Rəşadət və mərhəmət

post-img

Bunlar Azərbaycan Ordusunun şərəfli simasıdır 

Humanizm dəyərlərinə sədaqət, ondan aman diləyəni bağışlamaq və mərhəmətlə yanaşmaq Azərbaycan xalqına xas ülvi keyfiyyətlərdəndir. Bu prinsiplər xalqımızın, necə deyərlər, canında, qanında, genindədir.

Humanizm ideallarına sadiqlik Azərbaycan xalqını üzləşdiyi olmazın çətinlikləri qarşısında fərqli davranışa sövq edə bilməyib. Xalqımız tarixin bütün imtahanlarından alnıaçıq, üzüağ çıxıb.

Azərbaycan dövləti Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə bağlı məsələlərin sülh yolu ilə nizamlanması üçün 1994-cü ildən 2020-ci ilədək çox böyük səylər göstərdi. Ancaq bizim bütün xoşməramlı addımlarımız cavabsız, onlara doğru uzatdığımız barış əlimiz havada qaldı. Bu, az imiş kimi, düşmənin təxribatları səngimədi, əksinə daha da azğınlaşdı. Qarşı tərəfdən atılan təxribatçı addımlara cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin payızında döyüşə başlamağa məcbur oldu. Cəmi 44 gün davam edən döyüşlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn tələblərinə riayət edilməsi baxımından dünyada örnək sayıla bilər.

Qeyd edək ki, beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran, həmçinin silahlı münaqişələr dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların və prinsiplərin sistemidir. “Beynəlxalq humanitar hüquq” termini beynəlxalq-hüquqi leksikona Jan Pikte tərəfindən daxil edilib, nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründə tətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adətləri və sair. Beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, artıq başlamış müharibəni – onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq – müəyyən normativ çərçivəyə salmağa çalışır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:

1) Mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan “Cenevrə hüququ” həyata keçirir. “Cenevrə hüququ” termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə konvensiyalarına istinad edilərək götürülmüşdür.

2) Zorakılığın, artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi “Haaqa hüququ” adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).

Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir. Bu prinsiplər aşağıdakılardır:

–Silahlı münaqişələrin humanistləşdirilməsi (bu, əslində, beynəlxalq humanitar hüququn başlıca prinsipidir);

–döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;

–müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi;

–mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;

–hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması;

–düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi;

–neytral dövlətlərin mənafelərinin qorunması.

Müharibə dövründə Azərbaycan Ordusunun davranışı bizim hamımızın gözlərimizin önündə olub. Biz, ordumuzun həmin günlərdə bu prinsiplərə necə əməl etdiyinin canlı şahidləriyik. Əslində, buna bütün dünya şahiddir. Bu, bir faktdır ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir yaşayış məntəqəsini də hədəfə almadı. Yalnız yüksək dəqiqlikli silahlarla legitim hərbi hədəflərə zərbələr endirildi. Düşmən isə əsl terrorçulara xas davranış nümayiş etdirərək, təxribatlarından qalmayaraq raket-artilleriya sistemlərini, digər hərbi qurğuları yaşayış məntəqələrinin düz yaxınlığında yerləşdirirdi. Burada da məqsəd qəlpələrin yaşayış evlərinə, mülki obyektlərə dəyməsindən şou düzəldərək bütün dünyaya car çəkmək idi.

Ümumiyyətlə, Azərbaycan Ordusu 44 günlük müharibədə hər cür zorakılıqdan, insanlıqdan kənar hər cür davranışlardan çox uzaq idi. Ordumuz 44 gün ərzində həm qəhrəmanlıq dastanı yazdı, həm də “Əsl müharibə necə aparıla bilər” düsturunu bütün dünyaya nümayiş etdirdi. Hazırda Rusiya və Ukrayna, İsrail və HƏMAS arasında müharibə gedir. Bu müharibələr nəticəsində on minlərlə dinc insan həlak olur. Bundan da çox insan yaralanır, əlil olur, itkin düşür. Milyonlarla insan doğma ev-eşiyini tərk edərək qaçqın və məcburi köçkünə çevrilir. Bütöv şəhərlər xarabazara çevrilir, iri yaşayış məntəqələri Yer üzündən tamamilə silinir. Mülki obyektlər, neft-qaz zavodları, körpülər, xəstəxanalar, energetika infrastrukturu legitim hərbi hədəf hesab olunur. Nəhəng su bəndinə endirilən raket zərbələri onun uçmasına, milyonlarla hektar ərazini su basmasına, nəticədə yüzlərlə insanın həlak olmasına gətirib çıxarır. Eyni zamanda qadağan olunmuş kimyəvi silahlardan istifadə edilir.

Azərbaycan Ordusunun əməliyyat planlarında bu metodların heç birindən istifadə olunmayıb. Ordumuzun komandanlığı düşmənin dinc şəhərlərimizi bombalamasına baxmayaraq, Ermənistanın şəhərlərini bombardman etmək, yaxud yuxarıda sadalanan üsulların hansısa birini yaxına da buraxmayıb.

Yeri gəlmişkən, erməni millətçiləri XX əsrin əvvəlində və sonlarında xalqımıza qarşı müxtəlif şəhərlərdə, kəndlərdə qətliamlar törətdikləri kimi, mənfur əməllərini 44 günlük Vətən müharibəsi zamanı da davam etdirdilər. Terror və soyqırımını dövlət siyasətinə çevirmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutdu. Gəncə şəhərinə 5 dəfə endirilən zərbələr nəticəsində 27 insan həlak oldu, 125 nəfər yaralandı. Bərdə şəhərinə və rayonun Qarayusifli kəndinə endirilən raket zərbələri nəticəsində isə 27 nəfər həlak oldu, 80 sakin yaralandı. Onu da bildirək ki, həm Gəncəyə, həm də Bərdəyə edilən hücumlar zamanı şəhər infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər tikililərə, avtomobillərə ziyan dəydi. Ermənistanın cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərə raket hücumları nəticəsində həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da oldu. Ancaq biz Prezident, Ali Baş Komandan İlham 
Əliyevin çıxışlarında bildirdiyi kimi, qisasımızı döyüş meydanlarında aldıq.

Vətən müharibəsinin gedişi zamanı – oktyabrın 4-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərirlər. Hərbçilərimiz döyüş əməliyyatlarında iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.

Bundan başqa, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən mülki əhali və infrastrukturun hərbi qulluqçu və obyektlərdən fərqləndirilməsi həyata keçirilir, mülki əhali və infrastrukturun hərbi zərbələrdən qorunması təmin edilirdi.

Eyni zamanda qeyd edilirdi ki, Azərbaycan Ordusu tərəfindən şəraitin imkan verdiyi hallarda mülki əhalinin qabaqcadan məlumatlandırılması, həmçinin öz nəzarətində olan əhalinin düşmən zərbələrindən qorunması tədbirləri həyata keçirilir.

Azərbaycan Ordusunun hərbi qulluqçularının əsir götürülmüş erməni hərbçilərə münasibəti də örnək davranış qaydası hesab oluna bilər. Silahını könüllü yerə qoyan, ağ bayraq qaldıran erməni hərbçilərinə humanizm çərçivəsində davranılırdı. Hətta döyüşdə yaralanmış erməni əsgərlərinin yaralarını azərbaycanlı hərbçilər sarıyırdılar. İnternetdə bununla bağlı videolar var.

Vətən müharibəsindən sonra Azərbaycan öz vətəndaşı hesab etdiyi ermənilərin reinteqrasiya prosesinə başladı. Bu məqsədlə, hətta Prezidentin xüsusi nümayəndəsi ilə onların təmsilçiləri arasında bir neçə görüş də keçirildi. Ancaq sonra onlar ənənəvi yol tutmaqda davam etdilər. Ərazilərimizi minalarla çirkləndirdilər, yeni təmas xətti qurmağa çalışdılar. Dəfələrlə silahlı təxribatlar törətdilər. Nəhayət, aydın oldu ki, separatçı rejim könüllü şəkildə təslim olmaq, “ordusu”nu buraxmaq niyyətində deyil. Orada mülki əhalini girov götürmüş şəxslər camaatın reinteqrasiyasına imkan vermədilər. Bütün bunlar 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərinə gətirib çıxardı. Həmin tədbirlər zamanı da mülki əhaliyə ziyan vurulmadı, insanların qorunması üçün zəruri addımlar atıldı.

Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin 2023-cü il noyabrın 20-də İraq Prezidenti ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatdan iqtibas gətirmək yerinə düşər. Dövlətimizin başçısı bildirdi ki, bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək, öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq: “Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərindən bir örnək hesab olunmalıdır”.

Bəli, yaranmasının 106-cı ildönümünü qeyd edən Azərbaycan Ordusu bu cür şanlı, təmiz, iftixar duyulası keçmişə malikdir. Ordumuzun belə davranışı isə girişdə qeyd etdiyimiz kimi, onun, necə deyərlər, mayasının halallıqla yoğrulmasından irəli gəlir. Mayası nur, qayəsi nur olan xalqın ordusunun başqa cür davranması mümkün də deyildi.

Səxavət HƏMİD 
XQ

 

Ordu