Llyayen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel təmsil edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan, Moldova Prezidenti Maya Sandu da Münxendədir. Ukrayna isə konfransa böyük nümayəndə heyəti ilə qatılıb.
Forumun əsas mövzusu Ukraynadakı mövcud vəziyyət olacaq. Konfransın Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciəti ilə başlaması buna əyani sübutdur. Ukrayna liderindən sonra Almaniya Kansleri O.Şolts və Fransa Prezidenti E.Makron çıxış edib. Eyni zamanda, O.Şolts Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyası ofisinin rəhbəri Vanq Yi və ABŞ-ın vitse-prezidenti Kamala Harrislə ikitərəfli görüşlər keçirib. Almaniya hökumətinin başçısı, həmçinin Fransa lideri və Serbiya Prezidenti Aleksandar Vuçiç, E.Makron və A.Duda ilə “Veymar üçbucağı” formatında üçtərəfli danışıqları planlaşdırılıb. Almaniyalı politoloq Aleksandr Rar hesab edir ki, Qərb Münxendə Ukrayna ətrafında yaranmış vəziyyəti ilə bağlı öz birliyini nümayiş etdirməyə çalışacaq və təşkilatçıların məqsədi də Almaniyanın Avropanın təhlükəsizliyi məsələlərində ABŞ-ın əsl müttəfiqi olaraq qaldığını göstərməkdir.
Gündəliyin mövzuları arasında Yaxın Şərqdəki vəziyyət, eləcə də Hind-Sakit okean regionu və İranın nüvə proqramı olacaq. Konfransda NATO-nun uzunmüddətli perspektivdə vahid mövqedən çıxış edib-etməyəcəyi mövzusu da diqqət mərkəzində olacaq. Mütəxəssislər hesab edirlər ki, alyansın sürətlə dəyişən yeniliklərə uyğunlaşa bilməsi, çevikliyi və mövcud təhlükəsizlik mühitinin ehtiyaclarına cavab verməsi NATO-nun gələcəkdə nə qədər uğurlu olacağını müəyyən edəcək. İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsi, Ukraynanın NATO-ya üzv olmaq istəyi də müzakirə olunacaq. İyulda Vilnüsdə keçiriləcək NATO sammitində alyansın üzvləri, çox güman ki, Ukraynanın formal prosedura çevrilə biləcək əməliyyat inteqrasiyasına diqqət yetirəcəklər. Forumda, həmçinin Türkiyə və Suriyada baş verən güclü zəlzələnin nəticələrini nəzərə alaraq, bu ölkələrin əhalisinə yardımın göstərilməsi məsələləri də müzakirə olunacaq. Konfrans çərçivəsində ümumilikdə 19 nümayişin keçirilməsi planlaşdırılır. Fevralın 18-də iki böyük təqdimatın da keçiriləcəyi bildirilir.
Rusiya nümayəndə heyətinin konfransa dəvət olunmaması da müzakirə mövzusudur. Ukrayna münaqişəsinə görə Rusiya rəsmilərinin konfransın işində iştirak etmələri məqsədəuyğun sayılmayıb. Təşkilatçıların fikrincə, dəvət olunduqları halda Münxen konfransı ruslar üçün təbliğat platformasına çevrilə bilərdi. Bununla belə, bu dəfə foruma rekord sayda rusiyalı müxalifətçinin və fəalın dəvət olunduğu vurğulanır.
Konfransda iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev də Almaniyadadır. Dövlət başçımız Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirildiyini, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradıldığını diqqətə çatdırıb. Bundan başqa, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətinə çatdırıb.
Siyasi müşahidəçilərin fikrincə, Azərbaycan Prezidenti Münxenə 44 günlük qalibiyyətli müharibənin formalaşdırdığı yeni gündəmlə gedir. Bu, Ermənistanın işğalı problemi ilə deyil, onun nəticələri, regionun münaqişədən sonra yenidən qurulması, ölkəmizin Avropa üçün rolunun əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Bu, əlbəttə ki, təhlükəsizlik mövzusunu ehtiva edən çox geniş bir gündəmdir. 2020-ci ilin fevralından sonrakı dövr ərzində Azərbaycan sübut etdi ki, Avropa üçün bərabərhüquqlu tərəfdaşdır.
Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında forumdan kənar görüşü də keçirilə bilər. 2020-ci il fevralın 15-də dövlət başçımızın Ermənistan baş nazirini faktlarla susdurması geniş müzakirələrə səbəb olmuşdu. Çıxışında tarixi faktlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanı geniş auditoriya qarşısında çıxılmaz vəziyyətə salmışdı.
Əlbəttə, Azərbaycan Prezidenti təkcə Ermənistan baş naziri ilə görüşmək üçün Münxenə getmir. Rəsmi Bakının Avropa strukturlarının nümayəndələri ilə müzakirə edəcəyi mühüm məsələlər var. Heç kəsə sirr deyil ki, enerji təhlükəsizliyi bu gün Avropada ciddi müzakirə mövzusudur. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı keçirilən “dəyirmi masa”da iştirakçılarının da səsləndirdikləri fikirlər bunu deməyə əsas verir. Görüşdə iştirak edən Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi dəstəkdən danışaraq bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Bundan başqa, Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Bir sözlə, Münxen konfransının keçiriləcəyi iki gün ərzində Azərbaycan-Avropa münasibətləri, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə və perspektivlər diqqət mərkəzində olacaq.
Yeganə HACIYEVA,
politoloq
Keçən Münhen konfransından sonra Avropa enerji təhlükəsizliyi mövzusunda imtahana çəkilmiş, qitədə vətəndaşın sosial ehtiyaclarına qədər hədələyən böhran artmışdır. Məhz bu aspektlər Avropanın enerji təhlükəsizliyində icraçı və təşəbbüskar qismində vacib tərəfdaş olan Azərbaycana və onun Prezidentinə 59-cu Münhen Təhlükəsizlik Konfransında xüsusi diqqəti şərtləndirmişdir.
Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında təkcə aid olduğumuz regionda deyil, qlobal səviyyədə sülhün və sabitliyin təmin olunması üçün səylərin və imkanların səfərbər olunması yönündə ciddi addımlar atan və diğərlərini də bu yöndə səfərbər edən təşəbbüslərin müəllifi kimi çıxış edir. Bu strategiya Azərbaycanın xarici siyasət konsepsiyasının vacib istiqamətverici elementidir.
Azərbaycan Prezidenti qlobal səviyyədə güvənli və etibarlı tərəfdaş kimi Avropa Birliyinin enerji təhlükəsizliyində vacib strateji tərəfdaşı kimi dəvət olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir.
Prezident İlham Əliyev konfransın əsas proqramı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada yeni çağırışların fonunda atılmalı olan vacib addımlar haqqında Gürcüstanın Baş naziri İ.Qaribaşvili ilə birgə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirədə əsas natiq kimi çıxış edəcəkdir.
Azərbaycan geostrateji mövqeyi ilə tarixən Avropa ilə Asiyanı, Yaxın Şərqlə hər iki istiqamətdə körpü rolunu oynayır, region və Mərkəzi Asiyanın 10-a yaxın ölkəsinə Avropaya giriş qapısı rolunu icra edir.
Avropa ilə Azərbaycan arasında hazırda aktual olan enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi mövzulardan, ənənəvi post-sovet ölkələrlə münasibətlərin qurulmasında məşvərətçi olmaqdan əlavə, “Qlobal Cənub”a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlərinə fokuslanmış müzakirələrdə də söz sahibidir. Regionlar arası strateji kommunikasiyaların kəsişməsində yerləşən ölkəmiz Avropaya təbii qaz və neft tədarükü ilə paralel yaşıl enerji tədarükü ilə Aİ-nin enerji resurslarını şaxələndirmək səylərinə töhfə verir. Bu isə Azərbaycanın Avropa ilə mühüm və strateji enerji tərəfdaşı kimi münasibətlərin yeni mərhələsidir.
Münhen Təhlükəsizlik Konfrasında vacib müzakirələrdən biri də “rəqəmsal təhlükəsizlik” mövzusuna həsr olunan panellərdir.
Əsas məramı məhz sülh naminə dialoq olan Münhen Təhlükəsizlik Konfransında iştirkaçılar arasında dialoqa ehtiyac heç vaxt bu qədər böyük olmamışdır.
Züriyə Qarayeva,
politoloq
– Prezident İlham Əliyevin indiki səfərini həm Almaniya–Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi və yeni perspektivlərin yaradılması, eləcə də Münxen Təhlükəsizlik Konfransında iştirakı baxımından yüksək qiymətləndirir. Azərbaycanla Almaniya arasındakı geniş əlaqələr XIX əsrdən başlayır. Müstəqillik dövründə isə əməkdaşlıq dinamik inkişaf edir. Almaniya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşlarından biri olan ölkədir. Bu mənada dövlətimizin başçısının Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə daha çox iqtisadi əlaqələrin perspektivlərindən danışması bu sahədə əməkdaşlığın yaxın gələcəkdə daha konstruktiv məcrada inkişafına təkan verəcəyini düşünürəm.
Bu gün dünyada bərpa olunan enerji resurslarına böyük ehtiyac var. Mütəxəssislər ənənəvi enerji resurslarının gələcəyi barədə bədbin proqnozlar səsləndirirlər. Nəzərə alsaq ki, Azərbaycan həm də zəngin “yaşıl enerji” ehtiyatlarına malikdir və bu resursların istehsalı və ixracatı ilə bağlı layihələr həyata keçirilir, o zaman demək olar ki, ölkəmizin alternativ enerji təhlükəsizliyinin təminatında da rolu artır. Ona görə də hesab edirəm ki, Münxendə cənab Prezidentin keçirdiyi Azərbaycanın yaşıl enerji də daxil olmaqla potensial imkanlarının qiymətləndirilməsi, qarşı tərəfə çatdırılması Almaniya ilə müvafiq istiqamətdə yeni layihələrin icrası baxımından olduqca önəmlidir.
Prezident İlham Əliyevin Münxenə səfəri olduqca əhəmiyyətli hesab edirəm. Hazırda Qərbin siyasi-iqtisadi elitası Münhen konfransındadır və dövlət başçımızın belə mühüm müzakirə platformasına dəvət olunması Azərbaycanın beynəlxalq siyasi sistemin vacib aktoru olmasını təsdiqləyir. Xatırladım ki, 2020-ci ildə Münxen konfransında Prezident
İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla dialoqu olmuşdu. O zaman Azərbaycan belə mühüm platformalardan istifadə edərək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda maraqlı idi. İndi isə düşünürəm ki, Ermənistan belə debatın keçirilməsinə maraq göstərə bilər. Məlumdur ki, rəsmi İrəvan Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı spekulyasiyalar edir.
Burada Fransa amilini də nəzərə almaq lazımdır. Rəsmi Paris də belə görüşün keçirilməsində maraqlı ola bilər. Son dövrlər Fransa Cənubi Qafqazda güclənməsinə yönəlmiş addımlar atmasının şahidi oluruq. Fransanın jandermeriyasını monitorinq adı altında Ermənistanda yerləşdirmək cəhdlərini buna nümunə göstərə bilərik. Nəzərə alsaq ki, indiki konfransda zəlzələyə görə Türkiyə lideri, Ukrayna münaqişəsinə görə isə Rusiya rəhbərliyi iştirak etməyəcək, o zaman belə bir məqamda Fransanın konfransda daha çox fəallaşmasını müşahidə edə bilərik. Bu baxımdan belə bir mümkün görüşü bizim üçün əhəmiyyətli edən məqamlar var və daha ciddi nəticələri görüş keçirildikdən sonra dəyərləndirmək mümkündür.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”