Dünyanı silkələyən ağır Qaradağlı qətliamından 31 il ötür. Qanlı faciənin şahidləri bu gün də həmin dəhşətli anları nəinki unuda bilmirlər, onunla yaşamaqda davam edirlər. Onlardan biri, kənd sakini Vidadi Hüseynovla görüşümüzdə də bunu hiss etdik.
Həmin günləri xatırlayarkən “İnsanlığa sığmayan vəhşilik və qəddarlıqla törədildi Qaradağlı qətliamı...insanlar diri-diri yandırılırdı. Əlləri-ayaqları kəsilib küçəyə atılan kim, yaralı halda torpağa basdırılan kim, uşaqlarının gözü qarşısında işgəncə ilə öldürülən kim... Erməni vəhşiləri Qaradağlı faciəsindən bir neçə gün sonra Xocalı qətliamını törətdilər”, – deyir və susqun halda gözlərini tavana zilləyir.
İllərin kədərli naxışlarını vurduğu siması tutqundur, gözləri eləcə nəmli qalıb. Həmin günləri təfsilatı ilə xatırlamasını istəyirik. O isə “Heç unuda bilirəm ki...düşünürəm o qanlı hadisənin şahidi olanlardan heç biri bu dəhşəti bir dəqiqə olsun belə yaddan çıxara bilməz”.
“Əslində, qətliamdan bir neçə il qabaq kəndçilərimizə qarşı məqsədli və açıq qanlı terror başlamışdı. Bakıdan kəndimizə cehiz gətirən yük maşınının içərisində olan 3 nəfəri öldürüb sinələrinə xaç nişanı çəkmişdilər. Sonradan – kolxoz sədrinin, kəndimizin sakini olan təxminən 80 yaşlarında çobanın, eyni zamanda, yas mərasimindən qayıdarkən əksəriyyəti qadınlar olan 7 nəfərin vəhşicəsinə öldürülməsindən, fermada 6 nəfərin diri-diri yandırılmasından başa düşdük ki, çox təhlükəli və qəddar düşmənlə üz-üzəyik”, – deyə o davam edir: “Fevralın 12-dən ermənilər Rusiya, Suriya və digər ölkələrdən gələn əsgərlərin köməyi ilə kəndə açıq hücumlar edir, qarşılarına çıxan uşaq, qadın, qoca demədən kimi ələ keçirirdilərsə, amansız işgəncə ilə öldürürdülər. Üç-dörd gün ərzində artıq kəndimiz təpədən-dırnağa qədər silahlanmış erməni ordusu tərəfindən tam mühasirəyə alınmışdı. Vəziyyətin pis olduğunu görüb qocaları, qadınları və uşaqları kənddən çıxarmaq istəsək də mümkün olmurdu. Kimi görürdülər aman vermirdilər. Başa düşürdük ki, artıq hamımızı öldürəcəklər. Fevralın 17-də vəziyyət pis olaraq qalırdı. Özümüz üçün yox qocalar, qadınlar, bir də uşaqlar üçün çox qorxurduq. Bizə demişdilər ki, həmin gün Gəncədən vertolyot köməyə gələcək. Havadan ölüm qoxusu gəlirdi”.
Göndərdilərmi, – sualına köksünü ötürüb cavab verir: “Göndərdilər, amma fevralın 18-də. Kəndimiz artıq bomboş idi, düşmənlər tərəfindən işğal olunmuşdu. Tələm-tələsik iki şəhid meyiti götürüb, geri qayıtmışdı”.
Vidadi Hüseynov kədərlə söhbətinə davam edir: “Öz-özümə sual verirəm. Əgər silah-sursat verilsəydi, ermənilər torpaqlarımızı işğal edə bilərdilərmi? Ermənilərin çox qorxaq və namərd olduğunu hamı bilir. Həmin illər isə ölkəmizdəki vəziyyətdən istifadə edib özlərini az qala qəhrəman kimi hiss edirdilər. Fevralın 12-dən kəndimiz işğal olunan günədək – yəni fevralın 17-dək gedən qeyri-bərabər döyüşlərdə erməni ordusu 30 nəfər itki versə də, bizdən çəmi 7 nəfər öldürə bilmişdilər. Biz kəndi müdafiə edənlərin əksəriyyəti ov tüfəngləri ilə silahlanmışdıq. Ermənilər isə tankdan tutmuş bütün hərbi sursatlara malik idilər. Kəndimiz işğal olunan gün isə silahlarımız demək olar ki, tam qurtarmışdı. Ona görə də kəndimizi ələ keçirdilər”.
V.Hüseynovun sözlərinə görə, kənd işğal olunduqdan sonra sakinlər ermənilər tərəfindən maşınlara doldurulublar: “Çox soyuq və şaxtalı günlərdən biri idi. Yaralılar çox idi və dəhşətli ağrılar içində qovrulurdular. Onları oradaca saxlayıb sakinləri döyə-döyə maşınlara doldurdular. Anam da, qardaşım da maşında idilər. Anamla bir yaşlı qadın da var idi. Adı Zivər idi. Onun üzüyünü götürmək üçün barmağını kəsmişdilər. Sonra isə işgəncə ilə öldürmüşdülər. Xankəndinə doğru bir neçə kilometr gedəndən sonra “Bəylik bağı” deyilən yerdə maşınları saxladılar və aramızdan 10 nəfərin düşməsini əmr etdilər. Düşdük və kəndçilərimizdən biri cibində hazır saxladığı qumbaranı əlində silah olan cərgə ilə düzülmüş ermənilərin üstünə atdı. Ermənilər bu hadisədən lap quduzlaşıb amansızcasına insanları güllələməyə başladılar. Artıq mən də yaralı idim və özümü yaxınlıqdakı xəndəyə atdım. Ağrıdan huşumu itirirdim, ayılanda baxdım ki, hava qaranlıqlaşıb və heç kim gözə dəymir.
Geri dönüb kəndimizə tərəf baxdım...Geri qayıtmağın heç bir mənası yox idi. Özümü kimsəsiz, müdafiəsiz balaca bir uşaq kimi hiss etdim”.
Yaralı vəziyyətdə dağlıq əraziləri keçərək min bir çətinliklə Ağdama gəldiyini deyir: “Sonra öyrəndim ki, həmin gün 36 nəfər kənd sakinini vəhşicəsinə öldürərək xüsusi qazılmış quyuda basdırıblar. Anam 12, qardaşım isə 45 gün girovluqda qaldı.
O zamandan bu günə qədər erməni azğınlığına, vəhşiliyinə qarşı dünya ədalət məhkəməsinin qurulmasını gözləyirik. Dünya elə bil kordur. Bu qədər müsibəti görmür, eşitmir. Biz ədalət istəyirik. İnsanlığa qarşı dəhşətli cinayətlər törədən ermənilər hələ də cəzalandırılmır”.
Elə xalqımızın da ən böyük arzusu budur. Əsrlərcə azərbaycanlılara qarşı soyqırımı törətmiş ermənilər layiqli cəzalarını alacaqlar. Əminik ki, o gün uzaqda deyil.
Leyla QURBANOVA