Ulu öndər istəyirdi ki, heç kim Xocalı faciəsini unutmasın

post-img

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. O yara qəlbimizi həmişə sızladacaq. 

Heydər ƏLİYEV
Ümummilli lider

 

 Soyqırımını İranda qeyd etmək istədik...

 

1997-ci il fevralın bu günləri idi. İran İslam Respublikasının Azərbay­candakı səfirliyi şəhid ailələrini, ziyalı­ların bir neçəsini və digər şəxslərdən ibarət zəvvar qrupunu Məşhəd ziyarə­tinə göndərmişdi. Səfəri işıqlandırmaq üçün biz – dörd jurnalist də qrupa daxil edilmişdik. Məşhədə fevralın 25-də, axşam saatlarında çatdıq. Ertəsi günü tezdən müqəddəs məkanı ziyarət et­məli idik. 

Gecə ordugahın həyətində (onlar zəvvar düşərgəsini belə adlandırırlar) bəstəkar Tofiq Bakıxanovla söhbət edirdik. Dedim, ustad, bu gecə Xoca­lının viran qoyulmasının, soydaşlarımı­zın qırılmasının beşinci ildönümüdür. Sənətkar həmin tarixi unudubmuş. Yaddaşının zəifləməsinə görə özünü qınadı və dedi ki, sabah burada həmin faciənin anım gününü qeyd edək. 

Ustad təklifini səfərin təşkilatçıları­na da dedi. Onlar da kiməsə zəng et­dilər və... tədbirimizə icazə verilmədi. Bəhanə etdilər ki, dini tədbirə siyasi motiv qatmayaq. Razılaşdıq. Ancaq bir neşə saatdan sonra mərhum şair Baba Pünhan bütün qapıları döyərək (biz əlli nəfərdən çox idik) hamını həyətə dəvət etdi. Üstəlik, hamıya məlumat verdi ki, şairin (o məni nəzərdə tuturdu) Xocalı faciəsiylə bağlı demək istədikləri var. Hamı həyətə yığışdı. Mən Bakıda da­nışdıqlarımdan da uca səslə, faktlara əsaslanaraq, qətiyyətlə işğalçı dövləti və onların havadarlarını lənətlədim. 

Əksəriyyəti şəhid anası olan qa­dınların da deməyə sözü var idi, Tofiq müəllimin də. Ancaq tədbirdən xəbər tutan erməni havadarları növbəti çıxış­lara imkan vermədilər və mənə çox ciddi xəbərdarlq edildi. Hətta, şərəfsiz erməni havadarlarından biri ( o, təd­biri dağıdanların hamısından yüksək səviyyəli zabit idi) dedi ki, Azərbaycan özünü dünyanın o başındakı İsrailin qucağına atır, sən də gəlib burada öz qapı qonşun olan ermənilərə söyürsən. 

Bu məqamda jurnalist İradə Əsədo­va məni müdafiə etmək üçün dedi ki, İttifaq müəllim Heydər Əliyevin qəze­tində çalışır. Tədbiri dağıdıb zəvvarları öz otağına göndərmək istəyən zabit­lərin hamısı, sanki, lal oldu. Heç biri heç nə demədən, səssiz, səmirsiz bizi otaqlarımıza yola saldılar. Anladım ki, ulu öndərin adı onlara nə isə demişdi. 

 

Heydər Əliyevin “Təzəpir” məscidində dedikləri 

 

Ulu öndər 1995-ci il fevralın 25-də “Təzəpir” məscidində faciənin ildönü­mü münasibətilə keçirilən tədbirdə de­mişdi: “Xocalıda şəhid olanların ailələ­rinə, qohum-əqrəbalarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhid­lərimizə rəhmət eləsin. Allah Xocalı şəhidlərinin ailələrinə səbir versin, Al­lah bütün xalqımıza səbir versin ki, biz bütün bu bəlalardan qurtaraq, müstəqil Azərbaycanın tam müstəqilliyini, əra­zi bütövlüyünü təmin edək, müstəqil Azərbaycanı əbədi olaraq yaşadaq. Xocalı faciəsi bizim dərdimizdir, kədə­rimiz, qəmimizdir. 

Ancaq, eyni zamanda, Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuz­da çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sın­dırmayacaqdır”. 

 

Ulu öndərin xalqa 25 fevral 1997-ci il tarixli müraciətindən

 

“Xocalı soyqırımı erməni faşizmi­nin iç üzünü bir daha açıb göstərməklə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi ci­nayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır. Xalqımızı əmin etmək istəyirəm ki, bu qan yerdə qal­mayacaq, Xocalı soyqırımında müqəs­sir olan hər kəs öz cinayətkar əməlinə və milli xəyanətinə görə xalq qarşısın­da cavab verməli olacaqdır. Bunu biz­dən şəhidlərimizin narahat ruhları tələb edir.

Bu milli hüzn günündə xalqımıza başsağlığı verir, bütün şəhidlərimizə, Xocalının günahsız qurbanlarına Tan­rıdan rəhmət diləyirəm. Mərd Azər­baycan xalqını, həmişə olduğu kimi, dərd qarşısında əyilməməyə, dövlət müstəqilliyimizin əbədiliyi naminə daha mətin və mübariz olmağa çağırıram. Biz milli-mənəvi bütövlüyümüzlə, Azər­baycan dövlətçiliyi ətrafında sarsılmaz birliyimizlə haqqın və ədalətin təntənə­sinə nail olacağıq”.

 

“Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir” 

 

Ulu öndər bu fikri i 1998-ci il fevra­lın 23-də ifadə etmişdi: “Bu gün ölkə­mizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanla­rının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyir və bütün xalqımıza başsağlığı verirəm. Dünyada ən ağır müharibənin də sonu olur. Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir. 

Xalqımızı əmin etmək istəyirəm ki, biz sülhsevər dövlət kimi sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsip­ləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından tam azad edil­məsinə nail olacağıq. Bütün qaçqın­lar öz doğma ocaqlarına qayıdacaq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xalqının qüdrəti və iradə­si ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq”.

 

“Sizi əmin etmək istəyirəm ki...”

 

Ümummilli liderimizin bu əminli­yini onun 25 fevral 1999-cu il tarixli müraciətində oxuyuruq: “Ermənista­nın Azərbaycana qarşı apardığı təca­vüzkarlıq siyasəti Xocalı soyqırımının törədilməsi ilə bitmədi. Təxminən beş il bundan əvvəl atəşkəs haqqında razılı­ğa əsasən hərbi əməliyyatlar dayandı­rılsa da, müharibənin nəticələri aradan qaldırılmamışdır. Mötəbər beynəlxalq qurumların və Azərbaycan Respubli­kasının bütün səylərinə baxmayaraq, münaqişənin dinc yolla həlli uğrunda atılan addımlar lazımi səmərəsini ver­məmişdir. 

Bu gün şəhidlərimizin ruhu işğal olunmuş torpaqlarımızın düşmən tap­dağından təmizlənməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurdlarına qayıtması uğrunda mübarizədə hər birimizi daha sıx birlik və əzmkarlıq göstərməyə səsləyir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqı­mızın bu müqəddəs amallarının ger­çəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədil­miş qanlı cinayətlərin, o cümlədən Xo­calı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün hər tədbiri görəcəkdir”.

 

“Bu istiqamətdə ciddi işlər aparılmalıdır”

 

Ulu öndərin 2000-ci il 25 fevral tarix­li müraciətində belə fikirlər də var: “Heç şübhə yoxdur ki, Azərbaycan dövləti­nin bütün sülhsevər addımları, təşəb­büsləri, problemin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunma­sına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına, soydaşlarımızın, o cümlədən qəhrəman xocalılıların öz doğma yurduna qayıdacaqlarına bö­yük ümid verir.

İnanıram ki, bu gün xalqımız müstəqil Azərbaycan dövlətində daha da mətinləşib və dövlətimizin müstəqil­liyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda yenilməz mübarizə aparmaq əzmində­dir... Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşmə­si yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciə­sinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirlər görüləcəkdir”.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”





Qan yaddaşı