Ermənilərin ölüm “koridoru”

post-img

Xocalı hadisələrini şəxsən görmüş şahidləridən biri də Ceyhun Ələkbərovdur. O, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədridir. Təşkilat yarandığı gündən həm ölkəmizdə, həm də xaricdə Xocalıya aid əhəmiyyətli konfranslar, yürüşlər, piketlər təşkil edir. Ceyhun Ələkbərov özünün, ailəsinin, həmşəhərlilərinin ağrılarını təşkilatlanmış formada dünyaya daşımaqda davam edir. Qohum-ərqəbasının əksəriyyətini itirdiyinə görə bu işi görmək onun üçün son dərəcə prinsipial xarakter daşıyır. 

– Bu şəhərdə doğulub böyümüşəm, – deyə o bildirir. – Xocalını uşaqlıq və yeniyetməlik il­lərimin keçdiyi, bağlı-bağatlı bir şəhər kimi xa­tırlayıram. Həmin hadisələr baş verməsəydi, indiyə Xocalı Azərbaycanın ən gözəl şəhər­lərindən birinə çevrilmişdi. Böyüklərimizdən eşidirdik ki, ermənilərin şəhəri ələ keçirmək niyyəti var. Amma inanmaq istəmirdik. Təəssüf ki, elə də oldu, tale üzümüzə gülmədi. Bizə hər şeydən əziz olan şəhərimizi itirdik. Soyqırımı­na məruz qaldıq. Mən yaxın qohumlarımı – bibimi və oğlunu, xalamı və uşaqlarını, dayımı, əmim uşaqlarını itirdim. 

Ceyhun müəllim deyir ki, faciə baş verəndə 16 yaşı vardı, artıq hər şeyi dərk edirdi. Nə baş veribsə, hamısı yadındadır. Xatırlayır ki, ermə­nilər hər tərəfdən şəhəri mühasirəyə almışdı­lar. Həmin gecə dinc əhaliyə olmazın divan tutdular… Xatırlayanda yuxusu ərşə çəkilir, ürəyi sancır. Amma təsəllisi odur ki, biz Xoca­lının intiqamını 44 günlük müharibədə döyüş meydanında, mərdi-mərdanə aldıq, daha onlar kimi qadınları, qocaları, uşaqları qırmadıq. 

Şahid deyir ki, 1992-ci ildə Xocalının 7 mindən çox əhalisi var idi. Qarabağda yeganə aeroport da orada yerləşirdi. Ermənilərin Xo­calıya əsas maraqları da məhz bu strateji hə­dəf üzərində idi. Şəhər artıq bir il idi ki, blokada şəraitində idi. Yeganə nəqliyyat vasitəsi ola­raq vertolyot qalmışdı. Mühasirədə sıxılmaq, işıqsızlığa, ərzaq çatışmazlığına dözmək çox çətin idi. Amma Vətən sevgisi, torpaq təəs­sübkeşliyi bizi Xocalıdan çıxmağa qoymurdu. Həm də Bakıdan kömək gələcəyinə ümid edir və gözləyirdik. Amma bizə kömək gəlmədi. Əvəzində 366-cı rus motoatıcı alayının dəstək verdiyi ermənilərin ayağı yer aldı. Onların qatı cinayətlərə əl atacağını bilirdik, lakin bu dərə­cədə təsəvvür etmirdik. Ermənilər guya ver­dikləri “koridor”da bizi güllələyirdilər. Yadınız­dadırsa, bunu onların əvvəlki prezidenti Serj Sarkisyan da etiraf etmişdi. 

Ceyhun Ələkbərov bir qədər susub sözünə davam edir:

– Xocalıya qəfil düşmən basqını, soyqırı­mı insanları elə sarsıntılara məruz qoydu ki, bu gün hər bir xocalılının çöhrəsindən psixoloji zərbənin izlərini sezmək mümkündür. Biz dinc, əliyalın insanlar idik. Az sayda özünü müdafiə könüllüləri isə yalnız ov tüfəngləri ilə silahlan­mışdı. Həmin gecə onların, demək olar ki, ha­mısı şəhid oldu. Təsəvvür edirsiniz, ayaqyalın qadınlar, qocalar, uşaqlar xilas olmaq üçün qarlı, şaxtalı havada dağların, dərələrin arası ilə gedirdilər. Onların çoxu azdı və ya ermə­nilərin qurduğu tələyə düşdü və vəhşicəsinə gülləbaran edildi. Hələ bu azmış kimi, onların üzərində dəhşətli eksperiment aparıldı. Mən öz gözlərimin şahidiyəm. Qaçaqaçda pusquya düşən və qətl edilən həmyerlilərimi, qohumla­rımı görürdüm… 

Uşaqlığı və gələcək arzuları o şəhərdə dəfn edilmiş soydaşımızın hekayətindən mənfur düşmənin necə əzazil, faşist xislətli olduğu bi­linir. Amma Xocalı şahidi bir həqiqəti də vurğu­layır ki, bu gün Azərbaycan dövləti həmin fa­ciənin soyqırımı kimi tanıdılması istiqamətində sistemli və genişmiqyaslı iş aparır. Heydər Əli­yev Fondunun vitse-prezidenti Leyla Əliyeva­nın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Bütün bunların qanunauyğun nəticəsidir ki, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xoca­lıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. ABŞ-ın onlarca ştatının qanunverici orqanları belə faciəni qətliam kimi qiymətləndiriblər. 

Ceyhun Ələkbərovun sədrlik etdiyi ictimai birlik də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılmasında fəallıq göstərir. Bir sıra dövlətlərin faciəyə ikili standartla yanaşmasına qarşı təbliğatı davam etdirir. 

 

Anar TURAN,
“Xalq qəzeti”

Qan yaddaşı