“Ana harayı”nın matəm sükutu...

post-img

“Ana harayı” abidəsi... Lal sükut... Xocalılı anaların timsalında gənc qadın soyqırımı günündə erməni cəlladları tərəfindən öldürülmüş körpəsini qucağına alıb, düşmənin ürəyini dəlib keçən sərt baxışlarla ədalətsiz dünyaya meydan oxuyur. 

Bu gün o gündür ki, erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı mo­toatıcı alayının köməyi ilə ən ağır silahlarla Xocalıya hücum çəkib, anaların gözü qarşısında körpələr çarmıxa çəkilib, insan­ların diri-diri gözləri çıxarılıb, əlləri, ayaqları kəsilib, dərisi so­yulub, min bir işgəncə ilə qətlə yetiriliblər. 

“Ana harayı” abidəsinin önünə güllər, əklillər düzən in­sanlar 31 il əvvəl erməni faşist­lərinin törətdikləri və dünyanın ən ağır soyqırımlarından biri olan Xocalı müsibətində şəhid olanların xatirəsini dərin hüznlə yad edirlər. Nəmli gözlərdə qan­lı Xocalı müsibətinin ağrı-acısı yaşayır. 

Abidəni ziyarət edənlər ara­sında həmin gecə şəhid olmuş Milli Qəhrəman Füzuli Rüstə­movun bacısı Fiqurə xanım da var. Hər dəfə ürək ağrısı ilə bura gəldiyini deyir. Əslən Qər­bi Azərbaycandan – Dərələyəz mahalından olduğunu bildirən şəhid bacısı ata-baba yurdla­rını tərk edib Xocalıya pənah gətirdiklərini bildirdi: “Füzuli çox igid oğlan idi. Ətraf kəndlərdə belə onu tanıyırdılar. Hələ Xo­calı müsibətindən xeyli əvvəl yoldaşları ilə birgə erməni post­larını dağıtdığı üçün onu həbs etmişdilər, 4 aydan sonra şərti azadlığa buraxmışdılar. Ermə­nilər onun igidliyinə bələd idilər və üz-üzə gəlməkdən qorxurdu­lar. Hər vəchlə yenə də şərləyib tutdurmağa, yaxud öldürməyə can atırdılar. Xocalının könül­lü özünümüdafiə dəstəsinə ilk yazılanlardan biri də qardaşım olub. Həmin müdhiş gecədə yağış kimi yağan güllələrin al­tından yaralıları, uşaqları və qocaları götürmək üçün böyük qəhrəmanlıqlar göstərib. Çox insanı ölümdən xilas edib, özü isə şəhidlik zirvəsinə yüksəlib. 

Həmin gün xalam oğlu Ya­şar Məmmədov girov götürülüb, barmaqlarını kəsib, işgəncə ilə öldürüblər. Dayım Savalan Ab­basov Böyük Vətən müharibə­si iştirakçısı idi. Almanlara əsir düşmüşdü, sağ-salamat qayıt­mışdı. Amma erməni faşistləri 80 yaşlı qocanı işgəncə ilə qətlə yetiriblər”. 

O dəhşətli gecənin şahidlə­rindən daha biri – Səidə Cəfəro­va ilə söhbətləşirik. Deyir ki, onda 21 yaşı var idi: “Ermənilə­rin insanları necə qəddarlıqla öldürmələrini görəndə nitqi­miz tutulmuşdu, artıq ağlaya, qışqıra da bilmirdik. Ermənilər bir neçə yerdə bizi gülləyə tut­dular. Nə aclığı, soyuğu, nə də ayaqlarımı hiss etmirdim. Əvvəl dəstəmiz böyük idi, getdikcə seyrəlirdi. Artıq ölənlərin sayı o qədər çox idi ki... Qarqar çayını keçdikdən sonra ermənilər bizi şiddətli güllə atəşinə tutdular. Mən də kürəyimdən ağır güllə yarası aldım. Öldürülən insan­ların ağzından üstümüzə qan fışqırırdı. İnsanlar hətta ölüm­dən də qorxmamağa başlamış­dılar. Bircə ermənilərin əlinə keçməsinlər...”

Xocalı müsibətinin şahidi Sevda Məmmədovanın isə de­diyinə görə, Xocalıdan qaçanda Qaraqaya deyilən yerdə nənə­si, babası, əmisi şəhid olublar. Sevda xanım xocalıların hələ də dünyadan ədalət gözlədiklə­rini deyir: “Orada qohumlarımın əksəriyyəti erməni vəhşiliyinin qurbanı oldu. Bu faciə dillə de­yiləsi deyil. Ana donmuşdu, 8 aylıq uşağı qucağında sağ qal­mışdı. Ana var idi, kürəyində apardığı uşağı güllə yarasından ölmüşdü, o isə qaçaraq sona­can onu xilas etməyə çalışır­dı. Qucağında körpə ilə qaçan ananı balası ilə öldürdülər. Ata da şəhid oldu. Üç azyaşlı uşaq düzün üstündə imdad dilədi. Bu gün də Xocalı sakinləri dünya­dan ədalət gözləyirlər”. 

Bu gün xocalılı anaların ha­mısını belə gördüm – vüqarlı, əyilməz və sınaqlara mətanətlə sinə gərən azərbaycanlı qadı­nı... Onlar erməni faşistlərinin əməllərinin etirafı ilə qurulacaq ədalət məhkəməsini gözləyir­lər və qəti əmindirlər ki, o gün uzaqda deyil.

 

Leyla QURBANOVA





Qan yaddaşı