Terrorçuluğun maliyyələşdirilməsi ifşa edilib

post-img

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə qəzetimizə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən verilən məlumatda deyilir: 

– Müəyyən edilib ki, Mircavad Sa­lahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində “İŞİD” terror təşkila­tının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlə­rində iştirak etməklə odlu silahdan isti­fadə qaydalarına yiyələnib. Daha son­ra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlə­rinə və onların ailələrinə aylıq pul və­saitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyə­tindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilib ki, Sa­lahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respub­likasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı mü­naqişələrdə iştirak etmə), Mircəlal Sa­lahov Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənar­da silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qis­mində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam edir.

 

“Xalq qəzeti”

Son xəbərlər