2 əsrlik erməni xəyanətləri

post-img

Elçin Bilaloğlunun “Kim üzr istəməlidir?” kitabı bu barədədir

Elçin Bilaloğlunun “Kim üzr istəməlidir?” kitabında Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu dövrdən xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərindən günümüzə qədər olan, təqribən, iki əsrlik xronoloji çərçivədə Vətənimizin, ilk növbədə isə bilavasitə Qarabağ regionunun tarixi, zaman-zaman özünü göstərmiş erməni fitnəkarlığı və onun kökləri çoxsaylı konkret tarixi faktlarla işıqlandırılmışdır. 

Sözügedən kitabda Ermənistanın azərbaycanlı əhalinin XX əsrdə dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qalması, XX əsrin sonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə də elmi-obyektiv əksini tapmışdır. 

Kitabın “Eşitdiklərim və oxuduqlarım” adlanan I hissəsi 4 dövrə bölünmüş, 1828-1917-ci illərdə, yəni vətənimiz çar Rusiyasının tərkib hissəsi olduğu dönəmdə, çarizm dağıldıqdan sonra 1918-ci il mart soyqırımı, Şərqdə ilk müstəqil demokratik dövlət kimi tarixə düşmüş Cümhuriyyətimizin 23 aylıq mövcudluğu dövründə, habelə Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə azərbaycanlılara qarşı törədilmiş erməni vəhşilikləri, ermənilərin Rusiya imperiyası tərəfindən Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsindən sonra əzəli torpaqlarımıza qarşı irəli sürdükləri ərazi iddiaları, xalqımıza qarşı yönəltdiyi etnik təmizləmə, soyqırımı və separatizm siyasəti çoxsaylı tarixi faktlar əsasında nəzərdən keçirilmişdir.

Kitabın “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı II hissəsi isə 5 dövrə bölünmüş, 1988-ci il hadisələrindən başlayaraq həm 1988-1992-ci illərdə – aktiv hərbi əməliyyatların başlanması ərəfəsindəki (Xankəndi talanları, Quqark qətliamı, Kərkicahan qırğını, Meşəli faciəsi və s.), həm Birinci Qarabağ müharibəsi illərində, həm 1994-2020-ci illərdə nisbi atəşkəs dövründə, həm də 44 günlük Vətən müharibəsi və postmüharibə dövründəki erməni vəhşilikləri çoxsaylı elmi arqument və dəlillər, fotoşəkillər və elektron mənbələrə istinadən geniş təhlil etmiş və yeri gəldikcə, haqlı olaraq oxuculara belə bir sual ünvanlamışdır: bütün bu vəhşiliklərə, cinayətlərə görə kim üzr istəməlidir? Bu sualın cavabı sağlam düşüncəli hər bir oxucuya bəllidir. 

Son iki əsrdə dəfələrlə erməni aqressorlarının vandalizm, qəsbkarlıq və qətliam siyasətinə məruz qalmış Azərbaycan xalqı günümüzə qədər onun acı nəticələrini yaşasa da, bu faktlar hələ də beynəlxalq təşkilatlar tərəfindən lazımi hüquqi-siyasi qiymətini almamış, günahkarlar cəzalandırılmamışdır. Bu mənada, Elçin Bilaloğlunun “Kim üzr istəməlidir?” kitabının timsalında sözügedən problemin hərtərəfli və müfəssəl şəkildə araşdırılması, məsələnin mahiyyətinin çoxsaylı elmi faktlarla əsaslandırılaraq dünya ictimaiyyətinə çatdırılması son dərəcə böyük əhəmiyyət kəsb etməklə bu gün də aktualdır.

İbrahim Zeynalov, 
tarix elmləri doktoru, professor

 

Mədəniyyət